Bıçaq Qüdsə dirənəndə: Ağ Evdəki qərar qara gəldi

Hər valideynin övladına verdiyi nəsihətlər arasında belə sözlər var: "Odun üzərinə yağ tökmə".

Niyə?

Bu məsləhəti qulaqardına vuranlar bilirlər: alov dərhal böyüyür, ətrafında nə varsa, yandırıb qarsalayır, hətta bəzən evin külə çevrildiyi yanğına dönür.

ABŞ prezidenti Donald Tramp da Qüdsü İsrailin paytaxtı qismində tanımaqla Yaxın Şərqdəki münaqişə alovuna, sanki, milyon litrlərlə benzin tökdü.

Düşünülməmiş, absurd, çox təhlükəli bir qərar.

Vəziyyət hətta Şimali Koreyanın nüvə raketləri ilə bağlı böhrandan da pis ola bilər.

Əfsuslar olsun ki, reallıq belədir.

Çünki…

Qüds adi şəhər yox, İsrail-Fələstin münaqişəsinin nəbzidir. Şəhərin qərbində İsrail hökuməti yerləşir, şərqində isə 300 min fələstinli yaşayır.

Yəhudilər də, fələstinlilər də israrla deyirlər ki, Qüds məhz onların paytaxtıdır.

1948-ci ildə İsrail dövləti yarananda ABŞ ehtiyatlı davranmış, səfirliyini Təl-Əviv şəhərində yerləşdirmişdi.

Qərb ölkələrinin az qala bütün dövlət və hökumət başçıları, Çin, Rusiya, Yaponiya, Hindistan və s. ölkələrin liderləri, Roma Papası dünən bəyanatlar yayaraq ABŞ prezidentinin qərarını pisləyiblər, Trampı bu qərarı dəyişməyə, ləğv etməyə çağırıblar.

Qərarı dəstəkləyən, sadəcə, İsrail və ABŞ-dakı sağçı, mühafizəkar xristianlardır.

ABŞ-dakı yəhudilər yox.

Merilend Universitetinin keçirdiyi sorğunun nəticələrinə görə, amerikalıların 66 faizi, o cümlədən D.Tramp tərəfdarlarının 44 faizi ABŞ səfirliyinin Qüdsə köçürülməsini istəmirlər.

ABŞ-dakı yəhudilər hesab edirlər ki, Qüdsün İsrailin paytaxtı qismində tanınması yalnız İsraillə Fələstin arasındakı anlaşmadan, fələstinlilərlə razılaşmadan sonra mümkün ola bilər və olmalıdır da.

Tramp isə müsəlman və xristian dünyasına meydan oxuyaraq "Qüds İsrail yəhudilərinindir, sizin yox" söylədi.

Çünki amerikalı yəhudilər anlayırlar: Qüdsün İsrailin paytaxtı qismidə tanınması İsrailin təhlükəsizliyinə yeni, çox pis təhdiddir, ən müxtəlif terror təşkilatlarına fəallıq üçün vüsət impulsudur.

Donald Tramp isə, sanki, səhvləri sıralayacağına and içib.

Prezident seçkiləri zamanı o, bütün müsəlmanlara (!) ABŞ-a girişi yasaqlayacağını vəd etmişdi.

Bu həftənin əvvəllərində onun 7 müsəlman ölkəsinin vətəndaşlarına ABŞ-a girişi yasaqlayan qərarını ABŞ-ın Ali Məhkəməsi təsdiqlədi.

Ötən həftə D.Tramp Twitter-dəki profilində İslamofobiya məzmunlu 3 provokativ videoçarxı paylaşdı.

Beləcə, Donald Tramp müsəlman aləmində "müsəlmanların düşməni" imicinə yiyələnmək üçün, deyəsən, əlindən gələni edir.

Təsadüfi deyil ki, Fələstinin Britaniyadak səfiri Trampın qərarını "1,5 milyard müsəlmana savaş elanı" adlandırıb.

Hiperboladır, ya yox – amma reallıq budur ki, Donald Tramp alovun üzərinə yağ yox, benzin tökdü.

Dünyanı silkələyən bəyanat

ABŞ prezidenti Donald Tramp dünən bəyan etdi ki, Qüdsü İsralin paytaxtı qismində rəsmən tanıyır və ölkənin də səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək niyyətindədir.

Beləliklə, D.Tramp prezident seçkiləri zamanı verdiyi vədi yerinə yetirərək İsraillə strateji alyansı gücləndirir və Birləşmiş Ştatlardakı nüfuzlu yəhudi lobbisindən aldığı dəstəyi daha da artırır.

ABŞ tarixində heç bir prezidentin cürət etmədiyi qərarını açıqlamaqla Donald Tramp, əslində, amerikalılar üçün ərəb dünyası ilə Avropada çox ciddi siyasi və imic problemləri yaratmağa başlayıb.

