“Bu il “Oskar”ın Türkiyəyə gələcəyinə inanıram”

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Son bir ayda Türkiyə mediasında Can Ulkayın rejissoru olduğu "Ayla" filminin geniş müzakirə mövzusuna çevrildiyi barədə məlumat vermişdik. Dünən sözügedən film Azərbaycanın media nümayəndələrinə nümayiş olundu. Bu gündən etibarən isə Türkiyənin "Oskar"a namizəd olan filmini Nizami Kino mərkəzində izləmək şansı əldə edə biləcəyik. Türkiyədə və eləcə də Amerikada böyük maraq doğuran "Ayla"  filminin rejissoru Can Ulkay Türkiyə mətbuatına filmin çəkilmə prosesindən danışıb. Filmin hansı səviyyədə və necə çəkilməsi ilə bağlı öz təəssüratlarını bölüşüb.  Eyni zamanda, rejissor filmin "Oskar"a necə namizəd olmasından da danışıb. 
 
- Filmdəki bütün xarakterlər də hekayədəki kimi gərçəkdirmi?

- Əlbəttə. Bütün xarakterlər gərçəkdir. Hətta, filmdə rol alan aktyorların geyimləri və danışıq tərzləri belə haradasa gərçəkliyə yaxındır. Ssenari yazılmazdan öncə  real həyatdakı qəhrəmanımız Süleyman Dilbirliyinin bütün xatirələrini dinlədik. O, bizə Merlin Monrodan, ən yaxın dostu Əlidən, filmin qəribə xarakterlərindən olan Pepe və Dəli Sadiqdən danışdı. Onun müharibə vaxtı çəkdiyi 430 şəkli tək-tək incələdik. Şəkillərlə Süleyman bəyin xatirələrini harmoniya edərək, xarakterləri təyin etdik. O xarakterlərə uyğun olaraq, aktyor seçimi etdik.  
 
- Süleyman Dilbirliyi çəkiliş proseslərini ziyarət edəndə nələr yaşandı?

- Süleyman bəy çəkiliş prosesinə gəldiyi andan sanki müharibənin olduğu həmin illərə qayıtdı. 1950-ci illərə geri döndü və o səhnələr onun gözü önündə canlandı. Filmdə rol alan aktyorları görəndə, özünü yenidən Koreya savaşındakı kimi hiss etdiyini bildirdi. Bu, çox təsirli idi.
  
- Studiya şəraitində film çəkmək əvəzinə, Türkiyənin ən böyük çəkiliş məkanlarında böyük bir döyüş səhnəsi  yaratdınız. 
– Filmə xərclədiyimiz pul qədər də onun dekorasiyasına ödəmişik. Filmdə döyüş səhnəsində nümayiş olunan bombaların partlama səhnələri üçün "Sıravi Raynı xilas etməli" filminin komandası ilə işlədik. Onu deyim ki, filmdəki bütün partlayış səhnələri həqiqət idi. Yəni ölkənin ən böyük dekorasiyasını partlatdıq. 
 
- Bəs "Oskara" gedən yol necə açıldı?

- Filmin çəkilişləri bitdikdən sonra görüntüləri izləyərkən belə, çox ağladıq. Montajı bitmədən möhtəşəm bir film çəkdiyimizin fərqində idik.  Film təqdim olunduqdan sonra Türkiyə bizi " Oskar"a  namizəd olaraq göstərdi. "Oskar"a namizəd olduğu açıqlandıqdan sonra film geniş müzakirələrə səbəb oldu. Lakin biz istəmirik ki, "Ayla" müharibə filmi kimi tanınsın. Bu, sevgi filmidir. Müharibə səhnələri filmin hər yerində var, amma mövzuya uyğun olsun deyə. Bir neçə qarşıdurma səhnəsi çəkdik. Hər halda, filmin 90 faizi sevgi, qardaşlıq və yardımsevərlikdən danışır. Qırmızı, Mavi və Ağ film üçlüyü var. Biz də tizerləri dostluq, sevgi və ayrılıqla bağlı hazırlamağa qərar verdik. Çünki filmin mahiyyətində üçü də var. Bu hekayə dünyanın hər hansı yerində, başqa iki millət arasında da baş verə bilər. Filmdən Türkiyənin gerbini, ay ulduzu və qızın qıyıq gözlərini çıxarsan, bu hekayə dünyanın istənilən ölkəsinə aid edilə bilər. İstəyirəm ki, "Ayla"nın beynəlxalq məhəbbət və yaxşılıqdan bəhs edən film olduğuna diqqət çəkilsin. İnsanlar müharibə filmi kimi qələmə verir, amma baxandan sonra elə olmadığını anlayacaqlar. Dünya kinosunda edilə biləcək ən yaxşı tarazlığı qoruyub saxladıq.

