Bütün il boyu aktual olan turizm növü

Ekspertlər işgüzar turizm üçün Azərbaycanın əlverişli ölkə olduğunu bildirirlər 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Rusiyanın "Aeroklub" şirkətlər qrupunun 2017-ci il üçün müəyyən etdiyi işgüzar turizm (MİCE) bazarının liderləri siyahısında Azərbaycanın adının da yer alması, ölkəmizdə turizm sektorunun inkişafının göstəricilərindən biri kimi dəyərləndirmək olar. Belə ki, Azərbaycan rusiyalıların yaxın xarici ölkələr arasında biznes məqsədilə ən çox səfər etdiyi 5 ölkə siyahısına daxil edilib. Tədqiqatın nəticələrinə görə, 2017-ci ildə rusiyalılar biznes səfərləri üçün Qazaxıstan, Özbəkistan, Gürcüstan, Belarus və Azərbaycanı seçiblər. Son bir neçə il ərzində Gürcüstan ilk dəfə olaraq lider üçlüyə daxil olub. Rusiyadan bu ölkəyə biznes-uçuşların sayı 2,5 dəfə artıb. Ukrayna siyahıda 6-cı mövqeyə enib. İki ölkə arasında birbaşa aviareyslər ləğv edildiyindən, rusiyalı iş adamlarının 70 faizi Belarusdan, 17 faizi Azərbaycandan, 4 faizi Latviyadan tranzit yolla Ukraynaya gedir. Qeyd edək ki, "Aeroklub" şirkətlər qrupu korporativ müştərilər üçün işgüzar səfərlər və tədbirlər təşkil edir. Şirkətin Moskva, Sankt-Peterburq və Vladivostokda ofisləri var. Hazırda dünyada işgüzar məqsədlə edilən səfərlərə, müasir turizm mübadiləsinin mühüm tərkib hissəsi kimi baxıldığını nəzərə alsaq, turizmin bu növünün nə qədər əhəmiyyətli olduğunu anlaya bilərik. Beynəlxalq əmək bölgüsünün obyektiv qanunauyğunluqlarına əsaslandığından, bu cür səyahətlər ən perspektivli turizm növlərindən biri hesab edilir. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2016-cı ildə biznes turizmi məqsədi ilə ölkəmizə gəlmiş qonaqların ümumi sayı 258 299 nəfər olub. 2017-ci ildə isə Azərbaycanda biznes turizmin inkişafında mühüm rol oynayan bir sıra tədbirlər keçirilib. 

Əvvəlki illərdə olduğu kimi, Azərbaycanın idman ölkəsi statusunu qoruyub saxlamaq niyyətindədir və bu il də ölkəmizin bir sıra mühüm beynəlxalq idman yarışlarına ev sahibliyi edəcəyini nəzərə alsaq, işgüzar turizmin inkişafı üçün yeni imkanlar açıldığına əmin olmaq olar. Məsələn,  iyun ayında Azərbaycanda Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) velosiped idmanının "BMX Racing" növü üzrə dünya çempionatı, mart ayında idman gimnastikası üzrə Dünya Kuboku, apreldə batut gimnastikası, tamblinq və ikili mini batut üzrə Avropa çempionatı, bədii gimnastika üzrə Dünya Kuboku  yarışları işgüzar turizmin inkişafına təkan verəcək. Həmçinin beynəlxalq mədəni tədbirlərin, forumların, konfransların da keçirilməsini nəzərə alsaq, ölkəmizdə MİCE turizm – görüş və danışıqlar, stimulverici tədbirlər, konqres və simpoziumlar, press turlar, sərgilər, ekskursiyalar üçün optimal şəraitdən danışmaq olar. 

Ekspertlər həmçinin MİCE turizminin inkişafında təkcə turizm infrastrukturunun mükəmməl, xidmətlərin yüksək səviyyədə olmasını deyil, həmçinin təhlükəsizliyin də rol oynadığını bildirirlər. Bu mənada ölkəmizdəki stabillik və təhlükəsizlik turizmin bu növünü təşkil etməyə imkan verir: Bununla belə, ölkəmizin turizm sektorunu inkişaf etdirmək üçün turizmin digər növləri ilə yanaşı, MİCE turizminin inkişafı daha perspektivli görünür. Sadəcə, bu sahənin inkişafına dəstək ola biləcək amillər nəzərə alınmalıdır. 
 
