İspan qadınlarla Azərbaycan qadınlarının qəribə FƏRQİ – İspaniyalı məşhurdan MARAQLI AÇIQLAMALAR

Milli.Az publika.az-a istinadən İspaniyanın ən məşhur aşpazlarından biri Enrike Frankonun müsahibəsini təqdim edir.

- Enrike, söhbətimizə dünyanın ən böyük möcüzəsi qadınlar haqda sualla başlamaq istəyirəm. İspan və Azərbaycan qadınlarını bir-birindən hansı cəhətlərə görə ayırd edirsiniz?

- Hər iki millətin qadınları gözəldir, cazibədardır. Dəblə ayaqlaşmağı, baxımlı olmağı sevirlər. Bilirsiniz də, Avropa qadınları adətən makiyaj sevmirlər, amma bizim qadınlar da azərbaycanlılar kimi bəzənmədən evdən çıxmırlarlar. Həm sizə də baxıram, zahiri bənzərliyiniz danılmazdır. Amma azərbaycanlı qadınlar ailəyə, evə daha çox bağlıdırlar. İspaniyada isə tam olaraq belə deyil. Yəni qadın da kişi kimi tam azad həyat sürür. Evdə oturub, uşağını böyütməyə məcbur deyil.

- Son zamanlar ət yeməkdən, hətta bişirməkdən soyuyuram sanki. Hətta düşünürəm ki, veqan olacağıma bir neçə ay qalıb. Ətdən imtina edən insanlara münasibətiniz necədir?

- Belə şey etməyin (gülürük). Axı yaxşıca bişmiş şirəli steykdən, yaxud tərəvəzlərlə birgə süfrəyə gələn dadlı balıqdan gözəl nə ola bilər? Sadəcə azərbaycanlılar hər gün ət xörəyi yemək istəyirlər. Hətta düşünürlər ki, ət yeməsələr, doymayacaqlar. Axı təbiət sizə bütün tərəvəzlərin, meyvələrin ən dadlısını bəxş edib. Sizin torpağınızda yetişən göyərtilərin tayı-bərabəri yoxdur. Bizdə adətən tək cəfəri istifadə olunur. Sizdə seçim o qədər zəngindir ki, bilmirsən hansından başlayasan. Hələ alçanızdan, tərxundan danışmıram. İspaniyada yeməklərin hazırlanmasında bitki yağları, xüsusən zeytun yağından istifadə olunur. Sizdə isə bir çox xörəklər kərə yağında bişir. Bu isə artıq çəki deməkdir.

- Müsahibəmizin gecikməyinə səbəb Mayamidə olmağınız idi. Yay gəlmədən istirahətə getmişdiniz?

- Ustad dərslərinə dəvət almışdım. Elə indi bəhs etdiyimiz yağ mövzusunda master-klass təşkil olunmuşdu. Bilirsiniz, hər bir yeməkdə yağın isinmək həddi olmalıdır. Yaxud bir tərəvəzi qızartmaq üçün istifadə olunan yağ digər tərəvəzdə işlənməməlidir. Yoxsa yediyinizin dadı itər. Xüsusən restoran biznesində olan insanlar bunu yaxşı bilməlidirlər. Müştəriyə keyfiyyətsiz qida təqdim etmək olmaz.

- Bəs həftədə nə qədər ət yeməliyik?

- Ən çox 4 dəfə… Üstünlüyü yalnız qırmızı ətə verməyin. Balıqla da əvəzləyin. Azərbaycanlılar ağızlarının dadını gözəl bilirlər. Qurmandırlar. Amma restorana gələndə mütləq ət yeməyi istəyirlər, üstündən də desert olmalıdır. Hər dəfə ət yeməsək də olar. Yaxud deserti ixtisar edə bilərik.

- Desertdən söz saldıq, doğrudanmı şəkər ağ ölümdür?

- Bilirsiniz, mənim əsas ixtisasım qənnadıçılıqdır. Bu yalan steriotipi qırın artıq. Təbii ki, xeyr. Amma istənilən qidada normanı aşmaq olmaz. Siz hər gün tort yesəniz, dəriniz də tez qocalacaq, elastikliyini itirəcək. İnsan özünü nəzarət altında saxlamağı bacarmalıdır. Yeməkdə ifrata varmaq estetik deyil.

- Nə vaxtdan Bakıdasınız?

- 2016-cı ildən.

- Ailəli olduğunuzu bilirəm.

- Bəli, xanımım və iki qızım Madriddə yaşayırlar.

- Yəqin darıxırsınız.

- Əlbəttə, darıxıram, amma mən uzun illərdir işimə görə İspaniyadan uzaqda yaşayıram. Argentina, Çin, Afrika, Portuqaliyada yaşayıb çalışmışam. Bu ölkələrlə bağlı o qədər işıqlı xatirələrim var ki, heç öz ölkəmi o qədər dərindən tanımıram. Amma deyə bilərəm ki, insanlarımız açıq fikirlidirlər, şəndirlər. Yəqin bilirsiniz ki, İspaniya Kataloniya, Araqon, Əndəlüs Andalusiya və s. kimi çoxsaylı muxtar birliklər ölkəsidir. Yəni onlarla mədəniyyətin, tarixin, musiqinin vəhdətidir. İspan dili dünyanın ən məşhur üçüncü dilidir. Həmçinin İspaniya dünyada ən çox zeytun yağı istehsal olunan, eləcə də Avropada yeganə banan yetişdirilən ölkədir.

