Əslində, hər şey indi başlayır…


Türkiyədə keçirilən prezident seçkilərində cənab Rəcəb Tayyib Ərdoğanın prezident seçiləcəyi gözlənilən idi. İlk növbədə, qeyd edim ki, türk xalqının Ərdoğana növbəti dəfə etimad göstərməsi bilavasitə onun şəxsi keyfiyyətləri, xarizmatik lider, xarakter və siyasi iradə sahibi olması ilə bağlıdır. Şübhəsiz, seçkinin nəticələrində "Cümhur İttifaqı"na daxil olan partiyaların, xüsusilə də MHP-nin verdiyi dəstəyin də müəyyən rolu olub. Bu rol isə Türkiyənin gələcəyinə vahid baxışın formalaşmasına xidmət edən, milli platformada fəaliyyət göstərən partiyaların birliyinə türk xalqının verdiyi dəyərlə bağlıdır.

Bu barədə Milli.Az-a açıqlamasında iyunun 24-də Türkiyədə keçirilmiş prezident və parlament seçkilərinin nəticələrini şərh edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, siyasi analitik Elçin Mirzəbəyli bildirib.

Onun sözlərinə görə, seçkinin nəticələrinə əsasən, Türkiyənin parlament idarə üsulundan prezident iradə üsuluna keçməsində də ciddi problem olmayacaq: "Türkiyə yeni bir dönəmə, yeni bir idarəçilik sisteminə qədəm qoyur. Qardaş ölkənin bütövlükdə siyasi sistemi dəyişir. Bu, olduqca çətin, mürəkkəb və Türkiyənin bugünkü durumu, qarşılaşdığı problemlər, regiondakı mürəkkəb geosiyasi reallıqlar müstəvisindən dəyərləndirildikdə zəruri bir prosesdir. Prezident üsul-idarəsinin tətbiqi, sadəcə, prezident seçkilərinin keçirilməsi və prezidentin kimliyinin müəyyənləşdirilməsi ilə yekunlaşmır. Proses əslində indi başlayır. Prosesin başa çatması üçün yeni hüquqi-normativ aktlar qəbul edilməlidir. Bu, faktiki olaraq Türkiyədə siyasi sistemlə bağlı olan bütün qanunvericilik aktlarının dəyişdirilməsi deməkdir. Məhz bu baxımdan, yeni üsul-idarənin tətbiqinin tərəfdarı olan partiyaların parlamentdə səs çoxluğu qazanması labüd idi. Əks təqdirdə Türkiyədə ciddi siyasi böhran yarana bilərdi. Yəni de-fakto prezident üsul-idarəsi mövcud olardı, amma parlamentdə təmsil olunan əks qüvvələr bu faktın hüquqi müstəvidə bütün sistemə daxil olmasına maneə yarada bilərdilər. İndiki halda isə prezidentlik sisteminə tam hüquqi keçid üçün heç bir maneə yoxdur və bu, Rəcəb Tayyib Ərdoğanın və müttəfiqlərinin tam qələbəsi kimi dəyərləndirilməlidir".

E.Mirzəbəyli əlavə edib ki, bu nəticələr göstərir ki, Azərbaycan-Türkiyə münasibətlərindəki inkişaf prosesi bundan sonra yüksələn xətlə davam edəcək: Azərbaycan-Türkiyə münasibətləri heç bir formal dövlətlərarası münasibətlər sisteminə, protokollara sığmayan münasibətlərdir. Və şübhəsiz ki, hər iki dövlətin eyni millətinin mövqeyi, qarşılıqlı sevgisi burada mühüm əhəmiyyət kəsb edir. Lakin tarix sübuta yetirir ki, sevgi ilə qurulan bağlar iqtisadi, siyasi, mədəni, hərbi və digər sahələrlə möhkəmləndirilməzsə, sözçülükdən o yana keçə bilməz. Bu baxımdan qardaş ölkədə hakimiyyətdə kimin olması da mühüm əhəmiyyət kesb edir. Vaxtilə qardaş ölkəyə rəhbərlik edən şəxslər Azərbaycana Kəlbəcərdən olan qaçqınları döyüş bölgəsindən çıxarmaq üçün iki mülki vertolyotu verməyə çəkinirdilər. Amma indi Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı ən yüksək mərhələyə qədəm qoyur, Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş hərbi parada Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları qatılacaq, Bakı səmasında qardaş ölkənin şahinləri süzəcək. Bütün bunlar heç şübhəsiz ki, hər iki ölkənin başında dayanan şəxslərin, liderlərin qətiyyətindən, siyasi iradəsindən, xarakter sahibi olmalarından irəli gəlir. Bu prosesin bundan sonra da yüksələn xətlə davam edəcəyinə şübhə yoxdur".

Qeyd edək ki, Milliyyətçi Hərəkat Partiyası (MHP) ilə "Cümhur İttifaqı" quran və Böyük Birlik Partiyası (BBP) tərəfindən də dəstəklənən Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan iyunun 24-də keçirilmiş seçkidə 52.5% səs toplayaraq ilk turdaca yenidən prezident seçilib. Onun əsas rəqibi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə isə 30,6%,  Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirtaş 8,3%, 2017-ci ilin payızında qurulan İyi Partiyanın namizədi Meral Akşener 7,3%, Səadət Partiyasının namizədi Temel Karamollaoğlu 0,8%, Vətən Partiyasının sədri Doğu Perinçek isə 0,2% səs toplayıb.

Bu seçkidən sonra Türkiyə parlament idarə-üsulundan prezident idarə-üsuluna keçib. Belə ki, 16 aprel 2017-ci ildə konstitusiya dəyişikliklə bağlı keçirilən referendumun nəticələrinə görə, Türkiyə prezident idarəetmə üsuluna keçir.

Parlament seçkilərində "Cümhur İttifaqı" 53,65% (AKP-42,55%, MHP-11,11% ) səslə  qalib gəlib. Müxalifət partiyalarının "Millət İttifaqı" adlı seçki bloku isə 34,1% (22,64%, İyi Parti 9,97%, Sədatə Partiyası 1,35%) səs toplaya bilib. 10%-lıq bariyeri dəf edən, heç bir blokda iştirak etməyən Xalqların Demokratik Partiyası (HDP) 11,69% səs alaraq parlamentdə təmsil olunmaq hüququ qazanıb.

İlkin İzzət
Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>