Aygünün gəlinlik kepkası, İlhaməni öldürənlər, Təranənin həbs təhlükəsi və Elza Seyidcahan -

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (151-ci say) təqdim edir.

Ötən həftə şərhlərdə "qış geyiminə keçin" kimi iradlar var idi. Hava iradlarınızı eşitdi və inanıram ki, artıq dekabr ayındakı bu günəşli havalarda siz də mənim geyimimə keçmisiniz. Geyimə də keçmək olar, vəzifəyə də keçmək olar. Əsas odur ki, zibilə keçməyəsiniz…

Aygün Bəylərin toy xəbəri yayılmışdı. Özü təkzib elədi. İndi də yeni xəbərlər yayılır ki, gəlinliyini Türkiyədən gətirirlər. Yarızarafat deyim ki, Aygünə bir "krassovka", bir dənə də qəşəng kepka yüz cür eksklüziv gəlinlikdən üstündür. Adam özü deyir ki, qadın paltarından narahat oluram.

İlhamə Quliyevanın oğlu Orxan Nadirovu həbs ediblər. Bir neçə adamdan pul alıbmış. Əli Mirəliyev də deyib ki, İlhamənin ürəyi elə Orxanın belə hərəkətlərinə görə partladı. İlhamənin bacıları da Mirəliyevin dediklərini təsdiqləyiblər. Tutaq ki, Orxan dələduzdur, pul alırmış, sonra camaat gəlib pulu İlhamədən tələb edirmiş. Bəs o keçmiş köməkçi Mehriban Hüseynovanın günahı nə idi? O qadın niyə ilyarım həyata dəmir barmaqlıqlar arxasından baxmalı oldu? Həmin vaxt niyə biriniz bacınıza demədiniz ki, bu qadın günahsızdır, səni çərlədən Orxandır? Təbii ki, o zaman Quliyevanın varidatının bölünməsindən söhbət belə gedə bilməzdi və o heç kimi yaxınına buraxmırdı. Bu gün isə hamı bacıdır, hamı qohumdur, hamı da İlhamənin ölümünə canu-dildən dilxordur.

Bu mövzu barədə yazmaq mənimçün o qədər ağırdır ki. Hətta sosial şəbəkədə status da yazmışdım ki, Anar nə səhv edibsə, uşaqlarına görə bu mövzunu bağlayaq. Ancaq görünür ki, tərəflər özləri də mövzunun qapadılmasına maraqlı deyillər. Necə deyərlər, Anar Nağılbazla həyat yoldaşı Anjelikanın komediyası davam edir. Anar deyib ki, Anjelika evə bahalı maşınlarda gəlirdi, qadın da cavab verib ki, bəs onda sənin qeyrətin harda idi? Elə axırıncı sual da budur. Qulpqoyan kişi deyir ki, ay bala, Anar qeyrətinə naviqator qoşmayıb ki, harda olduğunu da bilsin.

Təranə Qumralla Nazəninin arasındakı komediya isə türklər demiş, sezon finalına çıxmışdı. İndi təzə söhbət var. Nazəninin vəkili açıqlama verib ki, Təranə üzr istəməli və məhkəmənin qərarına əsasən 3500 təzminat ödəməlidir. Əgər ödəməsə üç ilədək müddətə həbs edilə bilər. Məncə, Nazənin Təranəni Musaya bağışlamalıdı. Çünki Təranə olmasa Musanın ürəyi partlayar, partlamasa da içkiyə qurşanar. Və bu baş verərsə, Nazənin Leylini Məcnundan ayıranlardan daha artıq günaha girəcək.

Könül Kərimova qızına toy elədi, gəlin köçürdü. Allah xoşbəxt eləsin. Amma "hər işə mız qoyursan" deyənlər məni qınasalar da, deyəcəyəm. "Qızıma 50-60 minlik cehiz verdim" deməyin adı nədir? Axı niyə hər şeyi pulla ölçürük. Nə üçün bu qədər pulgirik? Guya beş minlik cehiz verdiyini desəydin, yaxud bu barədə danışmasaydın, nə olacaqdı?

Saytlar Ruhəngiz Allahverdiyevanın makiyajsız fotosundan xəbər qayırıblar. Başlıq da belədir ki, müğənninin makiyajsız fotosu təəccübləndirdi, şok elədi. Niyə? Altmış iki yaşlı xanımın üzündə qırış varsa, yaxud makiyajlı vəziyyətindəki kimi deyilsə, bunun nəyi təəccüblüdür ki? Altmış iki yaşlı adamın üzü Bakı-Qazax magistralı kimi düppədüz olmalı deyil ki.

Elzasız "Həftəbecər" şəkərsiz şirinçay kimi bir şeydir. Bir "qaşıq" da olsa əlavə etməsən, dadı-duzu olmur da. Təzə açıqlaması var. Deyib ki, mənim üçün ən gözəl qadınlar ayağı əyri olanlardır. Daha ayağı əyri qadınlara bundan sonra zaval yoxdur. Əgər Elza deyibsə, vəssalam. Zarafat bir qırağa, məncə, insanların fiziki quruluşu, görünüşü müzakirə mövzusu olmamalıdır. Xüsusən də qadınların. Ancaq Elzanın indi təqdim edəcəyim ikinci açıqlaması daha çox sayıqlamağa bənzəyir: "Mənim sayəmdə Bəxtiyar Vahabzadəni də tanıyırlar". Şərhi özünüz edərsiniz.

Manaf Ağayev oğlunun toyuna jurnalistləri buraxmamaqla bağlı açıqlama vermişdi ki, kim gəlsə, qovulacaq. Əcəb də eləmişdi. Çünki çağırılmayan yerə gedən adam qovulmağa layiqdir. Ümumiyyətlə, jurnalist niyə hansısa müğənninin oğlunun toyuna, qızının paltarbiçdisinə, əmisi nəvəsinin sünnət toyuna dəvət olunmadığı halda getməlidir? Tamamilə haqlı qərardır. Səbəb də bu idi ki, bəy belə istəyib. Bu da əla. Ancaq sosial şəbəkələrə, saytlara baxıram ki, toy elə əvvəldən axıra qədər səhifələrdə canlı yayımlanıb. Bəs eləydisə, bu hoqqabazlıq kimə və nəyə lazım idi?

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>