“Görək bu yol bizi haraya aparır…”


Kənan Məmmədov: "Videokameranın düyməsini basmaqla sənət yaratmaq olmaz"

Tanınmış kinooperator Kənan Məmmədov 40 ilə yaxındır daim çəkiliş meydançasındadır. Onun çəkdiyi bədii və sənədli filmlərin sayı-hesabı yoxdur. Son illərdə Kənan müəllim "Sübhün səfiri" və "Axırıncı dayanacaq" filmlərini çəkib.

M.F.Axundovun həyat və yaradıcılığından bəhs edən, böyük yazıçının 200 illiyinə həsr olunmuş "Sübhün səfiri"nin ssenaristi Anar, quruluşçu rejissoru isə Ramiz Həsənoğludur.

"Axırıncı dayanacaq" filminin quruluşçu rejissoru Fikrət Əliyevdir. Rejissor filmin ssenarisini İlqar Fəhmi ilə birgə yazıb. Filmdəki hadisələr Bilgəh qəsəbəsindəki "Qocalar evi"ndə cərəyan edir. Azərbaycanda ilk dəfədir ki, belə bir film çəkilir və "Axırıncı dayanacağ"ın yaxın zamanda geniş tamaşaçı kütləsinə təqdim olunacağı gözlənilir.

Kənan Məmmədovla söhbətimizdə həm də milli kinomuzun inkişaf mərhələlərindən danışdıq. Həmçinin görkəmli kinooperatorun rəqəmsal televiziyanın kinoya nə vəd etməsi ilə bağlı fikirlərini öyrənməyə çalışdıq. Qeyd edək ki, mayda keçirilən 67-ci Kann Film Festivalında Hollivudun məşhur rejissoru Kventin Tarantino kinematoqrafın ölməkdə olduğunu demişdi. "Rəqəmsal televiziya – kütlə televiziyasıdır. Kinematoqraf mənim üçün ölüb. Artıq əksər filmlərin 35 mm-lik lentdə göstərilməməsi o deməkdir ki, (kino uğurunda) savaş uduzulub", məşhur "Kriminal qiraət" filminin müəllifi bildirmişdi.

Kinematoqrafın gerçəkdənmi sonu çatır?

- Kənan müəllim, Azərbaycan kinosu önəmli, çətin və şərəfli bir yol keçib. İstərdim ki, söhbətimizə milli kinonun tarixindən başlayaq…

– Bildiyiniz kimi, "Azərbaycanfilm" kinostudiyasının 90 illik yubileyi, milli kinonun yaranmasının isə 116 ili tamam olur. Azərbaycan kinosunun tarixi 1898-ci ilə təsadüf edir. Bu, tarix üçün o qədər də böyük bir dövr olmasa da, kino üçün böyük bir zamanı əhatə edir. Önəmli yol dedikdə, əlbəttə ki, kinoda qazanılan uğurlar nəzərdə tutulur. Bu illər ərzində hansı uğurları əldə etmişik və qazandığımız uğurlar kinoda önəmli bir yoldurmu? Mən bu kimi məqamlara bir qədər kritik yanaşıram. Bir kinooperator kimi desəm ki, ötən illər ərzində dünya kino tarixində və ya heç olmasa tərkibində olduğumuz keçmiş SSRİ-nin kino tarixində çox böyük bir yer tutmuşuq, əlbəttə ki, yalan olar. Hətta Gürcüstan kinosu belə uğurları ilə bizdən qat-qat üstün olub. Bununla belə, Azərbaycan kinosu da önəmli sənət nümunələrinə imza atıb – biz də kino kimi təbliğat vasitəsilə sözümüzü deməyi bacarmışıq. Məhz bu baxımdan deyə bilərik ki, Azərbaycan kinosu çətin və şərəfli yol keçib. Və hələ də bu yolda addımlayırıq, görək bu yol bizi hara aparır…

– Azərbaycan kinosunu hansı mərhələlərə ayırmaq olar?

