Azərbaycan Prezidenti: Tezliklə bütün rayonlarda sənaye zonaları yaradılacaq

Neftçala Sənaye Məhəlləsinin çox böyük mənası var. Bu, onu göstərir ki, biz düzgün yoldayıq və qəbul edilmiş qərarlar vaxtında, yüksək səviyyədə icra olunur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Neftçala Sənaye Məhəlləsi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.

"Bu Sənaye Məhəlləsinin çox böyük mənası var Biz bu məhəlləni cəmi iki il ərzində yarada bilmişik. Bu, deməyə əsas verir ki, hər bir rayonda belə sənaye məhəllələri yaradıla bilər. Əslində bu məsələ ilə bağlı müvafiq göstəriş artıq verilmişdir və əminəm ki, tezliklə bütün rayonlarda sənaye zonaları yaradılacaq", – deyə dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, gələn ilin İnvestisiya Proqramında dövlət investisiya xərcləri sırasında mütləq yeni bölgələrdə sənaye zonalarının yaradılması nəzərdə tutulmalıdır: "Müvafiq göstəriş verilib və bölgələrdə yaşayan, fəaliyyət göstərən sahibkarlar, iş adamları da əlbəttə ki, bu zonaların yaradılmasında fəal iştirak etməlidirlər. Çünki burada, yəni, istehsal sahəsinə yatırılan sərmayə özəl sektor tərəfindən qoyulur. Əlbəttə, qeyd etdiyim kimi, dövlət də daim öz dəstəyini göstərəcək. Dövlət bu ərazini seçib, burada infrastruktur layihələrini icra edib, modul konstruksiyaları inşa edib, sahibkarları səfərbər edib, güzəştli şərtlərlə kreditlər verib ki, onlar yaxşı iş görsünlər.

Beləliklə, mən sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm. Yenə də qeyd etmək istəyirəm ki, bu zonanın Neftçala rayonunun inkişafına böyük dəstəyi olacaqdır. Rayonun inkişafı bundan sonra da uğurla getməlidir. Neftçala rayonunda bir çox önəmli layihələr icra edilibdir – sosial layihələr, iqtisadi layihələr, infrastruktur layihələri. Bu gün əsaslı təmirdən sonra Mərkəzi Rayon Xəstəxanasının açılış mərasimində iştirak edəcəyəm. Bu böyük xəstəxana indi ən yüksək standartlara cavab verir. Neftçala rayonunda yol layihələri uğurla icra edilir, 11 kəndi birləşdirən bir yol layihəsi istismara verilibdir və digər layihə tezliklə icra ediləcək. O layihənin icrası nəticəsində 20-dən çox kənd artıq bir-biri ilə gözəl yolla bağlanacaq və beləliklə, Neftçala rayonunun əksər kəndlərinin yol problemi öz həllini tapacaq.

Suvarma ilə bağlı böyük işlər görülür. Biz yeni əkin sahələrini dövriyyəyə buraxırıq. Meliorasiya işləri sürətlə gedir. Bu gün biz Neftçala magistral su kanalının və nasos stansiyasının birinci mərhələsinin istismara verilməsini qeyd edəcəyik. Beləliklə, kənd təsərrüfatının inkişafına da böyük təkan veriləcək. Bir sözlə, biz rayonun inkişafına kompleks şəkildə yanaşırıq, kənd təsərrüfatı əlbəttə ki, əsas sahədir və indi Neftçala ölkəmizin sənaye mərkəzlərinin birinə çevrilir. Mən sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm, sizə yeni uğurlar arzulayıram".

Milli.Az 

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>