Miloş Zeman və İrji Draqoş ikinci tura adlayıblar

Çexiyanın hazırkı Prezidenti Miloş Zeman və Elmlər Akademiyasının sabiq sədri İrji Draqoş prezident seçkilərinin ikinci turuna keçiblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Çexiya Statistika İdarəsi məlumat yayıb. Seçki məntəqələrinin 82,65 faizindən daxil olan məlumatlara görə, Miloş Zeman 40,4 faiz səslə liderlik edir. Onun əsas rəqibi İrji Draqoş seçicilərin 24,8 faizinin dəstəyini qazanıb. Dövlət başçısı postuna digər 7 namizəd isə 0,5 faizdən 9,1 faizə qədər səs toplayıb.

Beləliklə, Zeman və Draqoş yanvarın 26-27-də keçiriləcək səsvermənin ikinci turunda mübarizə aparacaqlar.

İlkin məlumata əsasən, respublikada cümə və şənbə günlərində keçirilən prezident seçkilərində seçicilərin 61,16 faizi iştirak edib. Səsvermənin yekun nəticəsi yaxın saatlarda məlum olacaq və yanvarın 16-da rəsmən elan ediləcək.

Miloş Zeman özünün antimüsəlman baxışları ilə tanınır. O, 2015-ci ilin miqrasiya böhranını Avropaya "təşkil olunmuş müdaxilə" hesab edir. Zemanın fikrincə, müsəlmanlar Avropa ölkələrinə inteqrasiya oluna bilməzlər. O, həmçinin dəfələrlə Rusiyaya qarşı sanksiyaların ləğv olunmasına çağırışlar edib.

Draqoş isə Avropa İttifaqı ilə əməkdaşlıq və Rusiyaya qarşı sanksiyalar tərəfdarıdır. Praqanın "Aİ-də daha fəal rol oynamasını" vacib hesab edən Draqoş Çexiyanın avronu valyuta qismində qəbul etməsini dəstəkləyir.

Çexiyada ümumi prezident seçkiləri ikinci dəfədir ki, keçirilir. 2013-cü ilədək respublikanın başçısı parlamentin hər iki palatasının deputatları tərəfindən seçilirdi. 2013-cü il seçkilərində 54,8 faiz səs toplamış Miloş Zeman prezident olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>