İlkin sonucları artıq indidən təxminləmək olar. Qüdsün İsrailin paytaxtı qismində tanınması İsrail-Fələstin münaqişəsinin nizamlanmasına balta vurmaqla yanaşı, özünü fələstinlilərin əsas müdafiəçisi kimi təqdim edən İranın mövqelərini daha da gücləndirəcək.

ABŞ-ın 45-ci prezidenti Tramp son 70 ildə Vaşinqtonda sürəkli davam edən, Yaxın Şərqdəki əsas münaqişənin tərəfləri olan İsraillə Fələstinə münasibətin dəqiqləşdirilməsi ilə bağlı olan mübahisəyə Ağ Evdə, iş kabinetindəkit toplantıda son qoydu.

"İndiyədək ölkəmizin çox prezidenti nə isə etmək niyyətində olduqlarını deyiblər, amma heç nə etməyiblər. Məsələnin cəsarətlə və ya onların fikirlərini dəyişməsi ilə bağlı olduğunu bilmirəm. Amma nə isə etmək gərəkdir", – Tramp deyib.

Müsəlmanlar, yəhudilər və xristianlar üçün müqəddəs olan Qüdsün İsrailin paytaxtı qismində ABŞ tərəfindən tanınması qərarı da bu toplantıdan sonra açıqlandı.

Trampın qərarı bütün İslam aləmində çox ciddi, sərt etirazlara səbəb olub. Aksiyalar, müqavimət və qəzəb daha da artasıdır.

Üstəlik, antiamerikan ritorika da güclənir.

Regional superdövlətlərin ABŞ-a müqavimətə başlamalarına dəlalət edən ilk məqam Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İranın dövlət başçısı Həsən Ruhani ilə təcili telefon danışığı oldu.

İran lideri müsəlman ölkələrini "ABŞ-ın təxribatçı, qanunsuz və çox təhlükəli addımına qarşı ciddi addımlar atmağa" çağırarkən Ərdoğan İslam Əməkdaşlığı Təşkilatının fövqəladə zirvə toplantısının çağırılmasında israrlıdır.

Beləliklə, İranla Türkiyə arasında bir sıra regional problemlərə və İslam aləmində liderlik uğrunda güzəştsiz mübarizəyə rəğmən Donald Trampın qərarı Tehranla Ankaranı yaxınlaşdırıb.

Amerikalı Amerikaya elə zərbə vurdu ki…

Əslində, ABŞ-ın səfirliyini Təl-Əvivdən Qüdsə köçürməyi zahirən rutin prosedur olmaqla yanaşı, gözlənilən olaydı. Birləşmiş Ştatlardakı yəhudi lobbisinin təsiri altında olan D.Tramp nə zamansa belə qərar verməli idi.

Birləşmiş Ştatların İsraildəki səfirliyinin Təl-Əvivdə olması indiyədək İsrail-Fələstin münaqişəsində guya bitərəf mövqe tutmasının izharı idi.

İndisə vəziyyət kökündən dəyişib və ən ağır zərbəni Amerikanın özü ilə yanaşı, amerikalıların Yaxın Şərqdəki müttəfiqləri alacaqlar. Həmin müttəfiqlər arasında isə Səudiyyə Ərəbistanı ilk yeri tutur.

İran və digər ərəb ölkələri bütün bölgəyə bəyan edəcəklər ki, "amerikalıların səudi əlaltıları sionistlərə qulluq edir".

HƏMAS-la "Hizbullah"sa əllərindən gələni edəcəklər ki, bu fikir mümkün qədər uzun müddət gündəmdə qalsın.

Bundan başqa, ABŞ-ın siyasi tarixində hələ elə məqam olmamışdı ki, ölkə xarici siyasət arenasında tək, yalnız, az qala bütün dünyaya qarşı qalsın. Hətta Vətəndaş Müharibəsi illərində belə, amerikalıların Fransa təki müttəfiqi vardı.

ABŞ İraqı işğal edəndə onları sədaqətli müttəfiqi Britaniya ilə bahəm, Şərqi Avropa ölkələri dərhal dəstəkləmişdilər.

İndisə Britaniyanın baş naziri Tereza Mey ölkə başçıları arasında hamıdan tez Donald Trampı qətiyyətlə pislədi, hətta Angela Merkel və Emmanuel Makronu belə, qabaqladı.

Və ən nahayət, İraq savaşı zamanı o dönəmdəki prezident Corc Buşu yaxın ətrafı – Kondoliza Rays, Uorren Kristofer, Riçard Çeyni dəstəkləmişdilər.

Donald Trampın Qüdslə bağlı qərarını isə komandası belə, qəbul etmir.

ABŞ-ın dövlət katibi Tillerson, müdafiə naziri Cim Mattis və vitse-prezident Mayk Pens  qərara sonadək müqavimət göstərdiklərini üstüörtülü olaraq bəyan ediblər.