– Ümumiyyətlə, kino iki mərhələyə bölünür: səssiz və səsli.

Kinoya səsin gəlməsi böyük bir mərhələ oldu. Azərbaycan kinosunun tarixi 1898-ci ildə çəkilmiş ilk səssiz filmlərlə – fotoqraf-operator Aleksandr Mişonun çəkdiyi xronika süjetləri ilə ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi" və s.) başlayır. Bu səssiz filmlər Çaplin səviyyəsində filmlər olmasa da, informatik və sənədli xarakter daşıyırdı. Sonralar ilk səssiz bədii filmlərimiz yarandı ki, bu da kinomuz üçün böyük uğur sayılırdı. Məsələn, "Namus", "Sevil" filmləri buna misal ola bilər.

Səsli dövr kinoda yeni bir mərhələ oldu. Təxminən 1920-ci illərin ortalarında kinoda səsli dövr başlayıb. Təsəvvür edin ki, 20-25 illik inkişaf dövründən sonra kinoya səs gəlib ki, bu da çox önəmli bir məqamdır. Bəhs etdiyimiz dövrlərdə kinooperator məktəbinin rolu böyük olub. Əlisəttar Atakişiyevin kinoya gəlişi və kinooperatorluq fəaliyyətilə Azərbaycanda milli kinooperatorlar yetişib. Hətta rejissor-operatorun kinodakı fəaliyyət dövrü önəmli sənət nümunələrinin yarandığı dövr kimi də tarixə həkk olunub. Qeyd edim ki, böyük Əlisəttar Atakişiyevin kinoya gəlişi nəticəsində kənardan gəlmə operatorların qarşısı alındı. Gəlmə dedikdə, yəni, mütəxəssis olmadığına görə kənardan dəvət edirdilər. Əlisəttar Atrakişiyevin kinoya gəlişi ilə kinooperatorlar yetişdi ki, məhz bu səbəbdən də o, Azərbaycan kinooperator məktəbinin banisi hesab olunur.

– Əlisəttar Atakişyev Azərbaycan kinosuna həm də milli əhval-ruhiyyə gətirdi…

– Əlisəttar Atakişiyevdən sonra kinoya Xan Babayev, Arif Nərimanbəyov, Teyyub Axundov, Əli Hüseynov, Rasim Ocaqov, Rasim İsmayılov, Zaur Məhərrəmov, Kənan Məmmədov və başqaları gəlib. Bu, böyük bir məktəb demək idi. Onların hər birinin Azərbaycan kinosunun yaranmasında böyük rolu olub. Mən bu müsahibədə onların hər birinin adını çəkməyi vacib bildim.

Kinoda növbəti mərhələ onun rəngli dövrünün başlaması oldu.

Hollivudda rəngli filmlər xüsusi texnologiya ilə hələ II Dünya müharibəsindən əvvəl çəkilib. Ancaq Azərbaycan kinosuna rəngli filmlər bir qədər gec gəlib. Bir haşiyə çıxmaq istərdim. Rasim Ocaqovla 4 filmdə çalışmışam. O, böyük sənətkar olub, kinooperator kimi sadəcə ağ-qara film çəkib. Hətta rejissor kimi quruluş verdiyi "Tütək səsi", "Qatır Məmməd", "İstintaq" filmləri də ağ-qara çəkilmişdi.

Ancaq 1976-cı ildə şəkdiyi "Ad günü" filmi artıq rəngli idi.

