Zülfiyyə Qurbanova: “Anam mənim üçün qəhrəman qadındır”

Milli.Az kaspi.az-a istinadən müsahibəni təqdim edir.

Səhnə onun tozunu udanlar üçün bir məbəddir. Doğma, isti bir ocaqdır. O ocaq ki, onun tüstüsü sönmür. Bu tüstünü isə sönməyə qoymayan sənət fədailəri, teatrların yaradıcı heyətidir. Onlar həyatının ən gözəl illərini məhz bu sənətə qurban verirlər. Qazancları isə yalnız bir tamaşaçı alqışı olur. Bu alqış, bu sevgi onlar üçün böyük bir dünyadır. Onlar bu dünyada özlərini xoşbəxtlərin xoşbəxti hesab edirlər. Elə qonağımız Bakı Bələdiyyə Teatrında biri-birindən maraqlı obrazlar yaradan tanınmış aktrisa Zülfiyyə Qurbanova kimi. 10 ildir ki, Bələdiyyə Teatrında çalışan aktrisa ilə söhbətimiz gözlədiyimizdən də maraqlı keçdi. Uşaq kimi saf və tez həyəcanlanan bir qızın hekayəsini dinlədik. Qəlbinin istisi, hərarəti üzünə yansımışdı. Uşaqlığı, şıltaqlığı, saflığı hər halından bəlli idi. Danışdıqca hiss edirdik ki, həyatda ən çox anasına bağlıdır. Onun dünyasında anası ən dəyərli varlığıdır. Zülfiyyə xanımla söhbətimiz elə dəhlizdə başladı. Gəlişindən xarici filmlərin baş qəhrəmanına oxşatdım onu. Bunu dilə gətirdikdə isə əslində ona belə bir təklifin gədiyini bildirdi.

- Bir neçə il bundan qabaq Türkiyə şirkətlərinin birindən belə bir təklif almışdım. Hətta bütün məsələləri müzakirə edib, razılığa da gəlmişdik. Sonra iş rəsmiyyətə çevriləndə danışdığımızdan tamam başqa bir şey göstərdilər. Belə başa düşdüm ki, onlar Azərbaycanlı aktrisalara qarşı istifadəçilik edirlər. Əslində xaricdən gəldiyim üçün mənə daha çox qonorar verilməli idilər. Qalmağım, yeməyim, digər xərclərim hamısı ödənməli idi. Mən onların mətbuat işlərini də həll edəcəkdim. Qonorarım danışdığımızdan qat-qat az olduğunu görəndə roldan imtina etdim.

- Başqası olsaydı simasının tanınması üçün  xarici seriallara çəkilməyə razılıq verərdi.

- Onda teartda üç tamaşada baş rol oynayırdım. Nədənsə risk eləmədim. Ancaq bu gün o təklifi qəbul etmədiyim üçün peşmançılıq hissi keçirmirəm. Düşünürəm ki, bəlkə də getsəydim alınmazdı. Mən hər zaman içimdəki səsə inanmışam. O səs məni heç zaman yanıltmayıb. Mənim 6-cı hissim çox güclüdür. Əgər bir şeyi içdən istəmirəmsə o baş vermir. Qarşımdan qara pişiyin keçməsi, tək səbrin gəlməsi kimi inanclara inanmıram. Mən ictimai nəqliyyatdan çox istifadə edirəm. Bəzən tək səbir gətirəndə fikir verirəm ətrafda hamı mənə baxır. İkinci dəfə onu yenidən gətirirəm. İnsana elə baxırlar ki, sanki "bir işin arxasınca gedirdim, sən  səbir gətirdin  deyə mənim işim alınmayacaq".

Hər insanın həyatında peşman olacağı məqamlar var. Mən ailəmə bağlı insanam. Anam mənim üçün qəhrəman qadındır. Özümü anamın yanında xoşbəxt hiss edirəm. Ona aşırı dərəcədə bağlıyam.

- Ananız sizin aktrisa olmağınıza qarşı çıxıbmı?

- Anam özü də incəsənət adamıdır. 35 ildən çox Sumqayıt Mədəniyyət evinin rəhbəri vəzifəsində çalışıb. O, mənim hər bir uğuruma sevinir. Fransaya Kann festivalına gedəcəyimi anama deyəndə, onun keçirdiyi hisslər nəyəsə desən dəyərdi.

- Yəqin ki, ananızın həyata keçirmək istədiyi arzuları olub. Onları həyata keçirmək istəyiniz varmı?

