Dilemma: məzhəblərarası vəhdət, yoxsa lənət?

Son zamanlar Azərbaycanda çoxluq təşkil edən şiə məzhəbinin davamçıları sırasında müxtəlif qruplar peyda olub. Bəziləri müctəhidləri baltalayır, bəziləri "bizə Quran kifayətdir" deyir, bir qismi də nəinki əhli-sünnəni, hətta əhli-sünnə ilə vəhdətə dəvət edən hər kəsi, o cümlədən bu günün və keçmişin böyük alimlərini təkfir edir, onlara lənət oxuyur. Bu qrupların ideya baxımından hardan və nədən qaynaqlanması, həmçinin onların arxasında kimlərin dayanması ilə işimiz yoxdur, bu, başqa bir mövzudur. Sözümüzün canı nədir?..

Milli.Az islam.az-a istinadən bildirir ki, dindarlarla ateistlər arasında gedən polemika zamanı bəzən Allaha iman gətirənlər təəccüblərini gizlədə bilmirlər: "Doğurdanmı bu boyda kainatın, bəşəriyyətin, heyvanların və bitkilərin heç nədən, özünün isə meymundan yarandığına inanırsan??? Doğurdanmı asimandakı ulduzlarda, güzgüdəki əksində, uşaqlıq şəkillərində, küləyin sızıltısında, yağışın pıçıltısında Allahın nişanələrini görmürsən???"

Həqiqətən, imanın şirinliyini duyanların, bu şirinlik duyğusunun Allahın bir inayəti olduğunu anlayanların tam səmimi olaraq opponentlərinə yazıqları gəlir. Qəlblərində haqq olduqlarına bir əminlik varkən dostlarını, qohumlarını, yaxınlarını qərq olduqları zülmətdən qurtarmağa çalışırlar, səy göstərirlər. Anlamazlıq divarına tuş gəldikdə isə ancaq "heyif!" söyləyərək yollarına davam edirlər…

Vəhdət həftəsini yaşamaqdayıq. Və bu vəhdət həftəsində dindarlarla ateistlərin polemikalarını əbəs yerə xatırlamadıq. Bəzən elə hallar olur ki, 2 X 2 = 4! Yaxud "Qatıq ağdır!" Ya da ki, "Yumurta varsa, deməli hardasa toyuq da var!" Hər şey gün kimi aydın, səlis. Düşünürsən ki, daha burda nə mübahisə, nə fikir ayrılığı!? Lap Allahın varlığı kimi. Amma təəssüf ki, bəzən ateistə Tanrını tanıtdırmaq naminə dəridən-qabıqdan çıxan dindar səhəri gün özü çevrilib olur "ateist", gün kimi aydın olan mətləbləri görmür.

Bu günlərdə belə halları, təəssüf ki, çox müçahidə etdik.

Məsələn, "Allaummələn Ömər, Ömər, Ömər" yazılan tortu sifariş etdirib bişirtdirən, sonra da onun fotosunu sevə-sevə sosial şəbəkələrdə paylaşan dindara nə deyəsən? Ona hansı epitetləri şamil edəsən? Adamın beləsini yazığı gəlir, vallah…

Yaxud da tam ciddiliklə "bu vəhdət kimə lazımdır?", "nə üçün vəhdəti elə biz etməliyik?" suallarını verənə nə söyləyəsən? Eyni məntiqlə bu adam sabah "axı niyə mən namaz qılmalıyam, onlar ki qılmırlar!" da söyləyə bilər… Məəttəl qalırsan: doğurdan bu qədər kor, bu qədər dardüşüncəli olmaq mümkündürmü?

Əziz qardaşım! Dünən, 1 həftə öncə, 1 il əvvəl sən İŞİD-i, vəhhabiləri qamçılayırdın. Bu gün vəhdəti qamçılayırsan. İŞİD, vəhhabi kimi insanları təkfir edirsən. Hansı əsl sən idin, hansı halda daha səmimi idin: bu gün, vəhdətə zərbə vurduğun an, yoxsa dünən, vəhdətə zərbə vuran vəhhabini pisləyəndə? Dünən İŞİD-i müdafiə edənlərlə sosial şəbəkələrdə, lap elə həyatda rastlaşanda, bəhsə girəndə istifadə etdiyin bir arqumenti də bəlkə indi özünə qarşı istifadə edəsən, hə? Məsələn, xəvaricə ünvanladığın bir suala da özün cavab ver indi: "Ay bədbəxt! Bir bax gör sənin hərəkətlərinə kim dəstək verir, kim səni alqışlayır? İsrail! İslam düşmənləri! İndi başa düşürsən kimə xidmət edirsən öz təkfirlərinlə?" Hə, cavab ver, əziz qardaş… Gör sənin vəhdətə qarşı çıxmağın kimə, hansı qüvvələrə xidmət edir? Bax gör Peyğəmbər (s), Əhli-Beyt (ə) səndən razı qalardımı bu nifrətinə görə?

Sonda isə Allahın bizə iki əmrini bir daha xatırlayaq, xatırlayaq və yaxşı-yaxşı düşünək:

"Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin." (Hucurat, 10).

"Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!" (Ali-İmran, 103).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>