Azərbaycanla bağlı bu fikirlər Moskvada bəlli dairələrin xoşuna gəlməyəcək

"ABŞ-ın dövlət katibi Mayk Pompeo mayın 23-də Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi üzvləri qarşsısında çıxış edərkən Rusiyanın yeni "Şimal axını-2" layihəsini tənqid edib.

Bəllidir ki, adıçəkilən boru xətti ilə Rusiya qazı yeni bir istiqamətlə Avropaya çatdırılmalıdır. Rusiyaya qarşı Qərbin sanksiyalarına baxmayaraq, bu boru xəttinin çəkilişində maraqlı olan əsas Avropa dövləti Almaniyadır. Bu ölkənin kansleri Angella Merkel bugünlərdə Soçiyə gedərək Vladimir Putinlə görüşüb və haqqında danışılan layihənin icrasını da müzakirə edib. Ən maraqlısı odur ki, Mayk Pompeo "Şimal axını-2" layihəsini və Avropanın Rusiyanın qaz asılılığından artmasını tənqid edərkən köhnə qitə üçün alternativ yol göstərib: "Avropa Birliyi ölkələri başqa mənbələrə müraciət etməli, Qafqaz üzərindən qaz almalıdırlar". Heş şübhəsiz. Amerikanın dövlət katibi Qafqaz deyərkən Azərbaycan qazını və bu qazı Avropaya çatdırmağı planlaşdıran TAP boru xəttinə eyham vurub".

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Politoloqun sözlərinə görə, bu, bizim üçün yaxşıdır ki, Vaşinqton əvvəlkitək Azərbaycanın enerji resurslarının Avropaya çatdırılması layihələrini dəstəkləyir, ancaq məsələnin başqa tərəfi də var: "Pompeonun Avropaya ünvanladığı "Rusiya qazından asılılığınızı azaldın, Azərbaycan qazına diqqəti artırın" ibarəsi Moskvada bəlli dairələrin xoşuna gəlməyəcək. Bunu illərdir yazıram ki, Rusiya sözdə Azərbaycanı tərəfdaş dövlət adlandırsa da, qazımızın Avropaya çatdırılmasına müxtəlif yollarla mane olmağa çalışır.

Birincisi, çalışır ki, Rusiya qazı "Türk axını" xətti vasitəsilə daha tez Türkiyə üzərindən Cənubi Avropaya (bəllidir ki, TAP-ın da marşrutu təxminən eynidir) çatdırılsın.

İkincisi, illərdir bəzi Cənubi Avropa ölkələrində azsaylı qrupların iştirakı ilə "ekologiyanı qoruyaq" bəhanəsi ilə TAP layihəsinə qarşı etirazlar təşkil edilir. Halbuki, "ekologiyanı qoruyaq" şüarları altında "Şimal axını" layihəsinə etiraz edən qruplar haqqında eşitməmişik.

Üçüncüsü, Xəzərin statusunun müəyyənləşməsini uzadır ki, Xəzərin dibi ilə boru xətti çəkilməsin ki, Türkmənistan qazı da Azərbaycan və Türkiyə üzərindən Cənubi Avropaya çatdırılmasın.

Sonra da sual etməyək ki, nədən Rusiya Dağlıq Qarabağ müanqişəsinin ədalətli həllində maraqlı deyil? Niyə maraqlı olsun ki?" Moskvada Azərbaycana Amerikanın tərəfdaşı və qaz bazarındakı rəqibi kimi yanaşırlar. Dağlıq Qarabağ münaqişəsinin həllini də ona görə sürətləndirmirlər ki, rəqibi əsas problemindən qurtulmasın, çünki qurtulsa daha da güclənəcək, bu isə Moskvaya lazım deyil".

İlkin İzzət
Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>