"Qüdsün status məsələsi yalnız İsrail və Fələstin arasında birbaşa danışıqlar çərçivəsində həll oluna bilər, ikitərəfli münaqişənin nizamlanması isə paytaxtı bu qədim şəhərdə olmaqla iki ayrı dövlətin yaranması ilə başa çatmalıdır. "B" planı yoxdur", – bunu BMT-nin baş katibi Antoniu Quterriş deyib.

Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbül Geyt də eyni mövqedədir: "Trampın qərarı İsrail-Fələstin münaqişəsinin nizamlanmasının, onsuz da, dalanda olan  durumunu daha da ağırlaşdırıb. Qüdsün gələcək statusu yekun nizamlanmanın tərkib hissəsi, danışıqlar mövzusu olmalıdır. Heç bir halda Qüdsün siyasi və ya hüquqi statusundakı dəyişiklikləri bu yolla diqtə etmək olmaz. Əks təqdirdə danışıqların heç bir mənası qalmır".

Partlayış hələ irəlidədir

ABŞ prezidenti Donald Tramp barıt çəlləyinə, sanki, kibrit alovunu yaxınlaşdırdı. Bu qərardan sonra Yaxın Şərqdəki vəziyyət daha da ağırlaşacaq. Ən pisi isə odur ki, "Qüdsün intiqamı" kimi təqdim ediləcək terror fəallığı artacaq.

İsrail-Fələstin münaqişəsinin nizamlanması prosesində neytrallığını itirən ABŞ bundan sonra çətin ki, vasitəçi rolunu oynaya bilsin.

Təsadüfi deyil ki, Yaxın Şərqdə ABŞ-ın İsraildən sonra ikinci strateji müttəfiqi sayılan Səudiyyə Ərəbistanı belə, şokdadır. Səudiyyənin kralı Salman bin Əbdül Əziz əl Səud ABŞ-ın səfirliyinin Qüdsə köçürülməsi qərarını "İslam dünyasına qarşı ən pis, ən ciddi təxribat" adlandırıb.

Kralı anlamaq olar: Tramp ani qərarı ilə rəsmi Ər-Riyadın son aylardakı bütün konstruksiyalarını və "ərəb sülh təşəbbüsü"nü darmadağın etdi, bölgə ölkələrinin nəzərində amerikalıların müttəfiqi səudiləri "Vaşinqtonun marionetkası"na çevirdi.

Səudiyyə Ərəbistanının rəhbərliyi son 7 ayda İsraillə münasibətlərin "qismən yaxşılaşdırılması" istiqamətində gizli danışıqlar aparır, Təl-Əvivlə sövdələşirdi. Məqsəd Yaxın Şərqdə İrana qarşı ABŞ-ın tam dəstəyi ilə İsrail-Səudiyyə Ərəbistanı tandemi yaratmaqdı.

D.Trampın qərarından sonra bütün səylər, cəhdlər və planlar alt-üst olub. Səudiyyə Ərəbistanı indi heç bir vəchlə İsraillə hansısa formada dialoqa can atdığını bəyan edə bilməyəcək. Edərsə, bu, Səudiyyədəki kral sülaləsinin siyasi intiharına çevriləcək.

İndi vəziyyət necədir?

… 1967-ci illən bəri İsrail Qüdsün şərqində 12 qəsəbə salıb və həmin qəsəbələrdə indi 200 min yəhudi yaşayır. BMT bu qəsəbələri qanunsuz elan edərək Fələstin ərazilərinin işğalı elan edib.

Qüds 4 il müddətinə seçilən mer və şəhər şurası tərəfindən idarə olunur. Şəhər sakinlərinin 32 faizini təşkil edən fələstinlilər seçkilərə qatılmırlar.

Əslində, D.Tramp sırf texniki baxımdan "haqlı" sayıla bilər. Belə ki, hələ 1995-ci ildə Respublikaçılar Partiyasının kontrolundakı Konqres "Yerusəlimdə səfirlik barədə akt"ı qəbul etmişdi: sənəddə ABŞ prezidentinə ölkənin İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək barədə qərar vermək tapşırılırdı. Lakin 1995-ci ildən bəri hər 6 aydan bir ABŞ prezidentləri sənəddən imtina fərmanını imzalayırdılar.

Ərəblərin 90 faizi İsraili özlərinə "əsas düşmən" saydıqlarından, istisnasız olaraq heç bir ərəb ölkəsi ABŞ-ı dəstəkləməyəcək, buna cürət də etməyəcək.

Sakit Okeandakı cırtdan ada dövləti Vanuatu və özünün müstəqilliyi sual altında olan Tayvandan savayı, dünyanın heç bir dövləti Qüdsü İsrailin paytaxtı qismində tanımayıb.

… Donald Tramp çox təhlükəli, ciddi fəsadlara yol açacaq qərar verib.

Yaxın Şərq qaynayır və hadisələr çox təhlükəli məcrada inkişaf edir. İndi xaos yaxınlaşır. Həmin xaosun boyun qarsan hənirini də hiss etmək olur artıq.

Elçin Alıoğlu
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>