4 gündə 23 piyada vuruldu: sürücü səhlənkarlığı,

Azərbaycanda son günlər piyada vurulması ilə bağlı yol-nəqliyyat hadisələrinin sayı artıb. Bunu mətbuatdakı qəza hadisələri ilə bağlı gündəlik xronika da təsdiqləyir.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, təkcə bu gün ərzində ölkə ərazisində 5 piyada vurulması hadisəsi qeydə alınıb.

Bakının Yasamal rayonunda 17 yaşlı Elmir Allahverdizadəni yolu keçmək istəyərkən maşın vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Digər piyada vurulma hadisəsi Xəzər rayonunda baş verib. Yük maşını ilə 32 yaşlı Tərlan Məmmədovu vuran sürücü ərazidən uzaqlaşsa da, yaralı xəstəxanaya çatdırılıb. Binəqədi rayonunda "KamAZ" markalı qaldırıcı kranın vurduğu 59 yaşlı qadın isə hadisə yerində dünyasını dəyişib. Sabunçu rayonu ərazisində vurulan Etibar Ağalarovun da həyatını xilas etmək mümkün olmayıb. Bu günlərdə digər piyada vurulma hadisəsi Bakı-Qazax magistralında qeydə alınıb. Yolu keçmək istəyən orta yaşlı kişi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

23 piyada vuruldu: 6 ölü, 17 yaralı

Ümumilikdə, son bir nüçə gün ərzində ölkə ərazisində 20 piyada vurulması hadisəsi baş verib, 23 piyada vurulub. Nəticədə, 6 nəfər ölüb, 17 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib. Bu ilin piyada ölümləri ilə bağlı qorxunc statistikası ötən illərlə müqayisədə xeyri artıqdır. Bunun narahatlıq doğuran həddə olduğunu DYP rəsmiləri də təsdiqləyirlər. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun sözlərinə deyib ki, piyadaların vurulması hadisələri ötən il 62 faiz olubsa, bu il 67 faizə qalxıb.

Bu ilin 9 ayı ərzində Azərbaycanda 1334 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 554 nəfər ölüb, 1260 nəfər xəsarət alıb. Bu hadisələrdən 302-si piyadaların vurulması ilə bağlıdır. Nəticədə 2017-ci ilin yanvar-sentyabr aylarında 100 piyada ölüb, 213 nəfər xəsarət alıb.

Piyadaların vurulması ilə bağlı olan yol nəqliyyat hadisələri daha çox Bakıda baş versə də, son vaxtlar qeydə alınan piyada vurulması ilə bağlı qəza hadisələrinə həm də rayonlararası yollarda da çox rast gəlinir. DYP-nin və radarların olmamasından istifadə edən bəzi sürücülər bu yollarda əsl avtoşluq edirlər. Yaşayış məntəqələrində 60 km/saat sürət həddi nəzərdə tutulsa da, bəzən 100-120 km/saat sürətlə şütüyən avtomobillərə rast gəlirik. Piyadaların vurulması ilə baş verən yol qəzalarının bu qədər artmasının səbəbi nədir? Gün ərzində 4-5 piyada vurulması hadisəsinin baş verməsi sürücülərin səhlənkarlığı və ya qeyri-peşəkarlığından xəbər vermirmi?

Yüksək sürət, yoxsa məsuliyyətsiz piyada?

Piyada vurulması ilə bağlı hadisələrin çoxalmasının əsas səbəblərindən biri yolların normal işıqlandırılmamasıdır. Heç də təsadüfi deyil ki, piyada vurulması ilə bağlı hadisələr əksər hallarda günün qaranlıq vaxtlarında baş verir. Digər tərəfdən isə rayon və kənd yollarında tez-tez piyada vurulması ilə bağlı xəbərlərinin olması bu yollarda intensivliyin, avtomobillərin sayının artması, Bakıya nisbətən rayonlarda nəzarətinin zəif təşkili ilə yanaşı piyadaların məsuliyyətə cəlbinə nadir hallarda rast gəlinməsi, sürücülük vəsiqəsi olmadan idarəetmə və digər hallarla əlaqədardır.

Yol hərəkəti üzrə ekspert Azər Allahverənovun bildirdiyinə görə, belə qəzaların artmasında təkcə sürücülərin deyil, piyadaların da müəyyən qədər günahı var. "Bəzən piyadalar piyada keçidi olmayan yerlərdən keçirlər, hətta yollarda olan dəmir sədləri belə atlanaraq keçirlər. Belə piyadalar yol qəzalarının yaranmasına səbəb olurlar. Şübhəsiz ki, burada sürücülər də məsuliyyət daşıyırlar. Çünki sürücülər yolla hərəkət edərkən elə sürət həddi seçməlidirlər ki, yola piyada çıxarsa avtomobili dayandırmaq mümkün olsun. Bəzən sürücülər elə sürət seçirlər piyada dərhal deyil, hətta asta-asta yola çıxsa belə sürücü avtomobili dayandıra bilmir və faciə qaçılmaz olur. Bu problemin görünən tərəfidir. Bəzən piyadalar gecə saatlarında avtomobil yoluna çıxırlar. Əgər piyadanın əynində qara paltar varsa, sürücü onu seçə bilmir. Yolların işıqlandırılması da bəzən qəza hadisələrinə səbəb olur. Piyadalar qaranlıq ərazilərdə yolu keçmək üçün düzgün yer seçməlidir. Sürücü də gecə saatlarında piyada keçə biləcəyini nəzərə almalıdır", – ekspert qeyd edib.

A.Allahverənov deyir ki, qəzaların qarşısını almaq üçün maarifləndirici tədbirlər keçirilməlidir. Bu işdə dövlət orqanları ilə yanaşı QHT-lər də fəal iştirak edərsə, nəticə əldə etmək olar.

İldə 40 min piyada inzibati məsuliyyətə cəlb olunur

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev isə hesab edir ki, piyada vurulmaları sürücülərin səhlənkarlığı və ya qeyri-peşəkarlığı ilə əlaqədar deyil. Şöbə rəisinin bildirdiyinə görə, belə hadisələr əksər hallarda səkidə və ya piyada keçidində deyil, yolun hərəkət hissəsində baş verir: "Piyadaların vurulmasında ən çox piyadaların özlərinin təqsiri var. Əsas piyada qəzalarına piyadaların yolların onlar üçün təyin olunmayan yerlərindən keçməsi ilə bağlıdır. Sözsüz ki, yolların işıqlandırılmaması da burada müəyyən qədər rol oynayır".

K.Əliyev deyir ki, piyada vurulmasının qarşısının alınması üçün ən çox təbliğat-maarifləndirmə işlərinə üstünlük verilir. Amma bununla belə piyadalar həm də inzibati məsuliyyətə də cəlb olunurlar: "Çalışırıq ki, piyadalaramız qayda-qanunlara riayət eləsinlər. Çünki öz təhlükəsizliklərini birinci növbədə özləri təmin etməlidirlər. Yolun onlar üçün müəyyən olunmamış yerlərindən keçmə birinci növbədə onlar üçün təhlükəlidir. Yol polisi tərəfindən maarifləndirmə tədbirləri ilə yanaşı inzibati tədbirlər də görülür. Qaydaları pozmağa görə il ərzində 40 min piyada inzibati məsuliyyətə cəlb olunub. Amma bundan başqa ailələrdə də bu məsələ diqqətdə saxlanılmalıdır. Evdən çıxana "diqqətli o", "ehtiyatlı ol", "keçiddən keç" deyilməlidir ki, belə qəzalar baş verməsin", – deyə şöbə rəisi bildirir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>