– 1963-cü ildə çəkilən "Əhməd haradadır", 1965-ci ildə çəkilən "Arşın mal alan" filmləri də rəngli idi…

– Əslində həmin ərəfədə həm ağ-qara, həm də rəngli filmlər çəkilirdi. Tədricən rəngli filmlərin çəkilişinə şərait yaradıldı. Şəxsən mən 26 bədii film çəkmişəm və onların hamısı rəngli olub. Ancaq qeyd edim ki, ağ-qara filmin özünəməxsus estetikası var. Mən hesab edirəm ki, ağ-qara dövrünün ən güclü sənət nümunələri odur ki, baxdığın filmi sanki rəngli görürsən. Məsələn, Tarkovskinin çəkdiyi "Andrey Rublev" filmi məhz belə filmlərdəndir.

Azərbaycan kinosunun böyük nailiyyətlərindən biri 1945-ci ildə çəkilən "Arşın mal alan" filmidir. Bu film çox gözəl filmdir, hətta mən onu Amerikanın 30-cu illərdə çəkilən müziklləri ilə müqayisə edərdim. Moskvada təhsil aldığım illərdə Amerika müzikllərinə çox baxırdım. Düşünürəm ki, ilk dəfə çəkilən "Arşın mal alan" milli ruhlu film olsa da, onun kino estetikası dünyada qəbul olunmuş müzikllər səviyyəsindədir. Yeri gəlmişkən, 1945-ci ildə çəkilən "Arşın mal alan" filmi Heydər Əliyev Fondunun dəstəyi ilə Amerikada rəngli film olaraq rənglənib və bu çox yüksək səviyyədə alınıb – hətta rənglilik filmi daha maraqlı edib. Təsəvvür edin ki, rəqəmsal texnika o qədər inkişaf edib ki, bu da kino üçün geniş imkanlar yaradıb.

– Ağ-qara filmlərinin hamısının rəngli olmasına ehtiyac varmı?

– Bütün ağ-qara filmlər rənglənə bilər, ancaq bu güclü maliyyə tələb edir. Ancaq məsələnin başqa bir tərəfi var – ağ-qara çəkilən hər filmi "rəngləmək" istənilən effekti vermir. Məsələn, SSRİ dönəminin ən gözəl sənət nümunəsi olan Yulian Semyonovun ssenarisi əsasında Tatyana Lioznovanın quruluş verdiyi "Baharın on yeddi anı" filmi ağ-qara çəkilmişdi və artıq onu da rəngli olaraq hazırlayıblar. Bu filmin rəngli variantının bir neçə seriyasına baxdım və çox heyfsləndim. Rənglilik nə qədər yüksək səviyyədə olunsa da, hər filmə yaraşmaya bilər.

– Bəlkə, burada janr məsələsinin önəmi var. Məsələn, ağ-qara çəkilən musiqili və ya komediya filmləri rəngləndikdə maraqlı alınır, dramatik filmlərsə itirir…

– Əlbəttə ki, hər filmi kor-koranə rəngləmək olmaz. "Baharın on yeddi anı" filmi xronika üzərində qurulub. Tamaşaçı onu müharibənin xronikası kimi qəbul edir. Ancaq "Arşın mal alan" (I variant) sanki zamanı qabaqlayıb, sanki elə o dövrdə rəngli çəkilməliymiş.

Kinodakı nailiyyətlərimizdən biri də SSRİ məkanında çəkilən güclü filmlər sırasında yer alan "Uzaq sahillərdə" olub.

Film macəra bioqrafik müharibə janrında çəkilib, ağ-qaradır. Bundan başqa, müasir uslubda çəkilən, Bakı arxitekturasını qabarıq göstərən filmlər sırasında Arif Babayevin quruluşunda çəkilən "Gün keçdi" (operator Rasim İsmayılov) və "Uşaqlığın son gecəsi" (operator Zaur Məhərrəmov) dövrün uğurlarıdır.

