Bakıda heç kimin kəlmə kəsmədiyi yeganə məkanda MARAQLI SÖHBƏT: “Hamı getdi, bir mən qaldım”

Pantomimanın yaranma tarixi qədim dövrlərə getsə də, Azərbaycan üçün bu sənət növünün hələ yeni olduğunu demək olar.

Artıq ölkəmizdə Pantomima Teatrının yaranmasından təxminən 30 il keçir. Bu müddət ərzində teatr məqsədinə çatdımı? Azərbaycan insanına nəzərdə tutduğu ismarışları ötürə bildimi? Hazırda tamaşaçı sarıdan qıtlıq çəkirlərmi?

Bu kimi suallara cavab tapmaq üçün Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyevlə söhbətləşdik:

- Elman bəy, sizcə, insanlıq pantomima teatrını niyə yaratdı? Nə üçün buna ehtiyac yarandı?

- Bu sualın cavabını tapmaq üçün insanı uşaqlıq dönəmindən analiz etməyə başlamaq lazımdır. Uşaqlığımızda niyə nadinc oluruq, dəcəllik edirik? Çünki daim hərəkət etmək istəyirik. Məsələn, məktəb vaxtı zəng vurulanda, tənəffüs zamanı nə baş verirdi? Hərəkət! Biz tez hərəkət etməyə başlayırdıq, yerimizdən qalxırdıq, sinifdən çıxırdıq. Pantomimaya ehtiyacın səbəbi də bu olub: hərəkət! Biz həmişə hərəkət etməyə, qaçmağa meyl edirik. İnsanların pantomimaya marağı belə yaranıb. Bəzən hərəkət bizim üçün sözdən daha vacib olur. İstəyirlər ki, "səni sevirəm", "sənə nifrət edirəm"i və bütün digər hissləri sözlə yox, hərəkətlə görələr.

- Bəs Azərbaycanda Pantomima Teatrının rüşeymləri necə yarandı?

- Teatr 1994-cü ildə qurulsa da, bünövrəsi daha əvvəl qoyulmuşdu. 1988-ci ildə, mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbəykən, müəllimimiz, indi teatrın baş rejissoru olan, xalq artist Bəxtiyar Xanızadə tələbələri toplayıb belə bir teatr yaratmaq istədiyini dedi. O tələbələrin içində hamımızın çox yaxşı tanıdığı Rövşən İsax, Siyavuş Hüseynli, Əsəd İsmayılov da var idi.

- Teatr 1994-cü ildə quruldu və siz teatrın ilk aktyorlarından idiniz. Maraqlıdır, o vaxt pantomima bizim insanlar tərəfindən necə qarşılandı, reaksiyalar necə oldu?

- İlk dəfə tamaşaçı qarşısına çıxanda, söz yox, incəsənəti anlayanlar bu teatrın çox qeyri-adi və gözəl olduğunu dedilər. Adi insanlar dedi ki, "Bu kimə lazımdır!? Danışa bilirsiniz danışın, niyə əl-qolla özünüzü öldürürsünüz!? Amma biz bunların hamısını gözləyirdik. Hətta, teatr təzə yarananda demişdilər ki, eksperiment kimi lal-karların qarşısında çıxış edin, sizi anlasalar, deməli, hə, teatrınız nəsə bir məqsədə qulluq edir. Biz də bu eksperimenti etdik və həmin lal-kar insanların reaksiyalarından da məlum oldu ki, işimiz uğurlu alınır. Daha sonra biz bu eksperimenti layihəyə çevirdik, indi də fiziki qüsurlu insanlar üçün tamaşalar edirik, daimi tamaşaçılarımızın arasında da bu insanların sayının çox olması bizi sevindirir. Pantomimanın gözəlliyi və özəlliyi də budur: dil sərhədinin olmaması.

- İlk tamaşanız, ilk rolunuz yadınızdadırmı?

- Teatrda oynadığım rolların sayı-hesabı yoxdur. Mənə uğur gətirən rollardan biri hazırda da teatrımızın repertuarında olan, Bəxtiyar Xanızadənin özünün qələmə aldığı "Nağaraçılar" tamaşasında idi. Biz onu 1989-cu ildə hazırlamışdıq. Az qalır ki, 30 il olsun. O tamaşada oynadığım rolu ilk gündən bu günə kimi oynayıram. Düzdür, orda aktyor dəyişiklikləri çox oldu. Gələn gəldi, gedən getdi. Hamı getdi, bir məndən başqa. Bu sənət belədi ki, insandır… Özünü başqa yerdə sınamaq istəyir və hamı üçün yol açıqdı. Bu tamaşa doğrudan da bizə çox populyarlıq gətirdi. Hətta "Nağaraçılar"ı Hollandiyanın Amsterdam şəhərində oynayanda, bizi ora dəvət edən Maykl Kamp dedi ki, bu sizin tamaşalarınızın brilyant nömrəsidir.

