Sufizmi seçən avropalılar

İspaniya bir çox Şimali afrikalı miqranta qucaq açsa da, İslamı, xüsusilə də sufizmi qəbul edən ispanlar çox azdır.

"Mənim adım," baş örtüyündən səndəllərinə qədər çəhrayı və bənövşəyi tonlardan geyinmiş qadın deyir, "Bahiadır. Ərəb dilində mənası isə 'gözəllik və şəfqət dənizi' deməkdir. Məktəbimə xoş gəlmisiniz."

Çaylar süzüldü, şirniyyatlar düzüldü və biz, onun kiçik Montessori məktəbinin arxa bağçasında yaşı 100 ildən artıq olan zeytun ağaclarının kölgəsində əyləşərək sufizm – İslamın mistik qolu haqqında söhbət etməyə başladıq.

Amma bura bir müsəlman ölkəsi deyil – biz katolik İspaniyasının cənubunda idik.

Qranadadan 60 km cənub-şərqdə yerləşən Orgiva, dağlıq Alpujarra regionunun bir hissəsidir və qeyri-adi bir yerdir. Bu şəhərciyin əhalisinin sayı 6000-dən azdır. Bununla belə, 68 müxtəlif xalqın nümayəndələri, O Sel Ling adlı buddist icma və Göy Qurşağı adamlarına (qeyri-zorakılıq və bərabərlik prinsiplərinə sadiq bir qrup) məxsus Beneficio adlı çadır düşərgəsinin evidir.

Orgiva, İspanyaOrgiva dağlıq Alpujarra regionunun bir hissəsidir

Mənim Orgivaya səfərimin məqsədi isə buradakı ən böyük mədəni icma ilə tanış olmaq idi: katoliklikdən sufizmə keçən və burada məskən salan 35 ailə.

İspaniya bir çox Şimali afrikalı miqranta qucaq açsa da, İslamı, xüsusilə də sufizmi qəbul edən ispanlar çox azdır. Mən bilmək istəyirdim ki, onları dinlərini dəyişməyə həvəsləndirən nə olub və niyə Andalusiyanın bu ucqar ərazisində yaşamağı seçiblər.

Orgivadan 320 km qərbdə yerləşən Sevilyada doğulan Bahianın əvvəlki adı Maria Jose Villa Cascos olub. O, hüquq fakültəsi məzunudur və Madriddə hüquqşünas kimi çalışıb.

"Düzgün həyat tərzi axtarışına mən hələ Sevilyada Katolik kollecində oxuyarkən başlamışdım," o deyir.

"Uzun illər oxuyub, araşdırıb, sual edib və sınaqlar keçirdikdən sonra, sufizm fəlsəfəsi və təlimi ilə rastlaşdım. Məni dinimi dəyişməyə həvəsləndirən sufizmin aşıladığı həyat tərzi, tolerantlıq, insanlığa qarşı şərtsiz sevgi və qəddarlığın tamamilə qeyri-məqbul sayılması oldu. Biz həyatın sadəliyinə köklənir, mənəviyyatı maddiyyatdan üstün tuturuq. Vəkillikdən uşaq müəlliməsinə çevrilməyimin səbəblərindən biri də budur."

Orgiva, İspanyaOrgiva, Dağlar katoliklikdən sufizmə keçən 35 ailənin evidir

O izah edir ki, 1970-ci ildə cəmiyyətinin əmiri təyin olunan Umar, sufizmə keçməmişdən qabaq da Orgivada yaşayıb. Məktəb müdirəliyi elanını eşidən Bahia kimi illər ərzində dinini dəyişən digər insanlar da buraya köçüblər.

Amma Orgiva sufiləri tərki-dünya deyillər. Onlar mobil telefonlar, internet və Instagram-dan istifadə edirlər. Montessori məktəbini idarə edən Bahia və elektrik cihazları dükanı sahibi əri kimi onların biznesləri də var. Bəziləri isə ferma saxlayır və məhsullarını satırlar. Lakin həyatlarını inancları idarə edir.

Onları fərqli göstərən isə seçilən geyimləridir: kişilər enli şalvar və köynəklər geyinir və qadınlar uzunqol köynəklər, dabana çatan ətəklər geyir və baş örtüyü atırlar.

İspaniyada terror hücumları təhlükəsi və bəzi insanların İslamı cihadçılarla bağlaması və radikallığı nəzərə alıb, onlara qarşı münasibəti sual etdim.

"Orgivada heç kim bizə qəribə yanaşmır, çünki böyük icmamız var. Başqa yerlərdə ola bilsin ki, insanlar gözlərini mənim geyimimə diksinlər, amma…" o çiyinlərini çəkir.

Orgiva, İspanyaKişilər şalvar üstündən buraxılmış köynək, qadınlar başı örtən yaylıq və uzunqollu libas geyinirlər.

Bahia narahat baxışlar və pıçıltılı şərhlərə diqqət ayırmaqdansa, tolerantlıq, sevgi və anlayış nümayiş etdirməyi üstün tutur.

