“Ümidlərlə yaşayırıq…”

Milli.Az kaspi.az-a istinadən xalq artisti Ramiz Həsənoğlunun müsahibəsini təqdim edir.

Azərbaycan Televiziyasının səksəninci illərdə ekrana çıxan televiziya tamaşalarının əksəriyyətində onun imzası var. Sovet dövrünün tamaşaçıları onun televiziya tamaşalar ilə böyüdü. Tarixi, həyatı, sevgi dramlarını o əsərlərdən öyrəndi. Xalq artisti Ramiz Həsənoğlunun peşəkar dəst-xətti ilə ərsəyə gələn teletamaşaları bu gün "təqvimdə qırmızı gün" kimi gözləyirlər. Rejissor özü də həmin dövrün keçdiyinə təəssüfünü gizlətmir.

O qatar getdi…

- Azərbaycanda televiziya tamaşaları deyəndə rejissor kimi həmişə sizin adınız yada düşür. Hətta televiziya tamaşalarının "qızıl dövrü"nü sizin adınızla bağlayırlar. "Qatarda", "Topal Teymur", "Evləri köndələn yar" və s. kimi tamaşalar xatırlanır. İndi ssenari yoxdur, yoxsa həmin aktyor nəsli daha yetişmir?

- Yəqin ki, bu bir az tamaşaçının qavrayışı ilə bağlıdır. Ümumiyyətlə, dünyada televiziyanın öz tendensiyaları var. Bu tendensiyaların içində son illər seriallar özünə yer tapıb. Bu gün tamaşaçının marağını o seriallarla ödəməyə çalışırlar. O serialların bədii keyfiyyətinin tamaşaçı təbəqəsinin zövqünə nə dərəcədə uyğunluğu məsələsi də var. Amma onu deyim ki, zamanla tamaşaçı təbəqəsinin sayı çoxalıb. O tamaşaçıların içərisində isə müxtəlif dünyagörüşlü adamlar var. Ola bilsin ki, o təbəqələrin içərisində yüksək səviyyəli zövqə malik insanlar var və onları indiki vəziyyət qane etmir. Və ola bilsin ki, istər-istəməz vaxtilə mənim və yoldaşlarımın çalışıb ərsəyə gətirdiyi işlərə daha çox üstünlük verirlər. Azərbaycan televiziyası da bu mənada dünya televiziyasının bir qoludur. Bu mənada "tamaşalar niyə yoxdur" deyəndə tendensiyanı bununla bağlayardım.

- Eyni prosesləri biz Rusiya teatr və kinosunda da görürük. Aktyor və tamaşaçılar "qızıl dövr keçdi" deyə təəssüflənirlər. O dövrü qaytarmaq mümkündürmü?

- O qatar getdi… İndiki qatarın sərnişinləri, rejissorları, başqa adamlardır. Amma nə qədər ki bəşəriyyət var, sənət də yaşayır. Qobustan qayalarına həkk olunan heroqliflər də sənət növləridir. İnsanlar o vaxtlar hələ mağara içərisində özlərindən sənət uydururdular və bununla təsəlli tapırdılar. Kriteriyalar zaman keçdikcə dəyişir, yeni texnologiyalar gəlir. Məsələn, XIX əsrin sonu, XX əsrin əvvəllərində kinematoqrafiya, XX əsrin ortalarında televiziya gəldi və sənət kütləviləşdi. Kütləvi sənətin içində yüksək səviyyəli iş görmək asan olmadı. Amma görülən işlər yadda qaldı.

- Siz son illər "Sübhün səfiri", "Cavid ömrü" filmlərini çəkmisiniz. Bu gün təqdim olunan filmlərin arasında yaddaqalan ekran əsərinə də rast gəlinmir. Bu nədir – ətalət?

- Ola bilsin ki, yadda qalası filmlərin sayı azalıb. Amma bu maraqlı filmlərin, rejissorların olmaması anlamına gəlmir. Son 5-7 ildə ortaya çıxan filmlərimiz də var. Məsələn, "Nabat" filmini qeyd edim. Rejissoru Elçin Musaoğludur. O, vaxtilə Azərbaycan Dövlət Televiziyasında çalışıb. Zamanla inkişaf edib, "Azərbaycan Telefilm" Yaradıcılıq Birliyində filmlər çəkib, tamaşalar qoyub. Yavaş-yavaş addımlayaraq böyük kinoya keçib və burada çox uğurlu addımlar atıb. "40-cı qapı", "Nabat" filmi ilə… "Nabat" filmi Qarabağ hadisələrinə həsr olunub. Son 5-7 ildə Elçin kimi bir rejissor ortaya çıxıbsa, buna artıq sevinmək lazımdır. Təkcə Elçin yox, daha başqa gənclər də var. Fariz Əhmədovu deyə bilərəm. Sənədli filmlər rejissorudur. Bu yaxınlarda film də çəkməyə hazırlaşırdı, amma deyəsən, maddi problemlər oldu.  Ondan əlavə, festivallarda yer tutan filmlərimiz var. Onların rejissorlarından Şamil Əliyev, Elxan Cəfərovun adını çəkə bilərəm.