Madrid böyük şəhərdir. Orada daim həyat qaynayır. Hər yerdə barlar, restoranlar və insanı haldan salan tıxaclar… Bakı bu baxımdan çox sakit şəhərdir. Özü də yalnız buna görə deyil. Kimdən istəyirsiniz soruşun, Bakı dünyanın ən təhlükəsiz şəhərlərindən birirdir. Burada gecə gəzişmək, terror qorxusu olmadan yaşamaq mümkündür. Bu rahatlığı Avropanın heç bir şəhərində tapa bilməzsiniz. Hətta etiraf edim, Madrirdə gedəndə Bakı üçün darıxıram. Bu sakitçiliyi orda tapmaq mümkün deyil.

- Azərbaycanlılar üçün paytaxtda doğulub böyümək azca da olsa, üstünlük sayılır. Siz də Madriddə doğulmusunuz. Bu fakt sizə daha çox güvən verir, yoxsa ispanlarda belə şey yoxdur? (Gülürük)

- Doğrudur, Madriddə doğulmuşam, amma yox, nə danışırsan? Bizim xalqın belə seçimi yoxdur. 18 yaşımda Amerikada təhsil almağa getdim. Biznesin təşkili ixtisasını bitirdim. Sonra geri qayıdıb, atamın şirkətində çalışmağa başladım. Nəhayət öz şirkətimi qurdum, uzun müddətdir dünyanın hər nöqtəsini gəzib, aşpaz kimi çalışıram. Etiraf edim ki, Madridlə bağlı dərin xatirələrim azdır.

- Adətən kişilər mətbəxi çox sevmirlər. Maraqlıdır, niyə aşpaz olmağa qərar verdiniz?

- Hələ 7 yaşım vardı, anama mətbəxdə böyük həvəslə kömək edirdim. Bu mənim ən çox zövq aldığm işdir. Bilirsiniz də, insan bir işdən zövq alırsa, mütləq irəli gedəcək.

- İspan mətbəxi dünyada kifayət qədər tanınmır zənnimcə…

- Əslində bu haqda uzun-uzun danışmaq olar. Əsas məsələ marketinq problemidir. Məsələn, bilirdiniz ki, ispan mətbəxi dünyanın ən qədim mətbəxlərindəndir?

- Təbii ki…

- Fransız mətbəxindən sonra ispan mətbəxi gəlir. Lakin tarixən tanıtım zəf gedib. Hətta bəzən bizim mətbəximizi Meksika yeməkləri ilə qarışıq salırlar. Ona görə şəxsən mən də qarşıma məqsəd qoymuşam ki, milli xörəklərimizi dünyaya tanıdım.

- Məsələn, ilk mərhələdə hansı yeməklərinizi dadmalıyıq?

- Çoxu düşünür ki, ən məşhur yeməyimiz Paelyadır. Amma bayaq da qeyd etdiyim kimi, İspaniyada o qədər fərqli və zəngin mətbəxlər var ki, hamısını dadmadan tam qərar vermək olmaz. Məsələn, mən sizə bir ad deyəcəm, Barselonada doğulub, böyüyən aşpaz başqa yeməyi dadmağı tövsiyə edəcək.

- Gündəlik rasionumuzu necə sıralayaq ki, sağlam və şux qalaq?

- Ümumiyyətlə, deyərdim ki, bu haqda həm ispanlar, həm də azərbaycanlılar bir az biliksizdirlər. Əslində güclü səhər yeməyi yemək lazımdır. Yuxarı qalxdıqca ensizləşən piramida formulu təsəvvür edin. Gündəlik rasionumuz da bu piramidanı xatırlatmalıdır. Səhər yeməyiniz kifayət qədər doyumlu və bol vitaminli omalıdır. Qəlyanaltını istəyinizə uyğun yeyə, yaxud imtina edə bilərsiniz. Naharda da özünüzü əsl yemək zövqündən, estetikasından məhrum etməyin. Şam yeməyində salatla kifayətlənin. Yoxsa hər axşam restoranlarda şam etməyə tələsməyin. Əsas odur ki, yediyinizi hiss edin.

- Sonda mənə məsləhət verin. Necə edim ki, bişirdiyim yemək daha dadlı alınsın? Sirlərinizi bölüşə bilərsinizmi?

- Onda yalnız səninlə bölüşüm. Əsas sirr ədviyyatlarda, xüsusən də istiotdadır. İstənilən yeməyə istiot səp və fərqi özün gör. Bir də dəqiqliklə et hər şeyi. Yemək hazırlamaq elə prosesdir ki, burada məsuliyyətli və punktual olmaq lazımdır. Əlinin altındakı ərzaqlara qarşı vicdanlı ol. Unutma, mətbəx natəmizliyi sevmir. Çalış ən təmiz şərtlər altında bişsin yeməyin. Əhvalın yoxdursa, mətbəxə girib, ərzaqları korlama. (Gülürük) Öz neqativini bişirdiyin yeməyə ötürmə, yoxsa yemək də eyni duyğuları sənə qaytaracaq.

- Çox təşəkkür edirəm. Belə pozitiv aşpazın bişirdiklərini yemək böyük şərəf olar.

- Müsahibə üçün sən sağ ol.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>