“Azərbaycan Ordusu istənilən vaxt işğal altındakı torpaqlarımızı azad etmək əzmindədir”


Azərbaycan Ordusu indi elə bir gücdə və səviyyədədir ki, işğal altında olan torpaqlarımızı hər an azad etməyə tam hazırdır.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Milli.Az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, 100 il əvvəl Milli Ordumuzun yaradılması müstəsna əhəməiyyətli tarixi hərbi-siyasi hadisə idi: "26 iyun tarixində Azərbaycan Xalq Cumhuriyyəti dövründə əsası qoyulan Milli Ordumuzun yaradılmasının 100 ili tamam olacaq. Hər bir dövlətin varlığının və müstəqilliyinin qorunmasında ordu müstəsna rol oynayır. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Xalq Cümhuriyyətində Milli Ordunun yaradılmasına başlanıb. Qısa müddət ərzində Milli Ordu Osmanlı dövlətinin Qafqaz-İslam Ordusu ilə birlikdə Bakını və Azərbaycanın işğal altında olan digər ərazilərini düşmənlərdən azad etdi".

Millət vəkili qeyd edib ki, Sovet dövründə azərbaycanlılar planlı şəkildə hərb işindən uzaqlaşdırılsalar da, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu sahədə də çox şey dəyişdi: "AXC süqut etdikdən sonra Sovet hakimiyyəti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti güllələndi. Sovet hakimiyyəti dövründə də Rusiya İmperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişmədi. Məqsəd aydın idi – azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnmək, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin hazırlanmasına bacardıqca imkan verməmək. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Azərbaycan xalqının görkəmli oğlu, dahi şəxsiyyət Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəldikdən sonra 1971-ci ilin iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail oldu. Ümumilli lider o vaxtlar azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmalarına nail oldu. C.Naxçıvanski adına Hərbi Litseyin milli zabit kadrlarının hazırlanmasında və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin milli ordumuzun formalaşmasında müstəsna rolu olub. Bu məktəblərin məzunları I Qarabağ müharibəsində misilsiz qəhrəmanlıqlar göstəriblər".

R.Əiyevin fikrincə, Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra güclü Silahlı Qüvvələrin yaranması da məhz Heydər Əliyevin adı ilə bağlıdır və hazırda ordumuz Ermənistanın işğalı altında olan torpaqları tam azad etmək əzmindədir: "Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Milli Ordunun yaradılması qarşıya qoyulan ən vacib məsələlərdən biri idi. Əsl ordu quruculuğuna yalnız 1993-cü ildə  Ümumilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra başlanıldı. Bu dövrdən etibarən ölkədəki Silahlı Qüvvələr dövlətin tam nəzarətinə keçdi. Ümumilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə qısa zaman ərzində Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi və təşəbbüs Azərbaycan Ordusunun əlinə keçdi. Azərbaycan Ordusunun Füzuli, Beyləqan, Ağdam və Tərtər istiqamətindəki uğurlu əməliyyatlarını görən və Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələrinə şahid olan düşmən cəbhədə atəşkəs rejminin tətbiq olunmasına razılıq verməyə məcbur oldu.

Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu gün rəsmi dövlət bayramı kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqəti, qayğısı və rəhbərliyi ilə son illər həyata keçirilən kompleks slahatlar  nəticəsində Azərbaycan Ordusu Qafqazın ən güclü ordusuna çevrilib, öz hərbi potensialına görə dünyanın 50 ən güclü orduları sırasına daxil olub. 2016-cı ilin aprel döyüşlərində əldə olunan misilsiz qələbə, bu ilin may ayında Naxçıvanın Şərur rayonun Ermənistanla sərhəd bölgəsində böyük strateji əhəmiyyət daşıyan əməliyyatın uğurla başa çatdırılması isə deməyə əsas verir ki, Azərbaycan Ordusu istənilən vaxt Ermənistanın işğalı altında olan torpaqlarımızı düşməndən azad etmək əzmindədir. Milli Ordumuzun yaranmasının 100 illik yubileyi münasibəti ilə Silahlı Qüvvələrimizin əsgər və zabitlərini, eləcə də bütün Azərbaycan xalqını bu bayram münasibəti ilə təbrik edir, qarşıya qoyulmuş bütün vəzifələrin yerinə yetirilməsində uğurlar arzu edirəm!"

İlkin İzzət
Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>