Mən ali məktəbdən kəsiləndə niyə özümü öldürmədim?

O vaxt ən böyük arzum, məqsədim ali məktəbə qəbul olmaq idi. Hər kəs – müəllimlərim, valideynlərim, bütün qohum-əqrəba məndən yüksək bal gözləyirdi. Onda onların, mənim həmin vaxt nə hiss etməyim, həmin vaxtkı sağlamlıq durumum, keçirdiyim həyəcan, gələcəkdə kim olacağım, yüksək balın həyatımda nə rol oynayacağı, türklər demiş, umurlarında belə deyildi. Amma mən mütləq yüksək bal toplamalıydım, belə lazım idi. Lazım idi, vəssalam.

Sabah imtahan olacaqdı və mən gecə yarısına kimi oturub dərs oxumuşdum. Çox vaxt olduğu kimi. Gecə yuxusuz qalanda həmişə səhərlər yuxu görürəm. Səhər 6-da telefonun zəngi çalıb məni oyadacaqdı, amma mən yuxu gördüyüm üçün oyana bilmirdim.

Yuxuda yarıtikili evin taxta milləri üstündə çox ehtiyatla addımlayırdım. Birdən taxta qırıldı və mən yıxıldım. Bu vaxt azan verildi. Yuxudakı azan səsi oyatdı məni. Oyanan kimi də dedim, deyəsən, universitetə qəbul ola bilməyəcəm. O vaxt fikrim ancaq qırılan taxtada və yıxılmağımda idi. Bu da qorxu və həyəcanımı daha da artırdı.

İmtahan vaxtının yarısını ancaq əsdim, su içdim, dərman içdim. Nəticə isə belə oldu: mən 442 balla ali məktəbə qəbul ola bilmədim. Yüksək bal toplayacağımı güman edib ancaq ona uyğun fakültələr seçib yazmışdım.

Nə isə, nə başınızı ağrıdım, arzum ürəyimdə qalmışdı və mən otağa qapanıb ancaq ağlayırdım, utanırdım, xəcalət çəkirdim. Gözləntini doğrultmamışdım. Onda məni "canın sağ olsun" deyimləri təsəlli etmirdi. Amma mən zəhmətimin bəhrəsini görməliydim, ona görə də təklif edilən fakültələr üzrə təhsil almaq istəmədim. Məhz arzuladığım yerdə oxumalı idim, içimdə belə deyirdim.

Hazırlıq müəllimlərimdən biri ilə görüşüb söhbətləşdim. Elə o söhbətdə dediyi söz o vaxt da, bu gün də əlimdən tutan bir əldir, gücdür, ümiddir: "Sənin ali məktəbə qəbul ola bilməməyinə başqa izah verə bilmirəm, demək ki, yaxşısı budur. Yəqin ki, Allah səni hansısa bir fəlakətdən belə qorumaq istəyib…"

Bu fikrə inanmaq istədim və inandım. İnamım mənə güc verdi. Heç nə olmamış kimi daha böyük həvəs və əzmlə növbəti il də ali məktəbə hazırlaşdım və baxardım, məhz arzuladığım ixtisas üzrə təhsil aldım. Diplom aldım.

Bu gün o diplom mənə çox az-az lazım olur. Çağırıldığım iş yerlərinə diplomum, demək olar ki, lazım olmur. Mən və mənim beynim, ürəyim, düşüncəm, qələmim lazım olur. Bax hər şey bu MƏN-də dayanır, SƏN-də dayanır.

Bu dünyaya, bəşəriyyətə məhz SƏN lazımsan, əziz dost, şagird, abituriyent! O vaxt mən də bir anlıq sınmışlığın nəticəsində boynumu kəndirə keçirsəydim… nə olacaqdı? Hər şeyi bir kənara qoyaq, dünyanı da, səndən yüksək bal uman valideynləri, müəllimləri, qohum-əqrəbanı da. Ən böyük itirən sən olursan, özünü öz canından, yaşamaqdan, arzularını həyata keçirməkdən məhrum edirsən. Mikayıl Müşfiq demiş, bu işıqlı dünyadan necə əl çəkirsən?

Elə bilirsiniz, bu uğursuzluğu təkcə siz yaşayırsınız, bütün şanssızlıqlar sizin başınıza gəlir, tale bircə sizin üzünüzə bağlayıb qapıları? Elə deyil. Bu, həyatın adi bir halıdır, üzüdür. Bu, sizin həyatınızın, imtahanlarınızın hələ başlanğıcıdır. Ən böyük təhsili sizə ali məktəb vermir, həyatın özü, yaşayacaqlarınız verəcək. Ona görə də bu imtahandan uğurla çıxmayanda digər imtahanlara, sınaqlara hazırlaşmağa başlayın. Nə yaşayırsınız-yaşayın, bu, dünyanın sonu deyil. Əksinə əvvəlidir. Özünüzə sona qədər yürümək şansı verin… Ən ali diplomu insan özü-özünə verir: gücü, əzmi, inamı, ümidi, mübarizəsi ilə yaşayaraq…

Bax mən indi həyatdayam, mən indi o müəllimimə minnətdaram, mən indi özüm-özümə "canım sağ olsun" deyə bilirəm, mən indi bu boyda yaşananlar içində, ağrılar, çətinliklər içində "qırılan taxtaların" şaqqıltısını yox, ancaq və ancaq azan səsini eşidirəm…

Siz də o səsi duymağa çalışın, sizin də canınız sağ olsun, ölməyin, uşaqlar, ölməyin! Lütfən…

P.S: İki gün əvvəl ali məktəbə qəbul imtahanı keçirilib və artıq üç abituriyent az bal topladığı üçün canına qıyıb.

Sevinc Fədai
Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>