- Anam İncəsənət Universitetini bitirib. O, çox gözəl qadındır. Düşünün ki, mən onun atılan dırnağı ola bilmərəm. Təbiiliyi, mərdliyi,  gözəlliyi ilə insanı heyran edir. Kim istəmir ki, qızını filmlərdə, seriallarda görsün? Anam çəkildiyim filmlərə, seriallara baxır. Səmimi deyirəm ki, mənim çəkilmədiyim filmlərə baxmır (gülürük).

O, Ədil İsgəndərovun üç illik kursuna  gedib. Müəyyən səbəblərdən teatrda qalmayıb. Teatr mühiti onu sıxıb.  Bilirsiniz ki, teatrda çalışmaq asan deyil. Çox şükür ki, bizim Bələdiyyə teatrındakı mühit çox yaxşıdır.

- Siz "Həyat sən nə qəribəsən?" serialında mənfi qəhrəman olan Ağca rolu ilə bəzi tamaşaçıların nifrətini qazanmışdınız. Ananızın bu rolla bağlı reaksiyası necə oldu? 

- Anam baxanda deyirdi ki, "Can bala serialda öz həyatının tam əksini canlandırırsan". Rolda olarkən belə ağlayanda normal həyatda ağladığım kimi ağlayıram. Heç bir dərmandan və başqa vasitələrdən istifadə etmirəm. Bu elə bir şeydir ki, onun qarşısını almaq mümkün deyil. Anam deyir ki, bircə ağlamağın həqiqətdir. Açığı o mənim ağladığımı görəndə pis olurdu.

- Bələdiyyə Teatrında  hazırda vəziyyət necədir?

- Hər şey qaydasındadır. Tamaşalarımızı nümayiş etdiririk, festivallara gedirik. Ötən mövsümün sonunda yazıçı Rəfail Oğuztürk Dağlının "Nargin faciəsi" əsəri əsasında Tural Baxışın rejissorluğu ilə bir tamaşa hazırladıq. Əsər Azərbaycan-Türkiyə qardaşlığından bəhs edir.  Türkiyəli qardaşlarımızın azərbaycanlılara dəstəyindən söhbət gedir. Oynadığımız obrazlar tarixi qəhrəmanlardır. Hazırda köhnə tamaşalarımızın bərpa məşqləri gedir.  

- 10 ildir Bələdiyyə teatrında çalışırsınız. Digər teatrlardan təkliflər almısınızmı? 

- Çox olub. Müxtəlif teatrlardan təkliflər almışam. Ancaq imtina etmişəm. Mənə öz teatrım, kollektivim əzizdir. Artıq kollektivə öyrəşmişəm, biz burada bir ailəyik. 

- Deyirlər teatrın rəhbəri Amaliya Pənahova sərt idarəçidir. 

- Bilmirəm bu imici kim yaradıb? Ancaq məsələ heç də belə deyil. Səmimi deyirəm ki, belə bir şey yoxdur. Biz seriallara çəkiləndə o bizim adımıza çox sevinir. Hər bir uğurumuzu alqışlayır. Xarici qonaqlarla görüşlərdə teatrın aktyorlarını təqdim edərkən deyir ki, mənim aktyorlarım Azərbaycanda tanınmış, peşəkar aktyordurlar. Azərbaycanın serial və filmlərində "at oynadan" simalardır.  Siz Amaliya xanımla yol yoldaşı olsanız görərsiniz ki, onun bizə münasibəti necədir. Qastrol səfərlərində bizimlə elə davranır ki, sanki biz onun doğma övladıyıq. Bizi yedizdirir, sağlamlığımızın qayğısına qalır. Daha nə etsin? Dünyanın bir çox ölkələrinə qastrol səfərlərinə getmişik. Bizim üçün hər şeyin ən yaxşısını edir. Ən yaxşı otellərə, ən yaxşı kafelərə aparır. 
 
- Şəraitdən söhbət düşmüşkən. Teatrınızın şəraiti necədir? Yenə əvvəlki kimidir?

- Kaş ki, bizim yeni binamız ola. Hazırda müxtəlif məkanlarda məşq edirik. Ancaq məşqlərimiz dayanmır. Biz də istəyirik ki, şəraitli binamız olsun. İnşallah bizim də qrim otağımız olar. Digər teatrlarda tamaşalarımızın premyerası olanda baxıb deyirəm, gör necə gözəl qrim otaqları var. Bilirsiniz ki, bizim əvvəllər çox yaxşı şəraitimiz olub. Ümidlərimiz böyükdür. 

