“ÜAK-ın ləğvi nə Rusiya, nə də Azərbaycanın maraqlarına uyğundur”

"Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi siyasi qərardır, nə Rusiyanın, nə də Azərbaycanın maraqlarına uyğundur".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat vurğulayıb ki, Rusiyadakı bəzi siyasi texnoloqlar yanlış strateji düşüncəyə sahibdirlər: "Hələ də qonşu ölkələrlə üfiqi deyil, şaquli münasibətlərin qurulmasını vacib hesab edirlər. Rusiya-Azərbaycan münasibətlərinin indiki səviyyəyə çatması böyük diplomatik səylər və güclü siyasi iradə sayəsində mümkün olub. Bu münasibətlərin qorunması Azərbaycan üçün nə qədər vacibdirsə, Rusiya üçün də bir o qədər vacibdir".

H.Babaoğlu vurğulayıb ki, Azərbaycan öz geostrateji mövqeyi ilə Cənubi Qafqazda Rusiyanın çox vacib tərəfdaşıdır və bu tərəfdaşlıq iqtisadi, siyasi, hərbi, sosial sferaları əhatə edir: "Azərbaycan dövləti həmişə Rusiyanın regiondakı strateji maraqlarını nəzərə alıb, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirib və münasibətlərdə qarşılıqlı dəstək ruhu hökm sürüb. Rusiya eyni zamanda postsovet məkanında ən qanlı münaqişə kimi xarakterizə olunan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Rusiya regionun gələcəyi ilə bağlı qəbul edilən qərarlarda məsuliyyət daşıyan güclü regional aktordur. Bu kimi qərarlar isə Rusiya-Azərbaycan münasibətlərini korlaya bilər. Bu, iki ölkə arasındakı siyasi dialoq və siyasi tərəfdaşlığın ruhuna ziddir. Görünür, hansısa qüvvələr bu münasibətləri korlamaqda maraqlıdır".

Deputat hesab edir ki, Rusiyanın bəzi antiazərbaycan dairələri, dövlət orqanlarındakı ermənipərəst şəxslər, habelə bu ölkədəki erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətini davam etdirir "ÜAK-ın ləğvi üçün göstərilən əsaslar tam subyektiv olub. Məsələn, təşkilatın adının onun fəaliyyətinin xarakterinə işarə etməməsi, yaxud rəyasətin iclaslarının keçirilməsi ilə bağlı dövriliyə riayət olunmaması hər hansı qurumun ləğvi üçün yetərli olmayan "dəlillərdir". Görünür, Rusiyada antiazərbaycan dairələr və erməni lobbisi Rusiya və Azərbaycan arasında münasibətləri sınaq qarşısında qoymaq planlarını reallaşdırmağa çalışırlar. Rusiyada çoxmilyonlu azərbaycanlı icması yaşayır, onlar Rusiyanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıqları ilə seçilirlər. Rusiyanın azərbaycanəsilli vətəndaşları fəal seçici və vergiödəyiciləridir. Rusiyanın azərbaycanlı icması iki ölkə arasında siyasi, iqtisadi, mədəni münasibətlərdə körpü, bu əlaqələrin sağlam məcrada saxlanmasının rəhnidir. Ona görə də bu təşkilatı ləğv etmək iki ölkə arasında mövcud olan körpünü dağıtmaqdır. Bunda isə yalnız Rusiyanı və Azərbaycanı sevməyən qüvvələr maraqlı ola blər. Bu qüvvələr də erməni lobbisi və Rusiyada bu lobbinin fəaliyyətini dəstəkləyən marginal siyasi – istisadi qruplardır. Ümumiyyətlə bəzi antiazərbaycançı mərkəzlər ÜAK-ı ölkəmizə qarşı siyasi təzyiq vasitəsinə çevirmək istədilər, ancaq buna nail ola bilmədilər. Rusiyadakı bəzi siyasi texnoloqlar Azərbaycanı sadəcə olaraq qonşu, Ermənistanı isə əsas müttəfiq və Qafqazdakı hərbi bazaları kimi görürlər. Ancaq faktlar və rəqəmlər, iqtisadi dövriyyə və beynəlxalq münasibətlərdə iki ölkənin əməkdaşlığı tamamilə fərqli reallığın olduğunu göstərir. Əlbəttə belə əməkdaşlıq hər iki ölkənin maraqlarına uyğundr. Ona görə də Rusiyanın Ali məhkəməsi bu yanlış qərarını nə qədər tez düzəltsə, bir o qədər yaxşı olar".

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>