Bakıda “Xalçalar və əfsanələr. Çin təqvimi üzrə Yeni il” sərgisinin açılışı olacaq

Fevralın 14-də saat 19:00-da Azərbaycan Xalça Muzeyində "Xalçalar və əfsanələr. Çin təqvimi üzrə Yeni il" sərgisinin açılışı olacaq. Sərgi Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi ilə birgə təşkil olunur. Tədbirdə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Vey Cinq Xua başda olmaqla, səfirliyin əməkdaşları da iştirak edəcəklər.

Azərbaycan Xalça Muzeyinin yeni "Xalçalar və əfsanələr" layihəsi "Çin təqvimi üzrə Yeni il" sərgisindən start götürür. Çin təqviminə əsasən, 2018-ci ilin fevralında İt ili qədəm qoyur. Buna görə də, sözügedən layihə çərçivəsində təşkil olunan sərgi bu heyvanın təsvir olunduğu eksponatları birləşdirir. Sərgidə təqdim olunmuş xalçaların bir neçəsi muzeyin fondundan ilk dəfədir ki çıxarılır.

İt təsvirləri dünya incəsənətinin ənənəvi elementlərindəndir, onların məna yükü isə müxtəlif dövrlərdə və bir çox xalqların incəsənətində totemdən sırf məişətə qədər dəyişir. Xüsusilə, qədim Çin incəsənətində bu, səma qoruyucuları sayılan mifoloji şirə bənzər Fu itlərinin xalçalarda, rəngkarlıqda təsvirlərindən və Huayan ənənəvi sənəti – müasir saxsı itlərin hazırlanmasına qədər obrazların geniş spektrini əhatə edir.

Azərbaycan xalçalarında da itlərin təsviri nadir hal deyil. Layihə çərçivəsində keçirilən sərgidə tamaşaçılara Azərbaycan Xalça Muzeyinin kolleksiyasından olan, XIX əsrin sonları – XX əsrin əvvəllərini əhatə edən, kompozisiya və ornamentlərində it təsvirləri olan onlarla Şirvan, Qarabağ, Qazax xalçaları təqdim olunur. Ekspozisiya iki hissədən ibarətdir: birinci hissədə təqdim olunmuş xalçalarda itlərin realistik təsvirləri, digər hissəsindəki xalçalarda isə şifrələnmiş, simvolik təsvirləri verilir. 

İtlərin stilizə olunmuş və hətta fraqmentar təsvirlərinə Azərbaycanın "Mərəzə", "Qazax", "Şirvan" xalçalarında rast gəlinir. Bu tip xalçalarda "it" işarələri qədim, ilk növbədə totem məna daşıya bilər.

Azərbaycan Xalça Muzeyində "Xalçalar və əfsanələr. Çin təqvimi üzrə Yeni il" sərgisi fevral ayının 28-nə qədər davam edəcək.

Ətraflı məlumat:
www.azcarpetmuseum.az
www.facebook.com/AzerbaycanXalcaMuzeyi/

Tel:(+99412) 497 20 16

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>