İbrahim Salamov yoxsa Oqtay Eloğlu?

Elvir Nizamoğlu

Mingəçevir Dövlət Dram Teatrının aktyoru İbrahim Salamovun intihar etmək cəhdi ilə bağlı xəbəri gördükdən sonra ağlıma ilk olaraq C.Cabbarlının “Oqtay Eloğlu” əsəri gəldi. Düşündüm ki, yəqin İbrahim Salamov “Oqtay Eloğlu” kimi həqiqət axtarışındadır, bu dünyanın reallıqlarını qəbul edə, həzm edə bilmir, dünya və insanlar ona süni və saxta görünür. Ona görə də özünü öldürmək istəyib. Əgər aktyorumuz belə bir səbəbdən özünü öldürmüş olsaydı hər halda mövzuya biraz romantik yanaşıb uzun uzadı teatrdan yazıb, teatr aktyorlarımızın keçdiyi uzun və əziyyətli tarix yolundan danışacaqdım.  Amma xəbəri sona qədər oxuyub əsl səbəbi gördükdə təəssüf hissi yaşadım. Polislər İbrahim Salamovu qolundan tutub apararkən aktyor üsyan edib deyir: “Məni işləməyə qoymurlar, artıq bezmişəm”.

Sənət adamı azad olmalıdır. Amma azadlıq mövzusu bu yazının mövzusu deyil. “Məni işləməyə qoymurlar” ifadəsinin altında başqa fikir, başqa səbəb dayanıb. Söhbət səhnəyə qoyulan tamaşadan getmir, söhbət kiminsə ona qarşı qərəzindən və ya teatrdakı ədalətsiz idarə etmədən gedir. Teatrlarımızda nə cür tamaşaların qoyulduğunu az-çox teatra getmiş hamı bilir. Səhnəyə qoyulan bir çox əsər sırf əsərin müəllifinin  “əlinin o səhnəyə çatması” ilə bağlıdır. O cümlədən bir çox aktyorun taleyi də kimdənsə asılıdır. Əsərin keyfiyyətinin və ya aktyorun istedadının söhbətə dəxli yoxdur, bu heç kimi maraqlandırmır(ya da az maraqlandırır). Hüseynbala Mirələmovun əsərinin səhnələşdirildiyi “Gəncə qapıları” tamaşasını nəinki teatrda, heç uşaq baxçasında da səhnəyə qoymaq olmaz. Amma bizim teatrda, özü də böyük teatr ocağı olan Dram teatrında bu tamaşa səhnəyə qoyulur. Və istedadlı, əməkdar bir çox aktyorumuz iş xatirinə bu tamaşaları ifa edirlər. Sevdiyim aktyorları səhnədə bu cür rollarda, bu cür mənasız tamaşalarda görmək ürəyimi ağrıdır, onları və özümü təhqir olunmuş kimi hiss edirəm.

Aktyor olan şəxs romantik adamdır. Təbiəti belədir. Və romantik adamlar ədalətsizliyə göz yummaqda, məntiqsizliyə “hə əslində bunda da özünə görə məntiq var” deməkdə acizdirlər. Ən azından sussalar belə ürəkləri qan ağlayır, orda-burda kiməsə ürəklərini boşaldırlar. Özünü teatr binasının üstündən atmaq cəhdi çox romantik və kədərli bir hadisədir. Problemin səbəbini tam olaraq bilməsəm də, aktyoru  o binanın üstünə çıxmağa məcbur edənlərə qarşı içimdə bir nifrət toxumu əkildi. Onsuzda bir dənə də olsun azad teatr ocağımız yoxdur. Ürəyi azad teatr sevgisi ilə dolu olan aktyorlarımızın nə vaxtsa birləşib ayrı bir teatr kollektivi quracaqları günü gözləyirəm. Kimsə və ya kimlərsə özünü fəda etməlidir. Hüseyn Ərəblinski özünü bu gün üçün fəda etdi, biz isə sabah üçün etməliyik.

Hüseyn Ərəblinski cəhalətin qurbanı olmuşdu. Müasir teatr qəhrəmanı, azad teatrın yeni rəmzi ispan aktyoru Alfredo Baeza isə zərrə qədər sənətkar ruhu olmayan bir polis tərəfindən öldürülmüşdü. (Çünki sənət duyumu olan bir insan o məqamda atəş açmazdı). İbrahim Salamov özünü öldürmə cəhdi alınsaydı bəlkə də Mingəçevir Dram teatrında yeni bir mərhələ başlayacaqdı, bilmək olmaz. Amma işin kədərli tərəfi ondadır ki aktyorumuz özünü azadlıq naminə yox, ədalətslizlik ucbatından öldürmək istədi. Ürəyim ağrıyır halımıza, hər şey var amma heçnə yoxdur. Teatr var, həvəsli, yeni işlər görmək istəyən insanlar var amma demək olar ki hər şey “dar” insanların əlindədir. Söz haqqı, güc onlardadır. Bu adamlar köhnə sovet binalarına oxşayırlar. Rəngsizdirlər, solğun və darıxdırıcı görünürlər. Lifləri də işləmir, təmirə ya da dəyişdirilməyə ehtiyacları var.

Mənbə: QAFQAZINFO.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>