- Yəni, az, amma keyfiyyətli iş olsun?

- Yaxşı olsun, çox olsun. Bizdə bütün sferalarda ən böyük problem peşəkarlıqdır. Sənətini, işini bilən adam gərək işinin başında dursun. Hansısa səbəbdən bu olmayanda gördüyümüz mənzərə yaranır. İstər sənətdə, istər yolların çəkilməyində, istərsə də şəhərin işıqlandırılmasında və s. Həyatın bütün sahələrində bunu yaşayırıq… Peşəkarların yetişməsi üçün münbit şərait, dövlət qayğısı lazımdır. Tutaq ki, vaxtilə bizdə burda da rejissorluğu bitirib sənətə gələnlər varıydı. Amma bura ilə kifayətlənməyib, Moskvada, Sankt-Peterburqda və başqa şəhərlərdə sənətə yiyələnmək istəyənlər az deyildi. Mən Sankt-Peterburqda Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunu bitirmişəm. Burdakı Mədəniyyət və İncəsənət Universitetinin (O vaxt Teatr İnstitutu adlanırdı) mədəni maarif fakültəsini bitirəndən sonra Az.TV-də çalışırdım, hətta rejissor kateqoriyam da varıydı. Amma bu, kifayət etmədi, gördüm ki, çabalayıram, təcrübə toplamaq üçün daha çox bilik, geniş meydan lazımdır. Buna görə Rusiyada təhsil almağa qərar verdim. Heç kim anasından mütəxəssis kimi doğulmayıb, hamı bir sahəyə gedir, hansısa təcrübə yolu keçir. Xüsusilə, rejissorluğu bitirənlər… Rejissorluq elə bir sənət növüdür ki, son dərəcədə hazırlıqlı olmalısan. Çünki sənin gördüyün işə milyonlar baxır.

- Necə bilirsiniz, hazırda çəkilən seriallar bugünkü tamaşaçının zövqünü təmin edirmi?

- Bilirsiniz, mən öz adımdan danışa bilərəm. Sənətin içindən gələn bir tamaşaçı olduğum üçün məni cəlb etmək bir qədər çətindir, amma əsas tamaşaçı kütləsi onlara baxır və yəqin ki, görmək istədiyini alır. Mənim kriteriyam bir az başqa cürdür. Ssenaridən tutmuş, aktyor oyununa, rəssam işinə və s. ən xırda detallara da fikir verirəm. Bu cəhətdən yanaşsaq, dediklərim bir az sərt də ola bilər. Amma bu gün çəkilənləri bəyənən tamaşaçı kütləsi də var, bəyənməyənlər də. Bütün kanallarda çalışan, serial çəkən rejissorların hamısının peşəkar səviyyəsinin daha yüksək olmasını istəyirəm. Heç kimi qaralamaq istəmirəm, sadəcə bu, mənim istəyimdir. Onu da deyim ki, bu gün serial çəkənlər arasında çox bəyəndiyim rejissorlar da var. Məsələn, "Vicdan haqqı" serialını ərsəyə gətirən Rövşən İsax çox ciddi, üzərində çalışan, materiala müdaxilə edən, peşəkardır. Düzdür, serialın mövzusu səni cəlb etməyə bilər, amma baxan kimi işi görənin mütəxəssis olub-olmadığı bilinir. Digər kanallarda da bu cür rejissorların çalışmasını istəyərdim. Burda söhbət ssenaridən getmir, aktyorları seçmək, onları ortaya çıxarmaq, operatorla işləmək və s. kimi işləri gözəl yerinə yetirənlər çox azdır.

- Belə çıxır ki, peşəkar nöqteyi-nəzərdən baxanda çox az filmdən zövq alırsınız. Hər detalına fikir verirsiniz…

- Təbii. Mən təkcə adi tamaşaçının baxıb gördüyünə deyil, başqa bir çox məqamlara fikir verirəm. Çəkilən kadr, aktyor seçimi, onların oyunu və s. Aktyorun tamaşaçını inandırması önəmlidir. Sənətin gücü ondadır ki, sən izləyərkən özünü unudursan, real olduğuna inanırsan. Bu mənada çox az filmdən zövq alıram. Lakin elə məqamlar olur. Bütün gün televiziya izləmirəm, amma baxanda da nəyə baxdığımı seçirəm. Filmlərə baxmağı çox sevirəm. Rus, Avropa, Amerika və bizim rejissorların filmlərini sevirəm. Artıq dünyasını dəyişmiş rejissorlarımız var ki, onların filmlərinin vurğunuyam. Arif Babayev, Şamil Mahmudbəyov kimi rejissorların yaxşı filmləri var və biz bu gün də onları izləyirik. Gözəl filmlərimiz olub, ümid edək ki, gələcəkdə də olacaq.
 
