Övladlarını atan qadını bağışlamaq…

Ötən ilin əvvəlində rejissor Mehriban Ələkbərzadəylə görüşmüşdük. Müsahibə etmiş, sonra da diktofonu söndürüb dərdləşmişdik. Mehriban xanım ötən bir neçə ilin ağırlığının çiyinlərini incitdiyini, xırda üsyanlarla nəyisə dəyişməyin mümkün olmadığını deyirdi. Deyirdi ki, dünya və həyat kimsəylə hesablaşmadan yol gedir, bunu Don Kixotun Yel dəyirmanı ilə döyüşüylə müqayisə edirdi: "Bəs insanı nə xilas edə bilər? İş"

Sonra da "Cəza"dan söz etmişdi. Bu, həm iş, həm də elə xilas idi, içindəkilərdən xilas olmaq idi. Üç qadının – Tamara Vəliyeva, Mehriban Ələkbərzadə, Kəmalə Müzəffərin yaradıcılığı, bir qadının taleyiydi "Cəza".

Az qala bir ildən sonra o cəzalı qadını izləməyə, çoxdan ölmüş bir qadının hekayətini dinləməyə gəlmişdim. Bəs o qadının günahı nəydi, o, niyə, nəyə görə cəzalandırılmışdı?

Mehriban xanım deyir, sevmək, sevmək idi onun günahı. Sevginin özü insanı günaha aparır, günah üstünə günah gətirir.

Səhnədəki qara paltarlı qadın 15 ildir məhz bu cəzayla yaşadığını deyirdi, əgər buna yaşamaq demək mümkündürsə… Yeyib-içib, nəfəs almaq yaşamaq deyil. Sadəcə, bunun fərqinə varan var, varmayan var. Fərqinə varanda başlayır ətrafındakı hamı, hər kəs, öz balan belə boynuna keçirilən kəndir kimi səni sıxmağa, boğmağa. O qadını da heç nə ovundura bilmirdi: ev-eşiyi, cüssəli əri, uşaqları… O darıxırdı, öləziyən qəlb istəkləri, məişət qayğıları içində darıxırdı. O xoşbəxt olmaq istəyirdi, bu xoşbəxtliklə nə edəcəyini bilməsə də… Yemək bişirmək onu xoşbəxt etmirdi, o, dünyayla yenidən tanış olmaq istəyirdi. Və bu, ona baha başa gəldi. Özünün dediyi kimi, bu sonluqdan əvvəl onun vahiməsi gəlmişdi. Sevgiyə qanad açan qadan uşaqlarını, ana olduğunu unutmuşdu. Bu da cəzasız qalmamışdı…

O qadın üçün analıq dözülməz olmuşdu. Bu evdən qaçmaq istəyirdi, qəribə hisslər, çoxdan arzuladığı qəribə hisslər onu bu evdən qaçırırdı. O, artıq yuvasında deyildi. Ümidsizcəsinə, amansızcasına sevilirdi, uçmaq istəyirdi. Ancaq uçmaq… Uşaqları isə qanadlarına ilişirdi. Deyirdi, bir məndən soruşun görün, mən bu evi, bu uşaqları istəyirəmmi? Ərim mənə mətbəxi vəd edir, sevgilim isə dünyanı. Kim harda xoşbəxt olmaq istəyirsə, ora da qaçır… O, göyün yeddinci qatında idi və ordan mətbəxə enmək istəmirdi. Üsyan edirdi: siz heç fəzadan mətbəxə enməyin nə olduğunu bilirsiniz???

Ancaq fəza da aydın deyildi, qorxulu, dəhşətli idi. Mətbəxdən də dəhşətli. O isə heç nə görmür, eşitmirdi. Uçmaq, uçmaq istəyirdi. Qanadları qan içində idi, qan izi açıq-aşkar görünürdü.

Əri isə bunu görməz olmuşdu, yuvasında qan içində qıvrılan qadının hayqırışlarını duymurdu. Ona nəyin lazım olduğunu bilmirdi. O, ancaq uşaqlarını oxşayırdı, onu ancaq uşaqlarının istəkləri maraqlandırırdı. Fərqində deyildi ki, özü hardasa itib-batıb, həyat yoldaşı isə bu evdən uçub gedib…

Bu uçuş onu uçurumun kənarına gətirib-çıxarmışdı. Uçduğu adamın yanına sürünərək gəlmişdi. Amma onu dünyayla üz-üzə qoyan o sevimli nəfəs artıq yox idi. Namərdlik görmək növbəsi onda idi: "Bir macəra idi, bitdi, vəssalam".

"Namərdliyin də dərəcəsi olar da…" Amma yox idi, namərdliyin dərəcəsi yox idi. Uşaqlar da yox idi. İndi isti yuva istəyirdi, yuva da yox idi. İndi bilmişdi, övlad acısı bütün acıları üstələyəcək qədər nəhəng idi: "Uşaqlarımdan, gərək, belə asan əl çəkməyəydim…" Gec idi. İndi o övladlarının, ailəsinin, hamının, hər kəsin gözündə əxlaqsız bir qadın idi, sadəcə əxlaqsız bir qadın. Xoşbəxt olmaq istəyi, sevgi, başqa dünya axtarışı ondan hər şeyini aldı. Bir dünyada ki xoşbəxtliyin nə olduğunu, onunla nə edəcəyini bilməyəsən…

Mehriban xanım hələ tamaşanın mövzusundan bəhs edəndə belə boğazımda düyünlənmişdi demək istədiyim sözlər. Onda mənim də çiynimdə qadın olmağın ağırlığı, ürəyimdə qadın olmağın çırpınışları, yanaqlarımda qadın olmağın göz yaşı var idi. Onda məni də öz həqiqətim, başa düşülməmək, axtarışlarım boğurdu. Səhnədəki qadının boğazına keçən kəndir mənim də nəfəsim kəsirdi. Mən o qadını bütün varlığımla duyurdum, hiss edirdim, ona nəyin lazım olduğunu bilirdim. Mən o qadını başa düşürdüm. Və mən onu bağışladım. Sevgi günah olmamalı, xoşbəxt olmağı istəmək günah olmamalı… Bu dünyada hamı eyni cür hiss edə bilməz, hamı eyni cür sevə bilməz, hamı eyni cür xoşbəxt ola bilməz… Mən o qadını həm də ona görə bağışladım ki, o tək idi, onun üsyanı təkadamlıq üsyan idi, onun səsini bu dünyada bircə adam da eşitmədi. O boyda hayqırışını nə yuvasındakı adam eşitdi, nə sevdiyi, sevişdiyi adam. Nə anası duydu onu, nə övladları… Onun qanadlarının yarasını sağaltmaq istəyən olmadı. Nə istəyirdi ki, o? Sevgi, ancaq sevgi…

Yəqin ki, o qadını duyan, onu anlayan, onu bağışlayan tək mən deyildim. Və üç qadının qələbəsi həm də bu idi: Daşlamağın bu qədər asan olduğu bir dünyada, cəmiyyətdə qanadı qırılmış, bu dünyadan nakam köçən, qəbirdə belə rahatlıq tapmayan bir qadını bağışlatmaq… Onlar təkadamlıq üsyanı monotamaşada çoxadamlıq üsyana çevirə bildilər. Bax bu üç qadının üsyanı xırda üsyan deyildi və o, nəyisə dəyişə bildi. 

Kişi tamaşaçılar belə bağışladı o qadını, onlar da düşünməyə başladı: Demək, bizim də qadınlarımız… Hə, sizin də qadınlarınız…

Sevinc Fədai
Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>