- İlk vaxtlar səhnədə keçirdiyiniz hisslərlə indiki hisslər arasında fərq varmı?

- Maraqlı sualdır. Cavabını belə verim: o aktyor ki, səhnəyə çıxanda ilk günkü kimi həyəcanlanmır, ona normal baxmıram. Çünki aktyor daim o ilkinliyi yaşamalıdır. Mən bu hissi həmişə qoruyub saxlayıram. Ustadımız Bəxtiyar Xanızadədən də belə öyrənmişik.

- Söhbətimiz elə bir məcraya gəldi ki, incəsənətin bütün sahələrində aktual olan bir sualı verməliyəm. Sizcə, aktyorun təhsili önəmlidirmi?

- Təhsil, əlbəttə, lazımdır Hətta, mən deyərdim ki, mütləqdir. Aktyor hərtərəfli inkişaf etməlidir.Təhsil də olmalıdır, istedad da. Ən azından bu sənətin əlifbasını bilməlidir.

- Pantomim Teatrının müsbət cəhətlərindən danışdıq, bəs mənfi cəhətləri varmı?

- Mənfi cəhətləri deməzdim, amma çətin cəhətləri var. Məsələn, başqa teatrlar bir tamaşanı 1-2 aya hazırladığı halda, bizdə bir tamaşanın ərsəyə gəlməsi üçün 6-7 ay, bəzən 1-2 il lazım olur. Çünki bədən dilinin bütün nüanslarını işləyib hazırlamaq lazımdır. Fiziki cəhətdən daim hazır olmalısan, daim iş görməlisən və formada qalmalısan…

- Tamaşaçının sizi anladığına necə əmin olursunuz? Heç olubmu ki, tamaşanı oynamısınız, amma hiss etmisiniz ki, izləyici sizi anlamadı?

- Bu bizə tamaşaçının verdiyi reaksiyadan bəlli olur. Məsələn, biz səhnədə olanda olub ki, tamaşaçıdan bizə müsbət enerji gəlib. Bəzən də olub ki, tamaşaçı bizə heç bir enerji verməyib. Ötürdüyümüz informasiyanı qavramayıblar. Hamı yox, sadəcə 4-5 nəfər də olsa, qavramayıbsa, bunu hiss etmişik. Tamaşaçının qavraması üçün diqqətlə hər hərəkəti izləməsi lazımdır. Fikir telefona gedəndə, bir sağa, bir sola baxanda artıq diqqəti yayınır və səhnədəki hərəkəti görmür. Bu zaman tamaşaçı ilə aramızda qopuqluq yaranır və o bizi anlamır.

- Maraqlıdır, bu sənət sizin şəxsi həyatınıza necəsə yansıyır?

- Əlbəttə… Uşaqlarım balaca olanda bir reaksiyamdan başa düşürdülər ki, nə istəyirəm. Hətta atam və anamla oturanda anamın üzünə baxıb, "de görüm, nə demək istəyirsən?" dediyim olub. Dostlarımla da belə oyunlar çox oynamışam.

- İndiki teatrların fəaliyyəti sizi qane edirmi?

- Son illər teatrlarda canlanma var. Məni də qane edir. Yavaş-yavaş insanların teatra axını başlayıb. Çünki 3D-dən, 4D-dən yorulmağa başlayıblar. İndi hər teatr öz izləyici kütləsini yığa bilir. Bu da çox sevindiricidir.

- Çox vaxt belə bir bənzətmə olur ki, həyat özü bir səhnədir, insanlar da aktyor… Siz gerçək həyatda hansı rolu canlandırdığınızı düşünürsünüz?

- Bunu dostlarımdan soruşsanız, deyərlər ki, optimist rol canlandırıb. Optimist insanam, düşdüyüm hər vəziyyətdən çıxmağı bacarıram. Həyata real baxan biriyəm. Bunu tez-tez ətrafımdakılardan eşidirəm və çalışıram ki, rolumu yüksək səviyyədə oynayım. Əslində oynamıram, yaşadığım həyat bu rola uyğun gəlir və bundan həzz alıram. (publika.az)

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>