Rusiyanın dövlət trolları 126 milyon amerikalıya troll göndəriblər

Twitter etiraf edib ki, 2016-cı ilin ABŞ prezident seçkisi barədə materialların avtomatlaşdırılmış qaydada göndərilməsi üçün Rusiyaya bağlı 50 min hesabdan istifadə edilib. Bundan əvvəl Rusiyaya bağlı hesabların sayının qat-qat az olduğu düşünülürdü.

Bu tapıntını öz saytında ötən cümə günü elan etmiş sosial şəbəkə bildirib ki, bu hesablardan göndərilən materiallar ABŞ-da azı 677 min 775 nəfərə çatıb. Twitter bu adamlara email-lə xəbərdarlıq göndərib.

Twitter bildirib ki, sözü gedən Rusiya mənşəli 50,258 hesab bağlanıb və onların detalları seçki kampaniyasına Rusiyanın müdaxiləsini araşdıran Konqres komitəsinə təqdim olunub.

Şirkət bunu da bildirir ki, Rusiya hesabları Tvitterdən istifadə edənlərin çox cüzi bir hissəsini təşkil edir.

"Buna baxmayaraq hər hansı belə fəaliyyət demokratik cəmiyyətlər üçün problemlər yaradır və biz bunun qarşısını almaq məqsədilə işimizi gələcəkdə də davam edirəcəyik" – deyilir Twitter-in bəyanatında.

Twitter və Facebook öz şəbəkələrində Amerika siyasəti və siyasi sistemi barədə dezinformasiyaların göndərilməsinə yol verdiklərinə görə ABŞ millət vəkillərinin kəskin tənqidi ilə üzləşib.

ABŞ kəşfiyyatının gəldiyi nəticəyə görə Rusiya hökuməti Amerika seçkisinə müdaxilə məqsədilə müxtəlif vasitələrdən, o cümlədən sosial platformalardan istifadə edib. Kəşfiyyat bunu da bildirib ki, bu müdaxilədən məqsəd seçkidə Donald Trump-ın qələbəsinə yardım etmək olub.

Twitter ötən cümə günü bunu da bildirib ki, aşkar edilmiş 3800 hesab birbaşa Rusiyadakı dövlət strukturlarına bağlı olub. Məlumatda tvitlərdən nümunələr də göstərilib.

Rusiyanın dövlət hesablarından birinin postları Trump-ın böyük oğlu Donald və hazırda Ağ Evdə onun baş köməkçilərindən olan Kellyanne Conway də daxil baş müavirlərə retvit edilib.

Şirkətin cümə günü verdiyi yeni açıqlamalar Rusiya dövlət qurumlarının və avtomatlaşdırılmış hesabların (botların) necə də böyük miqyasda işlədiyini göstərir.

Twitter bundan əvvəl, ötən oktyabrda Konqresə bildirmişdi ki, ABŞ seçkisi barədə materiallar Rusiyaya aid 36,746 hesabdan göndərilib. Onların arasında dövlət əməliyyatçılarına aid 2752 hesab vardı. Halbuki bir ay əvvəl, sentyabr ayında dövlətə bağlı hesabların sayı 201 olmuşdu.

Həmin vaxt şirkətin baş direktorlarından birinin Senatın kəşfiyyat komitəsinə verdiyi ifadə, komitədəki vəzifəli demokrat Mark Warner tərəfindən "hər səviyyədə qeyri-adekvat" kimi qiymətləndirilmişdi.

Facebook-un verdiyi məlumata görə isə Rusiya tərəfindən onun platformasında 2016-cı ilin seçki kampaniyası dövründə göndərilmiş materaillar 126 milyon amerikalıya çatıb.

Cümə günü verdiyi məlumatda Twitter buna da aydınlıq gətirib ki, onun aşkar etdiyi hesablardan 3814-ü Rusiyadakı İnternet Tədqiqatları Agentliyindən (İTA) qaynaqlanıb. Rusiya hökumətinə bağlı olan bu mərkəz Qərb mətbuatında artıq "troll fabriki" adını qazanıb.

Twitter bildirib ki, İTA ABŞ seçki kampaniyası dövründə 175,993 tvit göndərib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>