- Sosial şəbəkənizi yaxından izləyirəm. Orada sizə qəribə suallar ünvanlanır. "Bu sizsiniz?", "Şəkildəki qıza bənzəyirsinizmi?" Onlara hansı cavabları verirsiniz?

- Elə suallar çox verilir. Hərdən mənə yazırlar ki, "siz həyatda da oynadığınız obrazlar kimisiniz?". Ondan əvvəl "Son hədd" filmində də mənfi obraz  canlandırırdım. Əvvəllər bu tip mesajlara cavab verirdim, sonra bunun  faydasız olduğunu görüb cavab yazmıram.  

- Rejissorlar sizə nə üçün mənfi obraz verirlər?

- Bunun səbəbini bilmirəm. Rejissorlar bilirsə mənə də desinlər (gülürük).

 - Necə bir qadını canlandırmaq istəyərdiniz?

- Seriallarda polis qadını oynamaq istəyərəm. Çünki onlar zəhmli və başqa xarakterli olurlar. Bir də təkbaşına uşaq saxlayan, acınacaqlı həyatı olan, məşəqqətli ömür sürən, eyni zamanda kövrək, öz ayağı üstə dura bilən qadını canlandırmaq istəyərəm. Mütəmadilik, eynilik insanı sıxır. Çalışırsan ki, yaratdığın obrazı digərinə bənzətməyəsən. Mən bilirəm ki, polis qadın obrazı mənə yaraşar. Çünki özümün də o tərəflərimi bilirəm. Uşaqları üçün hər şeyi edən bir insan da canlandırmağı məmnuniyyətlə istəyərəm. Hər insan özünü daha yaxşı tanıyır, hansı tərəfinin yaxşı inkişaf etdiyini də bilir. Təsəvvür edin ki,  iki ildir ki, eyni obrazları canlandırırsınız. Düzdür bu obraz insanın özünə təsir etmir, ancaq həyatına sirayət edir. Bir dəfə canlandırdığım obrazı mənə desələr ki, yenidən oyna oynaya bilmərəm. Mən hafizəmi təmizləyirəm. Çəkildiyim obrazlara yenidən baxmıram. Həmin ərəfədə bir dəfə baxaram, növbəti dəfə baxmaram.  

- Hazırda hər hansı film və ya serial təklifi varmı?

- Hazırda məşhur rejissor Elmar İmanovun filminə çəkilmişəm. Filmdə Azərbaycan kino tarixində sözünü demiş sənətkarlarla tərəf müqabiliyəm. Filmin təşkilatçıları almanlardır. Film hələ ki, montaj prosesindədir. Orada müsbət obraz canlandırıram. Hələ ki, serial təkliflərini dəyərləndirmək rejimindəyəm. Ürəyimcə olan bir rol olarsa razılıq verərəm.

- Bildiyimiz qədəri ilə bu sizin Elmar  İmanovla ilk işiniz deyil?

- Bu bizim üçüncü işimizdir. Mən onun iş prinsipini çox bəyənirəm. Elmar aktyora aşırı sərbəstlik verir. Hesab edirəm ki, rejissor aktrisa tərəfdən o zaman udur ki, aktrisaya sərbəstlik verir. Aktrisa həmin situasiyada sərbəst davranır, hər zaman təbiiliyini saxlayır. 

- Bəs teatrda improvizələr edirsinizmi?

- Əlbəttə. Teatr elədir ki, yüngül improvizə qaçılmazdır. İnsanıq, robot deyilik ki. İlk premyerada aktrisa improvizədən çəkinir, istəyir təmiz və gözəl oynasın. Tamaşanı mütəmadi oynayandan sonra tamaşa bişir və özününküləşir. Ondan sonra improvizə edirsən. 

- İndiyə qədər aktrisa olmağın peşmançılığını çəkmisinizmi?

- Hər insanın həyatında ani peşmançılıqlar olur. Hərdən düşünürsən ki, bəlkə aktrisa olmasaydım həyatda bu qədər çətinliyim olmazdı. Ancaq tamaşaçı alqışı hər şeyi unutdurur. Mən ictimai nəqliyyatdan çox istifadə edirəm. İnsanların mənə qarşı münasibətini görəndə çox sevinirəm. İnsan düşünür ki, buna görə müəyyən şeylərdən keçməyə dəyərdi. 

- Bir də səhnə tozu deyilən bir şey var.

- Elədi. Tamaşanı oynayandan sonra düşünürsən ki, görəsən ikinci tamaşanı nə vaxt oynayacağam.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>