7 milyard barrelik ehtiyatımız nə vəd edir?

Mütəxəssisin fikrincə, mövcud potensial imkan verəcək ki, növbəti dövrlərdə neft üzrə stabil, mavi qaz üzrə artan hasilata malik olaq 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Ötən ilin sonuna Azərbaycanın təsdiq edilmiş xam neft ehtiyatları 7 milyard barrel təşkil edib. Bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) illik statistik hesabatında deyilir. 2017-ci ilin sonuna olan məlumata görə, Xəzəryanı ölkələrdən İranın təsdiqlənmiş neft ehtiyatları 155 milyard 600 milyon barrel, Rusiyanın 80 milyard barrel, Qazaxıstanın 30 milyard barrel, Türkmənistanın isə 600 milyon barrel olub. Dünyada təsdiq olunmuş neft ehtiyatlarına görə ilk sırada 302 milyard 809 milyon barrel ilə Venesuela, ikinci yerdə 266 milyard 260 milyon barrellə Səudiyyə Ərəbistanı, üçüncü sırada İran (155,6 milyard barrel), dördüncü yerdə 147 milyard 223 milyon barrel ilə İraq, beşinci sırada isə 101 milyard 500 milyon barrellə Küveyt qərarlaşıb.

Dünyada təsdiqlənmiş neft ehtiyatları ən az olan ölkə 198 milyon barrel ilə Belarusdur. Dünya üzrə təsdiq edilmiş xam neft ehtiyatları 1 trilyon 482 milyard 773 milyon barrel olub. Bu həcmin 81,9 faizi, yəni 1 trilyon 214 milyard 209 milyon barreli OPEC-ə üzv ölkələrdədir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) üzrə təsdiq olunmuş neft ehtiyatları 57 milyard 769 milyon barrel, keçmiş Sovet İttifaqı ölkələrinin ehtiyatları isə 118 milyard 886 milyon barreldir.

Azərbaycanın neft ehtiyatlarımızın həcmini optimal hesab etmək olarmı? Ümumiyyətlə, nə qədər müddətə ehtiyatlarımızın tükənmə ehtimalı var

İqtisadçı-alim Vüqar Bayramov deyir ki, Azərbaycanın enerji ehtiyatları kifayət qədərdir: "Azərbaycanın neft ehtiyatları ilə yanaşı, mavi qaz ehtiyatları var. Təkcə "Şahdəniz-2" yatağının qaz ehtiyatları 2,1 trilyon kub metrdən çoxdur. Bütövlükdə  ölkənin ehtiyatlarını nəzərə alsaq, Azərbaycanın enerji ehtiyatları kifayət qədər böyükdür. Bu kontekstdən yanaşdıqda, qeyd olunan rəqəmlər optimal rəqəm hesab olunur. Digər tərəfdən Azərbaycanın kəşf edilməyən xeyli neft yataqları var. Əslində hələ "Şahdəniz-2" yatağında neft hasilatı gözlənilirdi. Ancaq indi yatağın ikinci fazasında mavi qaz daha çox istehsal olunur. Bu yataq cənub qaz dəhlizinin yaranmasına zəmin yaratdı. Nəzərə almaq lazımdır ki, burada söhbət hələ kəşf edilməyən neft yataqlarımızdan  gedir. Ona görə də əminliklə demək olar ki,  istər mavi qaz, istərsə də neft yataqlarında kifayət qədər enerji ehtiyatımız var. Azərbaycanın illik neft hasilatı 38 milyon tondur. İllik neft və mavi qaz hasilatını nəzərə alsaq, növbəti dövrlər üçün mövcud potensial imkan verəcək ki, neft üzrə stabil, mavi qaz üzrə artan hasilata malik olacağıq. Çünki Cənub Qaz Dəhlizinin ikinci fazasının istifadəyə verilməsindən sonra qaz hasilatının  45 milyon kub metrə qədər artması nəzərdə tutulur. Bu mənada mövcud rəqəm optimal hesab olunur. "Əsrin müqaviləsi" 2050-ci ilə qədər uzadılıb. Qeyd etdiyim kimi, neft hasilatının 35-38 milyon ton intervalında qorunub saxlanılacağı gözlənilir. Mavi qaz hasilatında isə artımlar gözlənilir. Bu mənada enerji ehtiyatlarımızın  hasilatının növbəti 100 ildə də davam etdiriləcəyini demək olar".

Neft araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban bildirdi ki, Azərbaycanın neftlə bağlı hər hansı bir öhdəliyi yoxdur: "Amma qaz ixracı ilə bağlı deyə bilərəm ki, Azərbaycan 25 il müddətində 9 şirkətlə müqavilə imzalayıb. Yəni bu o deməkdir ki, Azərbaycan bu şirkətlərin hər birinə müxtəlif həcmdə qaz ixracı ilə bağlı öz üzərinə öhdəlik götürüb. Amma neftlə bağlı hər hansı bir öhdəliyimiz yoxdur. Ona görə də, hətta neft ehtiyatı tükənsə belə, hər hansı bir problemin  yaranmayacağını demək olar. OPEC-in açıqladığı həcmlər BP-nin göstərdiyi statistik rəqəmlərlə üstü-üstə düşür. Ona görə də, ehtiyatlarla bağlı həyəcan keçirməyə ehtiyac yoxdur. Azərbaycanın neft ehtiyatları eyni templə hasil edilərsə, 25 il bizə kifayət edə bilər. Ancaq digər tərəfdən, neftin hasilat həcmi getdikcə daha aşağı səviyyəyə düşür. Hər il neftin hasilat həcmində müəyyən azalmalar müşahidə edilir. Orta hesabla götürsək,  ehtiyatlarımızın 2060-cı ilə qədər bizə kifayət edəcəyi gözlənilir".

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>