- "Oskar" məsələsində ümidlisinizmi?

- Amerikada və "Cape Townda" çox önəmli iki mükafat aldıq. "Palm Springs" film festivalına dəvət edildik. Bu festival "Oskar"a gedən bir yoldur. Bu il "Oskar"ın Türkiyəyə gələcəyinə inanıram. Çünki Amerika Akademiyasında və "Golden Globe"də nümayişlər çox uğurlu keçdi. Bir çox təşkilatçılar bildirdilər ki, Amerikada tez-tez savaş filmi çəkiləs də, ilk dəfə bir savaş filminə baxdıqdan sonra bu qədər duyğulanıblar. Bu, bizim üçün çox önəmli idi. Yanvarın 9-da "Oskar" mükafatına namizədlər sırasındakı 9 film arasında bizim filmimizin olmasını da gözləyirik. "Ayla" "Oskar" mükafatını alan ilk türk filmi ola bilər. Ancaq qazanmasaq da,  məyus olmayacağıq. Bundan sonrakı illərdə daha yaxşısını çəkərik.

- Filmi nə qədər vaxta çəkdiniz?

- Normal şərtlərlə Türkiyədə bir film 6-10 həftə arasında çəkilir. Biz tam 6 ay yarıma filmi ərsəyə gətirdik. Təbii ki, 6 ay yarım bunun yalnız çəkiliş prosesləri oldu. Filmin bir də montaja hazırlanması prosesi var. Yəni bu bir rekord hesab edilə bilər. Filmi 4 fərqli şəhərdə çəkmənin örnəyini yaşadıq. 

- Filmi  çəkərkən gözləyirdinizmi ki, bu qədər əks-səda doğurar?

- Biz bu hekayəyə "Oskar"ı alacağıq" deyib  başladıq. Bu vəziyyət Mustafa Uslu ilə də aramızda zarafat mövzusu olmuşdu. Ona "Oskar"a layiq bir film çəkəcəyimə söz vermişdim. Mustafa bəy "Sən o filmi çək, biz o "Oskar"ı alıb gələrik" dedi. Bu filmin o mükafatı alıb-almamağı başqa bir mövzudur. Biz filmin həmin mükafata namizəd olmasını istəyirdik. Səbirsizliklə gözlədiyimiz anda, o cavab gəldi və biz çox xoşbəxt olduq. Hər nə qədər "Oskar"a layiq film çəkdik" desək də, o qərarı gözləmək başqa bir şeydir. O sistem elədir ki, öncədən nəyisə demək mümkünsüzdür. Mən bütün münsif heyətinə təşəkkürümü bildirirəm.  

- "Oskar"ın bundan sonrakı mərhələsi haqqında nələr düşünürsünüz? 

- İndiki mərhələ ən çətin mərhələ idi. Artıq mənim işim bitib.  Bundan sonrakı proses filmin daha yaxşı satılması üçün çalışmaqdır. "Oskar" mükafatını almaq üçün ilk növbədə, filmin dünyanı gəzməyi lazımdır. Xüsusilə də Amerika qitəsində. 10 minə qədər film var ki, onlar həmin müsabiqədə yer alacağını gözləyir. Filmin sorağının münsif heyətinə çatması şərtdir. Bunun üçün də ilk növbədə filmi tanınmış festivallara göndərmək lazımdır. Biz bunu Torontoda həyata keçirdik. Çox yaxşı da oldu. Çünki film ilk dəfə orada xarici mətbuatın, kinoşünasların,  mütəxəssislərinin diqqətini çəkdi. Orada gözəl sözlər eşitdik. Bu, bizi ruhlandırdı.
 
Qeyd edək ki, Türkiyədə böyük əks-səda doğuran "Ayla" filmi 4 həftədə 3 milyon 104 min insan tərəfindən izlənilib. Almaniyadan Qətərə qədər,  bir çox ölkələrdə nümayiş olunub. Rejissorun sözlərinə görə, bir çox ölkələrlə də danışıqlar gedir.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>