Polşa rəsmiləri Azərbaycandan dəstək istədilər

Avqustun 16-da Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Polşanın təhsil naziri Anna Zalevskanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend-in məlumatına görə, V.Ələsgərov qonaqları salamlayaraq qarşılıqlı səfərlərin ölkələrimiz arasındakı dostluq əlaqələrinin inkişafında əhəmiyyətli olduğunu söyləyib, bu səfərin səmərəli keçəcəyinə ümidvar olduğunu deyib.

Polşanın təhsil naziri xanım A.Zalevska səmimi görüşə və qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib. O, səfərin məqsədinin Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransında iştirak etmək olduğunu bildirib. Polşalı nazir 2023-cü ildə milli skautların görüşünün Polşada keçiriləcəyinə ümid bəslədiyini söyləyib. A.Zalevska Azərbaycan Prezidenti İlham Əliyevin Polşaya səfərini xatırladıb və ölkələrimiz arasında əməkdaşlığın dinamik inkişafında əhəmiyyətini vurğulayıb.

Görüşdə çıxış edən Polşa Senatının üzvü xanım Malqorzata Kopiçzko Bakının ev sahibliyi etdiyi Skaut Konfransının əhəmiyyəti barədə danışıb və Polşa Skaut Federasiyasına dəstək vermək üçün bu mötəbər tədbirə qatıldığı qeyd edib.

Polşa Seyminin deputatı Piotr Çieslinski Azərbaycanın, xüsusilə də Bakının gözəlliyi barədə xoş təəssüratlarını bölüşüb. Burada gedən sürətli inkişafın, müasirliyin şahidi olduqlarını bildirib. Ölkələrimiz arasında müxtəlif sahələrdə mövcud olan əməkdaşlığın bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə inamını ifadə edib. Polşalı deputat 2023-cü ildə Skaut Konfransının onun ölkəsində keçirilməsi üçün Azərbaycanın dəstəyinə ümid etdiklərini bildirib.

V.Ələsgərov söyləyib ki, Bakı hər zaman bir çox mədəniyyətlərin, millətlərin birgə yaşadığı yer olub və burada həmişə müxtəlif dini konfessiyalar fəaliyyət göstərib. O, polşalı mütəxəssislərin Bakının bir sıra memarlıq nümunələrinin inşasında iştirak etdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, 1918-ci ildə milli ordumuzun yaranması prosesində polşalı mütəxəssislər də iştirak ediblər. V.Ələsgərov dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin genişləndirilməsi ilə bağlı fikirlərini açıqlayıb. O, parlamentlərarası əməkdaşlığın gücləndirilməsinin təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyətli olduğunu bildirib.

Görüşdə Polşa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səttar Mehbalıyev, Polşanın ölkəmizdəki müvəqqəti işlər vəkili Andrzey Jankovski və digər rəsmi şəxslər iştirak ediblər.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>