Prezident İlham Əliyev: “Naxçıvan Muxtar Respublikası öz enerji tələbatının 100 faizini bərpaolunan enerji hesabına təmin edəcək”


Naxçıvan Muxtar Respublikası öz enerji tələbatının 100 faizini bərpaolunan enerji hesabına təmin edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında iştirak edən Prezident İlham Əliyev ali təhsil ocağının kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlətimizin başçısı bildirib ki, Naxçıvanda böyük infrastruktur layihələri icra edilib: "On ildən çoxdur ki, Naxçıvan Muxtar Respublikasının qazlaşdırılması ilə bağlı məsələlər öz həllini tapıb. Qazlaşdırma 100 faiz təmin edilibdir. Biz hələ Azərbaycanın ümumi qazlaşdırılmasını təqribən 93-94 faiz səviyyəsində təmin edə bilmişik, bu ilin sonuna qədər 95 faizə çatacaq. Ancaq Naxçıvan Muxtar Respublikasında artıq on ildən çoxdur ki, qazlaşdırma 100 faiz təmin edilibdir".

İlham Əliyev qeyd edib ki, elektrik enerjisi ilə bağlı məsələlər də öz həllini tapıb: "Mənim yadımdadır, 1990-cı illərin əvvəllərində atamın yanına gələrkən qaranlıq içində yaşayırdıq, biz özümüzü şam işığı ilə təmin edirdik. Ulu öndər Heydər Əliyev iş kabinetində neft lampasının işığında işləyirdi. Yəni, biz o günləri yaxşı xatırlayırıq. Bu gün elektrik enerjisi ilə bağlı bütün problemlər həll olunub. Son illərdə 8 elektrik stansiyası tikilib. Hazırda tikilməkdə olan 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyası işə düşəndən sonra Naxçıvan Muxtar Respublikası öz enerji tələbatının 100 faizini bərpaolunan enerji hesabına təmin edəcək. Bu, dünya miqyasında bəlkə də yeganə belə bir hal olacaqdır".

Dövlət başçısı deyib ki, bu gün Naxçıvan elektrik enerjisini ixrac edə bilər: "Şadam ki, o cümlədən günəş elektrik stansiyası tikilib, su elektrik stansiyaları tikilir və Naxçıvanın artan sənaye potensialını təmin edəcək güclü elektrik təsərrüfatı yaradılır. Naxçıvanın əhalisi artır, sənaye istehsalı bundan sonra da artacaq. Ona görə bu məsələyə biz daim diqqət göstərməliyik.

İçməli su layihələri uğurla icra edilir. Bu gün biz Şərur şəhərinin içməli su layihəsini rəsmi olaraq açdıq. Ondan əvvəl Naxçıvan, Şahbuz, Culfa şəhərlərinin içməli su layihələri başa çatıb. Digər şəhərlərdə işlər gedir və bütün şəhərlərin içməli su-kanalizasiya problemləri həll olunacaqdır.

Avtomobil yolları salınır. Hazırda Culfa-Ordubad avtomobil yolu salınır və bu yol şəhərlərarası yollar arasında sonuncu layihədir. Bundan əvvəl bütün digər şəhərlərarası yollar – Naxçıvan-Sədərək, Naxçıvan-Şahbuz, Naxçıvan-Culfa yolları tam təmir olunub, salınıb və istifadəyə verilib".

İlham Əliyev bildirib ki, bütün bu infrastruktur artıq Naxçıvanın güclü potensialını təmin edir: "Sosial məsələlərin həlli, tikilən xəstəxanalar, məktəblər, Olimpiya mərkəzləri, mədəniyyət ocaqları – son illər ərzində görülən bütün bu işlər, əlbəttə ki, respublikanın potensialını artırır. Naxçıvan şəhər xəstəxanası, doğum mərkəzi, müalicə-diaqnostika mərkəzi, bütün şəhərlərin mərkəzi rayon xəstəxanaları tikilib. Yəni, böyük quruculuq işləri aparılır".

Prezident vurğulayıb ki, iqtisadiyyatın real sektorunun inkişafına da böyük diqqət göstərilir: "Sənaye müəssisələri yaradılır, ixrac imkanları artır, kənd təsərrüfatı uğurla inkişaf edir. Naxçıvan özünü taxılla təmin edir. Qəbul edilmiş son qərarlar kənd təsərrüfatının inkişafına daha da böyük təkan verəcək. Bitkiçiliklə bağlı pivot suvarma sistemlərinin quraşdırılması nəzərdə tutulur. Heyvandarlıqla bağlı süni mayalanma mərkəzi yaradılır ki, potensial daha da böyük olsun".

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>