"Yaşadığımız çətin dövrdə insanlar İslam haqqında dar düşüncəyə malikdirlər. Bombalar və terror hücumları ana xəbərə çevrilir, xoş niyyəti isə yox. Bu mütənasibsizlik insanlara göstərilməlidir ki, onlar İslamı, ələlxüsus sülh və həyat dənizini üzmək üçün yol açan Allaha bağlılığı aşılayan sufizmi anlaya bilsinlər," o söyləyir.

Daha çox məlumat üçün mən əvvəllər Pedro Barrio indi isə Qasım adı ilə tanınan başqa bir sufinin Baraka Çay Evi və Restoranına yollandım. Əslən bir katolik ailəsindən olan Qasım bilbaoludur və orada da ailə restoranını idarə edirmiş. O da gənc yaşlarından mənəvi istiqamət axtarışında olub.

Orgiva, İspanyaBaraka həm turistlər, həm də müxtəlif ideologiya və dinlərə mənsub yerlilərin yığışdığı görüş yeridir

"Mən bir çox şeyləri sınamışam," o deyir.

"Bir müddət buddizmi də yoxladım, sonra isə şamanlığı sınaqdan keçirdim. Hətta psixoterapiya və nəfəsalma texnikası olan vivasiyanı da yoxlamışdım.

"Bir dostum vasitəsilə sufizm haqqında öyrəndim. Sufizmin aşıladığı dəyərlər və İslamda İsanın peyğəmbər kimi qəbul olunduğunu öyrənəndə sanki evimi tapdım. Hər şey mənə tanış idi və istədiyim inanc da elə bu idi. Buna görə də dinimi dəyişmək qərarına gəldim. O, mənə rahatlıq bəxş edir və həyatımı mənalı edir."

"Ailəniz bu qərarınıza necə münasibət bildirdi?" mən soruşuram.

"Bir o qədər də yaxşı olmadı. Anam daha anlayışla qarşıladı, atam isə əsəbiləşdi. Restoranımız ilə bağlı da problemim oldu. Məsciddə namaz qılır, sonra isə restoranda müştərilər üçün şərab süzüb, donuz əti kəsməli olurdum. Belə davam gətirə bilməzdim," o deyir.

"Tale özü dadıma çatdı. Orgivada yaşayan bir sufi tanışım kiçik İslam restoranı açmaq istəyirdi, amma pulu yox idi. O, maddi imkanım olduğuna görə mənimlə əlaqə saxladı və əvvəlcə partynor kimi işə başlasam da, artıq buranın tək sahibiyəm."

Baraka sufilər, turistlər və yerlilərin tez-tez baş çəkdiyi məkandır və burada içki və donuz əti verilmir. Amma vegetarian restoran da deyil. Hər şey evdə hazırlanır və orqanikdir. Mən Mərakeş üsulu toyuq tagin və üzəri krem vurulan xurmalı-darçınlı tort sifariş etdim.

tajinMüsəlmanlar donuz əti yemirlər, amma başqa ətləri yeyə bilərlər

Barakanın terrasında oturmaq mənə müxtəlif millətlər, ideologiyalar və dinlərdən olan insanların necə mehriban və dinc şəkildə münasibət qurduğunu göstərdi. Hörüklü saçlar və hicablar – arada narıncı rəngli buddist rahib örtüyü də gördüm – bir-birinə qarışmışdı. İngilis, fransız, alman, ərəb və arabir ispanca sözlər eşitdim.

"Ərəbcə bilirsinizmi?" mən soruşdum.

"Yox," Qasım gülümsədi.

"Biz namazı ərəbcə qılırıq, amma ərəb dili biliyim elə bu qədərdir."

Son dərəcə məşğul olmasına baxmayaraq, Qasım məni dərgaha (ibadətgah) apardı. Burada cümə axşamı gecələri Allahın tərifi ilə müşayiət olunan zikr və meditasiya sayılan hadra baş tutur. Müqəddəs cümə günü isə namazlar daha uzun olur və icma üzvləri birlikdə yemək yeyirlər.

Qəsəbədən 2 km kənarda, zeytun və naringi ağacları arasında gizlənən dərgah sadə bir yerdir. Kiçik namaz otağı, mətbəx və buraya uzaqdan baş çəkən sufilər üçün üç qonaq otağı var. Uşaqlar qaçışır, qadınlar isə qonaqlar üçün yemək hazırlayırdılar.

Sufistlerİslamda cümə günü həftənin müqəddəs günü hesab olunur

"Bu qonaqlar dünyanın başqa ölkələrindəki müsəlman icmalarına səyahətlər təşkil edən Halal Turizm vasitəsilə Mərakeş və digər müsəlman ölkələrindən təşrif buyurublar. Bu, getdikcə populyarlaşır," Qasım izah edir.

O, Bahianın müsəlman olmayan cəmiyyətlərə sülh, sevgi və anlayış mesajinı yaymaq fikri ilə razıdır.

"İnandığımız dinə uyğun yaşamaqdan əlavə, biz sizin kimi qonaqları qəbul etməyi xoş qarşılayırıq ki, siz də dünyaya bizim haqqımızda məlumat verəsiniz," o dedi.

Mənə yaxşı yol arzulamamışdan qabaq o əlavə etdi, "Bəlkə də bir gün hamımız əmin-amanlıq içində yaşayacağıq, inşallah."

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>