Yaşıl çay: üzrü günahından betər

Yaşıl çayın faydası haqqında demək olar ki, eşitməyən yoxdur. Qədim Çin rəvayətinə görə, yaşıl çay dünyaya müqəddəs Bodhidharma tərəfindən göndərilmişdir. Çinin qədim sərkərdələrindən olan Şen Nun öz ölkəsinin sakinlərinə yaşıl çay içməyi məsləhət görür və onun oynaq ağrılarını azaltmaq, görməni yaxşılaşdırmaq, immun sistemi gücləndirmək, yorğunluğu aradan qaldırmaq kimi müalicəvi xüsusiyyətləri olduğunu söyləyirdi. Müasir dövrdə isə yaşıl çayın tonuslandırıcı, qantəmizləyici, iltihabi prosesə qarşı, antihipertenziv, antitoksik, antiseptik, sakitləşdirici, ishal əleyhinə, antiaterosklerotik keyfiyətləri də aşkar edilib.

Milli.Az herba-flora.com-a istinadən bildirir ki, yaşıl çayın faydalı xüsusiyyətlərindən bəhrələnmək üçün onun xüsusi hazırlanma və içilmə qaydasına düzgün əməl edilməlidir. Çinlilər çayın üzərində hazırlanma və istifadə qaydasını çox aydın şəkildə yazırlar. Çay hazırlanandan sonra maksimum 6 dəqiqə keçir və içilmirsə, onun tərkibindəki efir birləşmələri uçur və orqanizmə lazım olan maddələrin böyük bir hissəsi itir. Belə çıxır ki, təzə hazırlanmış yaşıl çay maksimum 5 dəqiqə ərzində içilməlidir, əks halda sevə-sevə içdiyimiz çay zəif ətirli və faydasız bir məhlula çevrilir.
 
Çayı bir dəfə hazırlamaq və gün ərzində bir neçə dəfə yenidən qaynadıb içmək də orqanizm üçün çox təhlükəlidir. Ölkəmizin əksər bölgələrində adətən yeməkdən sonra mütləq çay içilir ki, bu da bir növ qida qəbulu prosesinin davamı kimi başa düşülür. Hətta çox vaxt onu bir qanunauyğunluq kimi icra edir və doğru olmadığını ağlımıza da gətirmirik. Əslində isə mütəxəssislər çayın həmin qaydada qəbulunun orqanizm üçün faydasız olduğunu iddia edirlər. Onların fikrincə, çay ya ayrıca ritual olaraq içilməli, ya da yeməkdən ən azı 30-40 dəqiqə sonra qəbul olunmalıdır. Bir çox xalqlarda çayın mütləq balla, südlə, şirin nemətlərlə içilməsi kimi vərdişlər formalaşmışdır və bu, çayın kalorilik dərəcəsinin artırılmasına xidmət edir.
 
Yaşıl çayın qəbulu bəzi hallarda sağlamlıq və xəstəliklərsiz həyat tərzi təsəvvürü yaradır. Bu, həqiqətən də belədirmi?
Dərman bitkilərinin müalicəvi xüsusiyyətləri olduğu danılmazdır. Lakin bununla bərabər bir çox apteklərdə və hətta bəzi böyük marketlərdə adi və yaşıl çayla yanaşı xüsusi karton qablarda müxtəlif çeşidli bitki çayları da satılır. Təəssüf ki, həmin "müalicəvi çayların" tərkibinə daxil olan bitkilərin nə dərəcədə düzgün seçilməsi, hansı şəraitdə yığılması, keyfiyyəti qaranlıq olaraq qalır. Əksər hallarda istehlakçılar adi və ya yaşıl çay alarkən ilk növbədə onun ətrinə fikir verir və adətən daha ətirli olanı seçirlər. Lakin yadda saxlamaq lazımdır ki, bəzi hallarda istehsalçılar çaylara gözəl ətir verən süni aromatizatorları xammala hopdurur və bununla da çayların alıcılar tərəfindən daha tez alınmasını, hən də daha üstün qiymətləndirilməsini təmin etmiş olurlar. Əminliklə söyləmək olar ki, yaşıl çayı tanıyanların az qala hamısı onun ancaq müsbət, yəni faydalı xüsusiyyətlərini bilirlər. Təəssüf ki, yaşıl çayın da qədərindən artıq içilməsi onun zərərli xüsusiyyətlərinin üzə çıxmasına səbəb olur. Alimlərin əldə etdikləri nəticələrə görə, müəyyən müddət fasiləsiz yaşıl çay içənlərin ürək vurğularında nəzərəçarpacaq qüsurlar yaranır. Bundan başqa yaşıl çayın jenşenlə qarışığı onkoloji xəstəliklər zamanı əks-göstərişdir və qəbulu yolverilməzdir. Həmin çay daha çox yaşı 50 və daha yuxarı olan qadınlar üçün xüsusilə təhlükəlidir. Son illər aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, uzun müddət və fasiləsiz olaraq yaşıl çay içilməsi böyrəklərdə daş əmələ gəlməsi prosesini sürətləndirir, qaraciyər və böyrəklərin fəaliyyətinin zəifləməsinə, müəyyən vaxtdan sonra isə həmin orqanların xroniki xəstəliklərinə aparıb çıxarır. Bunun ən əsas səbəbi yaşıl çayın tərkibində olan polifenol birləşmələrinin çoxluğudur və bir müddət sonra onlar qaraciyərin və böyrək parenximasının zədələnməsinə səbəb olur.
 
Sual yaranır: yaşıl çayın sağlamlıq üçün bu qədər mənfi təsirləri varsa, onda nə etmək lazımdır? Bəlkə ondan tamamilə imtina edilməlidir? Axı yaşıl çayın metabolik, güclü antioksidant, antitoksik təsirlərini və əhval-ruhiyəni yaxşılaşdırmaq xüsusiyyətini göz ardına vurmaq olmaz. Əvvala, yaşıl çayı keyfiyyətinə əmin olandan sonra qəbul etmək məsləhətdir. Daha yaxşı olar ki, onun qəbulu uzun müddət aparılmasın. Əks halda yaşıl çayın xeyrindən çox ziyanı ilə üzləşirik, necə deyərlər, üzrü günahından betər olur. Həm də aptek vitrinlərində adi dərman bitkilərindən hazırlanan vitaminli, ətirli və sağlamlıq üçün əhəmiyyətli digər çaylar da satılır. Onların qəbul edilməsi əlbəttə ki, yaşıl çay içilməsindən heç də az əhəmiyyətli deyil…

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>