Turizmin qeyri-neft sektorunda payı
 
Azərbaycanda son illərdə turizmin inkişaf etdiyini bildirən Azərbaycan Konqreslər Bürosunun icraçı direktoru Ülviyyə Mirqasımova qəzetimizə açıqlamasında xüsusən son iki ildə ölkə turizminin  mühüm uğurlar qazandığını bildirdi. Belə ki, görülən işlər, aparılan təbliğat və dövlətin prioritet sahələrindən birinə çevrilməsi turizmin qeyri-neft sektorunda payının ilbəil artmasına imkan verir. Artıq dövlət büdcəsinə daxilolmalarda da turizmin öz payı var: "2017-ci il idman, elmi, texnoloji və iqtisadi sahələrə öz töhfəsini vermiş bir sıra beynəlxalq tədbirlərin Azərbaycanda təşkil olunması ilə yadda qaldı. Qeyd olunan tədbirlərdə iştirak üçün ölkəmizə minlərlə əcnəbi mütəxəssis turist qismində gəlib". Ü.Mirqasımova qeyd edir ki, hər il olduğu kimi, ötən il də beynəlxalq sərgilərə böyük diqqət ayrılıb. Ənənəvi olaraq, hər il aprel ayında baş tutan Azərbaycan Beynəlxalq Turizm Sərgisinə ötən il 22 ölkədən 272 şirkət və 17 yerli və regional iştirakçılar cəlb olunub. Həmçinin, xarici şirkətlər və ölkələr arasında maraq doğuram 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransı – Bakutel dekabr ayında keçirilib və 20 ölkədən 192 şirkət iştirak edib. Bundan başqa, uğurla baş tutmuş sərgilər siyahısına Azərbaycan Beynəlxalq Yemək Sənayesi Sərgisini, Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya Sərgisini, Beynəlxalq Xəzər Neft və Qaz sərgisini, 7-ci Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji Sərgisini və digərlərini göstərmək olar.

Təhlükəsizlik əsas şərtdir

MİCE turizmini elit turizm kimi dəyərləndirən Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov işgüzar turizmin son illər ölkəmizdə inkişaf mərhələsində olduğunu deyir: "Bu turizm çərçivəsində ölkəyə gələn şəxsləri dörd və ya beşulduzlu otellərdə yerləşdirirlər. Əlbəttə, bu, keçirilən tədbirin miqyasına və məzmununa baxır. Ola bilər ki, qonaqlar üçulduzlu otellərdə də yerləşdirilsin". M.Ağakərimov turizmin bu növünün inkişafını son illər ölkəmizdə çoxlu sayda beynəlxalq tədbirlərin keçirilməsi ilə əlaqələndirir. Bakı, Qəbələ, Şəki kimi şəhərlərdə müxtəlif beynəlxalq konfranslar, konqreslər, simpoziumlar və s. tədbirlər keçirilir: "Arzu edərdik ki, bu tədbirlər digər regionlarda da tez-tez keçirilsin. Çünki regionlarda bu tədbirlərin keçirilməsi üçün bütün şərait var. Nabran, Şəmkir, Şamaxı, Tovuz, Quba və s. regionlarda hər bir şəraitə malik olan otellərimiz fəaliyyət göstərir. Həmin otellərin səviyyəsi işgüzar turizmi təşkil etməyə tam imkan verir". Ekspertin fikrincə, konqres turizmini həyata keçirən şəxslər özləri birbaşa buna səy göstərməlidirlər. O mənada ki, beynəlxalq miqyaslı tədbirlər təkcə Bakıda deyil, regionlarda da təşkil olunsun: "Bu, regionlarımızı, gələn xarici qonaqlara təqdim etmək üçün əlverişli məqamdır. Yəni qonaqlar regionları öz gözləri ilə görə, onun turizm infrastrukturunu qiymətləndirə bilərlər. Nəticədə digər turistlərin də Azərbaycana gəlməsinə nail olmaq olar. Xüsusən bu cür turizmi yay mövsümündə deyil, turistlərin regionda az olduğu vaxtlarda – payız, qış aylarında təşkil etmək daha məqsədəuyğun olar". M.Ağakərimov da  işgüzar turizmin inkişafında ölkələrin təhlükəsizlik şəraitinin də rol oynadığını vurğulayır: "Bu baxımdan, Azərbaycan əlverişli ölkədir. Azərbaycanda sabitlikdir. Ölkəmizə gələn qonaqlar bunu nəinki təsdiqləyir, həmçinin yüksək dəyərləndirirlər. Bundan əlavə, Azərbaycanın tarixi abidələri, görməli yerləri, mətbəximiz, xalqımızın qonaqpərvərliyi, insanların üzügülərliliyi buna imkan verir. Avropa ölkələrində, Asiyada, eləcə də qonşu ölkələrdə müxtəlif hadisələr baş verir. Azərbaycan isə təhlükəsiz ölkədir. Bu baxımdan, biz ölkəmizi daha çox təbliğ etməliyik". 
 