– Arif Babayev zövqlü rejissor sayılardı…

– Bu zövqün nəticəsidir ki, müasir üslubda çəkilən hər iki filmi hələ də öz aktuallığını qoruyub saxlayır. Uğurlu filmlərimiz sırasında görkəmli rejissorumuz Hüseyn Seyidzadənin quruluş verdiyi filmlər də yer tutur. Onun quruluşunda çəkilən "O olmasın, bu olsun" filmi "Arşın mal alan"dan geri qalmır. Rejissorun sənərkarlıqla seçimi nəticəsində filmdə Azərbaycan kino və teatr tarixinin nəhəng aktyorları bir araya gəlib. Hətta filmin epizodlarında belə böyük aktyorlarımız çəkilib. Filmə çox baxmışam, və hər dəfə də sanki yeni bir məqamı kəşf edirəm. Bundan başqa, rejissorun "Yenilməz batalyon", "Dəli Kür", "Qaynana" filmləri də Azərbaycan kinosunun uğurlarındandır. Kino tariximizdə Əjdər İbrahimovun çəkdiyi filmlər də özünəməxsus yerə malikdir. Doğrudur, onun əsas işi Moskvada olub, ancaq "Azərbaycanfilm"də də bir çox uğurlu işləri olub. Onun quruluşunda çəkilən "Bir məhəlləli iki oğlan", və "Onun böyük ürəyi" filmlərini misal göstərmək olar. "Onun böyük ürəyi"nin quruluşçu operatoru Rasim Ocaqov olmuşdu. Düşünürəm ki, Rasim Ocaqovun bu filmdəki işi çox mühümdür. Rasim Ocaqovun sonrakı mərhələdə rejissor kimi quruluş verdiyi "Ad günü" və "İstintaq" filmləri, Eldar Quliyevin "Bir cənub şəhərində" filmi də kinomuzun uğurlarındandır.

– Dünya kinosunda, eləcə də Azərbaycan kinosunda yeni bir mərhələ başlayıb – rəqəmsal era…

– Mən klassik kino təhsili almışam – plyonka operatoruyam. 50-dən çox film çəkmişəm və onların da 26-sı bədii filmdir. Və 26 bədii filmin 24-nü lentə çəkmişəm. Filmi lentə çəkmək tamam başqa bir estetikadır. Əslində kino texnikaya bağlı bir sənət növüdür. Bəlkə də kino qədər texnikaya bağlı digər bir sənət növü yoxdur. Texnologiyaların inkişafı kinoya yeni bir ab-hava gətirir. Düşünürəm ki, artıq lent dövrü bitdi və təsvir daşıyıcısı kimi son illərini yaşayır. Bu da o deməkdir ki, Azərbaycan kinosu da daxil olmaqla bütün dünya kinosu artıq rəqəmsal formata keçib. Şəxsən mənim üçün bunun heç bir fərqi yoxdur. Lent olsun, ya rəqəmsal olsun – fərqi yoxdur. Ona görə ki, Moskvada təhsil aldığım illərdə, klassik sənətlə məşğul olduğum zaman ustad sənərkarlardan kinonun bütün fundamental əsaslarını mənimsəmişəm. Fundamental əsaslar dedikdə, təbii ki, işıqlandırma, kameranın hərəkəti, rakursun düzgün seçilməsi, filmə olan miqyas və perspektiv məsələləri və s. mühüm şeylərdir və hər bir operator bunları mütləq bilməlidir. Hazırda bəhs etdiyim fundamental əsasları bilməyənlər ortaya heç bir şey çıxarda bilməz. Videokameranın düyməsini basmaqla sənət yaratmaq olmaz. Yəqin belə cılızlığın nəticəsidir ki, araya-ərsəyə gətirilən seriallara baxan belə yoxdur. Tamaşaçının səviyyəli nümunələrə ehtiyacı var. Yoxsa pul qazanmaq naminə heç bir məna ifadə etməyən yarımçıq, keyfiyyətsiz işlərlə fikir söyləmək olmaz. Azərbaycan kinosu ən çətin dövrlərdə belə qazandığı uğurlarla bu günə gəlib çıxıbsa, deməli, üzərimizə daha böyük məsuliyyət düşür.

ekspress.az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>