Suriya kürdləri ümidlərini Rusiyaya bağlayıblar

PKK-ya yaxın sayılan "Suriya Demokratik Gücləri" (SDG) adlı təşkilat Suriyada ələ keçirdikləri ərazilərdə muxtariyyat qurulmasının Dəməşq tərəfindən qəbul edilməsini istəyir.

Musavat.com xəbər verir ki, Fransanın "Le Monde" qəzetinin icmalçısı Allan Kaval mövzu ilə bağlı xüsusi yazı qələmə alıb.

"Suriyada döyüşə biləcək sadəcə iki qüvvə qalıb: biz və rejim. Ya konfrontasiya və xaos olacaq, ya da biz siyasi həllin tapılması üçün dialoqa başlamalıyıq. Biz dialoqu seçirik", –  "Suriya Demokratik gücləri"nin rəhbərlərindən, "yoldaş" Badran üstüörtülü hədə notları ilə yazı müəllifinə bildirib.

"Türkiyəyə qarşı mübarizə aparan PKK (terrorçu-red.) təşkilatının  Suriyadakı davamı YPG-nin dəstələrindən formalaşan "Suriya Demokratik Gücləri" ölkədə federal sistemin qurulmasını tələb edir. Burada əsas məqsəd muxtar bölgənin əsasən kürdlərin kompakt yaşadığı  ərazilərlə bərabər, işğal olunan ərəb və türkmən torpaqlarında qurulmasıdır. Hələ ki, müstəqilliklə bağlı tələblər səsləndirilmir", – yazıda qeyd olunur.

Daha öncə İŞİD-ə qarşı mübarizədə məcburi birlik içində olan "SDG" ilə rəsmi Dəməşqin arasının Raqqanın SDG tərəfindən ələ keçirilməsindən sonra pozulduğu vurğulanır. Yazı müəllifinin fikrincə, əvvəllər can dərdi kürdlərə muxtariyyat verəcəyini söylyən Bəşər Əsəd indi bu barədə kəlmə eşitmək istəmir. Noyabrın 7-də isə Suriya prezidenti Deyr əz Zor uğrunda gedən döyüşlərdən sonra müharibənin "ölkənin zəifləməsinə və parçalanmasına çalışan bütün qüvvələrə" qarşı davam etdiriləcəyini bildirib. Bəşər Əsədin bu bəyanatı İran Ali dini şurasının xarici məsələlər üzrə müşaviri Əli Əkbər vilayəti ilə görüşdən sonra səsləndirməsi xüsusilə diqqət çəkir. Bundan daha öncə, noyabrın 3-də Əli Əkbər Vilayəti Beyrutda (Livan) Suriya rejiminin Raqqanı da "SDG"-nin əlindən alacağını demişdi.

"İranın bütün ərazilərin rejimin ixtiyarına geri qaytarılması barədə mövqeyi dəyişməzdir. Lakin Rusiya bu məsələdə daha açıqdır. Suriya məsələsinin federativ ruhda həlli bütün kartların Moskvanın əlinə keçməsinə yardım göstərəcək", – yoldaş Badran Rusiyanı şirnikləndirəcək sözlər söyləyir.

Yazı müəllifi Allan Kaval ABŞ tərəfindən dəstəklənən "SDG"-nin bu həmləsinin bir qədər gözlənilməz olduğunu qeyd etməklə kürd güclərinin əslində bölgədə söz sahibi olan bütün qüvvələrlə (Türkiyə xaric-red.) iş birliyində olduğuna işarə vurub: "Kürdlər heç vaxt Rusiya ilə hərbi əlaqələrini kəsməyiblər. Bu əlaqə sayəsində onlar Afrin anklavını əllərində saxlaya biliblər. Bu gün İŞİD üzərində qələbə hərbi münasibətlərin siyasi müstəviyə keçməsinə şərait yaradacaq".

"Raqqadan sonra ABŞ bizə tanıma ilə bağlı məsələni qabardacağını vəd etmişdi. Lakin biz indi anlayırıq ki, amerikalıların Suriyada sadəcə hərbi strateji maraqları var. Siyasi gələcəklə bağlı təsəvvürləri isə yoxdur. Rusların isə layihələri daha genişdir", Qamışlıdan olan "yoldaş" Badran müəllifə danışıb.

Məqalədə Putin-Ərdoğan yaxınlığının kürdlərin Rusiya vasitəsilə torpaq və muxtariyyat arzularının gerçəkləşməsinə mane olduğu göstərilir. Belə ki, dünən Soçi şəhərində Suriyada milli dialoqun qurulması ilə bağlı ilk konqres kerilməli idi. Bu konqres Suriya problemi ilə əlaqədar BMT himayəsi altındakı Cenevrə prosesinə alternativ olaraq, həm də Rusiyaya düşmən olmayan qüvvələrin iştirakı ilə keçirilməsi nəzərdə tutulubmuş. Sözügedən konqres həm də Suriyadakı PKK-nın davamı olan təşkilata ilk dəfə rəsmi sifətdə beynəlxalq danışıqlarda iştirak etməyə və beləliklə beynəlxalq legitim status əldə etməsinə şərait yaradacaqdı.

Lakin Türkiyənin bu plana qəti surətdə qarşı çıxması nəticəsində Soçidəki sammit ləğv edildi. Buna rəğmən kürdlər, xüsusilə PKK-ya yaxın terrorçu birliklər hələ də Rusiyaya olan ümidlərini itirmirlər.

"Biz ruslarla rejimə təsir göstərməsi üçün kompromisə gələ biləcəyimizə çox ümid edirik", – SDG-nin siyasi qanadı "Suriya Dmeokratik Şurası"nın həmədri İlham Əhməd məqalə müəllifinə bildirib.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>