İxtisaslaşma həyata keçirilməlidir
 
İşgüzar turizmi Azərbaycan üçün aktual mövzu hesab edən "Millennium Tourism" şirkətinin direktoru Ruslan Quliyevin sözlərinə görə, ümumiyyətlə, Azərbaycanda 2000-ci illərin əvvəllərindən etibarən turizm məsələsi gündəmə gələndə, dövlətin istiqamətlərindən biri də işgüzar turizmini inkişaf etdirmək olub. Yəni Bakı şəhərinin bu turizm növü üçün münbit bir bazar olması diqqət çəkib: "Hazırda işgüzar turizm haqqında danışdıqda idman yarışları, forum və festivalların təşkili, beynəlxalq  konfranslar, simpoziumlar və s. nəzərdə tutulur. Qəbələ regionunun turizmin bu növünün inkişafına töhfələri çoxdur". R.Quliyev hesab edir ki, digər regionlarda da – Gəncə, Zaqatala, Cənub bölgəsində də bu prioritetlər müəyyən olunmalıdır: "Azərbaycan hazırda müəyyən turizm assosiasiyalarında təmsil olunur. Ölkəmiz mütəmadi olaraq ixtisaslaşmış xarici sərgi və tədbirlərdə iştirak edir. Bütün bunlar həm təcrübə qazanmaq, həm də ölkəmizin tanıdılması istiqamətində atılan addımlardır". R.Quliyev hesab edir ki, MİCE turizmini inkişaf etdirmək üçün təkcə otellərin olması yetərli deyil, həmçinin çarpayı sayının uyğunluğu, konqres mərkəzləri, konqres və konfransların keçirilməsi üçün MİCE meydançalarının da mövcud olması şərtdir: "Bu sahələrdə ixtisaslaşma həyata keçirilməlidir. Yəni söhbət təkcə turistin yerləşdirilməsindən getmir. Orada personalı motivasiya etmək üçün müəyyən turlar və proqramlar həyata keçirilməlidir. Bu sahədə də iş aparılmalıdır. MİCE turizminin də özünəməxsus xüsusi bazarı var. Çünki bu, dünyada aktual turizm növüdür. Yəni mövsümi xarakterli deyil, ilin 12 ayı öz aktuallığını saxlayan turizmdir". Artıq Azərbaycanda işgüzar turizm ənənələrinin yarandığını deyən R.Quliyev, həmçinin ölkəmizdə stabilliyin mövcud olmasının bu tip tədbirlərin keçirilməsinə şərait yaratdığını deyir: "Stabillik ölkəmizə gələn qonaqların fikirlərini müsbətə doğru dəyişir. Müxtəlif məqalələrin yazılması, çıxışların həyata keçirilməsi ölkəmizin sırf MİCE turizm bazarına çevirib". 

Əsas odur ki, Azərbaycan MİCE turizmin bazarının liderləri siyahısında yer alıb. Siyahıda daha da möhkəmlənmək və irəliləmək üçün bu sahədəki trendləri təkcə mənimsəmək yox, həm də həyata keçirmək lazımdır.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>