Fərda Xudaverdiyev çətin günlərindən danışdı: “Çox əziyyət çəkirdim…” – FOTO

Aktyor Fərda Xudaverdiyevin Milli.Az-a müsahibəsi.

- Fərda bəy, işləriniz necə gedir?

- Şükür Allaha yaxşıdır. Deyirlər ki, Fərdanın filmləri çoxdur, əslində bu gün çəkilən filmlər çoxluq təşkil edir. Sadəcə olaraq, Fərdanın filmləri çox baxılır deyə üzdədir. Bu da bir günün içində olmayıb. O gün oturub hesablayıram, 20 ilə yaxındır ki, mən yumorla məşğulam.

- Yorulmursuz?

- İşdən zövq alırsansa, yorulmaq mümkün deyil. Adicə misal çəkim, kömək məqsədi ilə filmlərimizə aktyorlar dəvət edirik. Saat 8-9 olur, hələ məkan qurulur. Hövsələləri olmur, deyirlər ki, çıxaq gedək. Deyirəm ki, siz belə etsəniz, kinoda uğur qazana bilməyəcəksiniz. 20 il əvvəl nə çəkdiyim filmdən pul qazanmışam, nə də kənardan kimsə gətirib mənə pul verib. Bir qəpiksiz işləmişəm. Mən gedib toyda qazanmışam, onları üst-üstə yığıb film çəkmişəm. Təmiz tükənmişdim, artıq işlə bağlı qərar verib xalam oğlu ilə birlikdə Moskvaya getməli idim. Bir də gördüm ki, günəş biz tərəfə doğur. Təbii ki, hamısı əziyyətlə başa gəlib.

- Yeniyetməlik dövrünüzdə də çox əziyyət çəkdiyiniz bilirəm.

- Universitet illərində KVN yarışmalarına qatılırdıq, 700-800 uşaq içindən 2-3 nəfər qaldıq. KVN- bacarığımı göstərməyə kömək etdi. KVN-də hər insan dözmür, kimlər dözübsə, bu gün yanımızdadır. Onlardan biri də bu gün çiyin-çiyinə çalışdığım Elməddin Cəfərovdur.

- İndiyənə qədər ürəyinizcə olan komediya hansı idi? Söhbət son 4 ildən gedir…

- Birinci növbədə "Xoxan", 2-ci "Oğlan evi", 3-cü "Təhmin və Zaur", 4-cü  "Qızqaçırtma" və sonuncu "Ağ tük" komediyalarını misal göstərə bilərəm.

- Türkiyə ilə bağlı da bir işbirliyi oldu.

- Bəli, türk sənətçiləri ilə birgə "Yalnış anlama" filmində çəkildim.  Bu günlərdə Şafak Sezer ilə görüşdüm. O, məni çox axtarıb, amma mane olublar. Deyiblər ki, "onun şivəsi var", "o türkləri sevmir" və s. Sonunda yaxın bir dostumuz vasitəsilə görüşdük. Məni Türkiyəyə dəvət etdi, gedib görüşdük. İnşallah ki, yeniliklər olacaq. Onunla çəkiləcək olduğum film məni Türkiyədə 50-60 faiz tamaşaçılara tanıtdıracaq. Mən buna inanıram.

- Fərda nədən qorxur?

- Bir gün alqışların azalacağından… Əslində, bundan da qorxmuram, qorxsam, mən o pis enerjini özümə çəkmiş olaram. Tamaşaçılarım da bilsin ki, bir gün Fərda sizdən öncə, güldürə bilmədiyini bilərək geri çəkiləcək.

- Övladlarınız çəkildiyiniz seriallara, filmlərə baxır?

- İki oğlum var. Televizora baxırlar, mənə baxırlar. Deyirəm nə baxırsan mənə, ordakı da mənəm də (gülür).

- Aktyor olmaqlarını istəmirsiniz?

- Niyə istəmirəm ki? Həvəsləri hara varsa, ora da yönəlsinlər. Çünki mənim aktyor olmağımı valideynlərim istəmirdi. Anamın istəyi ilə bir başqa universiteti, atamın istəyi ilə isə digər ikinci universiteti bitirdim. Öz istəyim ilə aktyor oldum (gülür). Mən həyatımda gördüyüm çətinlikləri stend-ap olaraq danışıram, insanlar gülür. Amma o vaxt çox əziyyət çəkirdim. Kamil adında dostum var idi, onun balaca "budka"sının qabağında otururduq. Deyirdim ki, ay Allah, mənə də bir ruzi qapısı aç. Bilin ki, bu gün yaşanan bir şey, sabah üçün qurulan bünövrədir.

- İlk stend-ap-ı sizdə görmüşük. Sizdən sonra bir qrup nəsil var ki, onlar da stend-ap etdilər. Onlara münasibətiniz necədir?

- Onlar hamısı bizim dostlarımızdır. Yetər ki, gənclər bu işlərlə məşğul olsunlar. Demək ki, biz buna vəsilə olmuşuq. Kim də dəvət edibsə, konsertində olmuşam.

Əli Rəhimoğlu

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>