Braziliya XİN rəhbəri: “Azərbaycanla ölkəmiz arasında genişləndirilmiş dialoq və əməkdaşlıq qlobal problemlərin həllində güclü vasitə ola bilər”

Braziliya və Azərbaycan birlikdə çox şeyə nail ola bilərlər. Milli.Az xəbər verir ki, bunu Trend-ə və "Azernews"a Braziliyanın xarici işlər naziri Aloysio Nunes Ferreyra bildirib.

Nazir qeyd edib ki, Brazilia və Bakı bir-birindən 11 784 kilometr məsafədə yerləşir, amma qarşılıqlı asılılıq və ani kommunikasiya dövründə coğrafiya daha sıx diplomatik münasibətlərə mane olmamalıdır: "Mən Azərbaycana səfər edən ilk braziliyalı xarici işlər naziri olacağam. Bu səfər onu göstərir ki, siyasi iradə coğrafi maneələri aşa bilər. Biz Bakıda səfirliyimizi 2009-cu ildə açmışıq. Bu addım Braziliyanın Azərbaycana böyük önəm verdiyini və onun Şərqlə Qərb arasındakı körpü kimi unikallığını qəbul etdiyini ifadə edir".

O vurğulayıb ki, Braziliya müxtəlif etnik qrup, mədəniyyət və din nümayəndələrinin birgə yaşadığı və sülhsevər düşüncəni paylaşdığı bir ölkədir: "Braziliya da Azərbaycan kimi tolerantlıq, xalqlar və sivilizasiyalar arasında dialoqa əsaslanan beynəlxalq prinsiplərə sadiqdir. Təəccüblü deyil ki, ölkələrimiz beynəlxalq ictimaiyyət qarşısında dayanan bir sıra problemlərə eyni yanaşma tətbiq edir. Azərbaycan və Braziliya arasında genişləndirilmiş dialoq və əməkdaşlıq bugünkü mürəkkəb zamanlarda qlobal problemlərin həlli üçün güclü vasitə ola bilər".

A.N.Ferreyra bildirib ki, 2007-2008-ci illər maliyyə böhranının nəticələri hələ də dünyanın müxtəlif yerlərində hiss olunur və radikal ideologiyaların formalaşmasına gətirib çıxarır: "Biz indi sülhsevər ölkələrin əməkdaşlığına böyük tələbatın olduğu təhlükəli bir dünyada yaşayırıq. Beynəlxalq ictimaiyyətin əməkdaşlıq və çoxtərəfli münasibətlərin hakimiyyət uğrunda rəqabət üzərində üstünlüyünü görmək istədiyini nəzərə alsaq, qlobal idarəetmə təşkilatlarında islahatların indi hər zamankından daha aktual olduğunu deyə bilərik. Söhbət BMT Təhlükəsizlik Şurasının həm daimi, həm də qeyri-daimi kateqoriyalarda genişləndirilməsindən gedir. Bu, həmin qurumun qəbul etdiyi qərarları daha legitim və səmərəli edə bilər".

Xarici işlər naziri deyib ki, Braziliya Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü qismində gördüyü işləri yüksək qiymətləndirir: "Biz 2013-cü ildə BMT və İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq haqqında xüsusi sessiyada sədrliyi zamanı rəsmi Bakının güclü idarəçiliyini xatırlayırıq. Azərbaycan dini müxtəlifliyə hörmət ənənəsinə malik bir ölkə kimi mədəniyyətlər və dinlər arasında qarşılıqlı anlaşma və tolerantlığın inkişafına mühüm töhfə verir".

O qeyd edib ki, Azərbaycan, həmçinin ümumi anlaşma və tolerantlığa nail olmaq üçün mühüm vasitələr hesab olunan Beynəlxalq Humanitar Forumun və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yaradılmasında böyük təşəbbüs göstərib: "Ötən il Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilmişdi. Alyansın 3-cü forumu 2010-cu ildə Rio-de-Janeyroda baş tutmuşdu. Bu isə ölkələrimizin sülh və çoxtərəfli əməkdaşlığa sadiqliyini nümayiş etdirir.

Mən qətiyyətlə inanıram ki, ölkələrimiz birlikdə çox şeyə nail ola bilərlər. Biz bir sıra sazişlər, o cümlədən Siyasi məsləhətləşmələr haqqında Protokol və iqtisadi münasibətlərimizi inkişaf etdirəcək saziş imzalamışıq. Bu sənədlər əlaqələrimizin daha çox inkişafına xidmət edəcək. "Azərbaycan Hava Yolları" və "Buta Airways" şirkətləri tərəfindən 2013 və 2016-cı illərdə Braziliyanın "Embraer" təyyarələrinin alınması iqtisadi münasibətlərimizi inkişaf etdirməyə imkan verdi".

Bununla belə, nazir bildirib ki, Braziliya ilə Azərbaycan arasında münasibətlər hələ də potensiala tam cavab vermir: "Biz buna siyasi iradə və konkret fəaliyyətlə nail ola bilərik. Mənim xarici işlər naziri qismində Azərbaycana ilk səfərim, eləcə də həmkarım Elmar Məmmədyarovun 2006-cı ildə Braziliyaya tarixi səfəri bu istiqamətdə atılan vacib addımlardır. Ümid edirəm ki, bu səfər ölkələrimiz arasında əlaqələri möhkəmləndirməyə kömək edəcək. Əminəm ki, hər iki ölkə coğrafi məsafəni qət edərək möhkəm dostluq əlaqələrindən və ümumi dəyərlərə əsaslanan daha sıx münasibətlərdən xeyir görəcək".

Qeyd edək ki, A.N.Ferreyra noyabrın 15-də Azərbaycana səfər edəcək.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>