50 ildir sənətdəyəm

- Siz teatrda böyümüsünüz. Ananız Ətayə Əliyeva hələ kiçik yaşlarınızda əlinizdən tutub teatra aparıb. Bu gün həmin məbədə gedirsinizmi?

- Maraq doğuran tamaşa haqqında eşidəndə gedib izləməyə çalışıram. Prosesin içində olmaq, heç olmasa, aktyorlara baxmaq üçün… Müxtəlif teatrlarda çalışan fərqli aktyorlar var. Mənim üçün maraqlıdır ki, ərsəyə gətirilən yeni tamaşa onların inkişaf etməyində hansı rola malik oldu? Öz-özünə fikirləşirsən ki, mən filan əsəri səhnələşdirəcəyəmsə, bu aktyoru filan rola dəvət edə bilərəm.

- O vaxtları, ananızın sizi teatra apardığı dövrü necə xatırlayırsınız? Kimlər səhnədə idi, hansı tamaşalar daha maraqla qarşılanırdı?

- O vaxt yaşım çox az olduğu üçün sənət haqqında düşüncələrim də uşaq yanaşması ola bilər. Mən formalaşdıqca, düşüncə tərəfdən həddi-buluğa çatdıqca, sənətlə bağlı fikirlərim də püxtələşdi. 20 yaşımda televiziyaya gəlmişəm. Bu mühitə düşəndən sonra mənim ustadlarım olub. Arif Babayev, Rauf Kazımovski, Ağaəli Dadaşov, Kamil Rüstəmbəyov kimi ustadların əlinə, işinə baxmışam, öyrənmişəm, oxumuşam. Zamanla formalaşdıqca hardasa elə bir məqam gəlib çatıb ki, başa düşdüm ki, mən bu sənətsiz yaşaya bilmirəm. Mənim üçün yaşamaq həm də sənətimlə məşğul olmaqdır. O zamandan hiss edirəm ki, artıq sənətlə bağlı olan düşüncəm ona olan münasibətlərimi aydınlaşdırır. 

- Siz hər gün televiziyaya işə gəlib-gedirsiniz, əvvəlki illərdəki kimi. Ona görə gəlirsiniz ki, bura sizin iş yerinizdir? Yoxsa, o zamankı qədər işiniz yenə var?

- Bura doğma iş yerim, doğma otaqdır. İş olmaması o demək deyil ki, mən dayanmışam. Şübhəsiz ki, düşünürəm, çalışıram, oxuyuram, ümidlərlə yaşayırıq. Hər zaman kəsiyində insanın ümidləri korşalmır. Mənim çox maraqlı düşüncələrim var. Ümid edirəm ki, onlar nə vaxtsa öz həllini tapacaq. 

- Əvvəlki şərait və aktyor heyəti olsaydı nəyi çəkərdiz?

- İstər televiziyada, istər kinoda olsun, Cəfər Cabbarlı haqqında maarifçi bir film çəkmək istəyərdim. İdeya yazıçı Anardan gəlib. Onun ssenarisi var, biz bu haqda danışmışıq da. Onun həyatı mənim üçün çox maraqlıdır. Keşməkeşli həyat yaşayıb. Dünyadan tez getməyinə baxmayaraq, geniş yaradıcılığı var. Yaradıcılığı ilə yanaşı, maraqlı tale yaşayıb. Onun taleyi haqqında film çəkməyə imkan verir. "Fatehlərin divanı"nın davamını çəkmək istəyirəm. Orda məkan belədir ki, Oğuz xan, Atilla, Alp Arslan Qazi türk dünyasının ən maraqlı şəxsiyyətlərini divana çağırırlar. Biz Teymurləngdən başladıq, 4 seriya çəkdik. İdeyalar çoxdur. 50 ildir sənətdəyəm. Adamlar var ki, 20 il sənətdə işini görəndən sonra əl-ayağını yığır ki, işimi gördüm, çəkilirəm kənara. Mən o mənada çox acgözəm. Çünki mənə elə gəlir ki, deyiləsi sözlər və o sözləri, işləri gözləyənlər var.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>