Avropa mediasının yeni problemi

"Jurnalistlər də aktyorlar kimidirlər. Başqalarının həyatını, məişətini, problemlərini səhnələşdirir, göstərirlər. Öz qayğılarını isə çox nadir hallarda xatırlayır, yaradıcılıqlarında bu məsələyə təsadüfi hallarda yer ayırırlar. Amma bu, aktyorların və jurnalistlərin qayğısız, problemlərdən kənar həyat sürmələri anlamına gəlmir. Əksinə, onlar həm cəmiyyətin problemlərini daşıyır, yaşayır, həm də özlərinin xarakterik problemlərinin məngənəsində boğulurlar". Fikrin müəllifi, Avropa Jurnalistlər Federasiyasının prezidenti Moqan Bliçer deyir ki, yaşadığımız günlərdə jurnalistikanın problemləri həmişəkindən daha çoxdur: "Hətta problemlər o qədər çoxdur ki, yaxın illərdə peşəkar jurnalistikanın tamamilə sıradan çıxmasının, yerdə yalnız həvəskar xəbər daşıyıcılarının qalmasının şahidi ola bilərik".

Avropa Jurnalistlər Federasiyasının keçirdiyi monitorinqlər nəticəsində məlum olub ki, son beş il müddətində Avropa məkanında media işçiləri ilə media sahibləri arasında "Kollektiv sövdələşmə"lər imzalanmayıb, yaxud, öncə bağlanmış sövdələşmələr yenilənməyib. Bu isə o deməkdir ki, jurnalistlər onlarla "Etik kodeks" çərçivəsində davranılmalı olduğunu ehtiva edən hüquqi sənəddən məhrum olurlar. Media sahəsində tərəflər arasında bağlanılan "Kollektiv sövdələşmə"lərin mühüm bəndlərindən biri budur ki, media sahibi, yaxud redaksiya rəhbəri jurnalisti iradəsinin ziddinə olan material hazırlamağa məcbur edə bilməz. Yəni, jurnalist hesab etsə ki, redaksiya (KİV rəhbəri) tapşırığı əsasında hazırlamalı, yaxud imza atmalı olduğu informasiya "Peşə davranışı prinsipləri"nin ziddinədir, reallığı əks etdirmir, qeyri-obyektiv, qərəzli xarakter daşıyır, onda bu tapşırığı yerinə yetirməkdən imtina edə bilər. Bu imtinaya görə onun cəzalandırılması mümkünsüz idi, çünki "Kollektiv sövdələşmə" jurnalistin hüquqlarının təminatçısı idi. Moqan deyir ki, "Kollektiv sövdələşmə"lərin gündəmdən çıxması Qərb mediasında "Etik standart" izləyicilərinin sıxışdırılması, işdən kənarlaşdırılması, siyasi və kommersiya marağına görə bütün prinsipləri qurban verən media sahiblərinin mövqelərinin güclənməsinə səbəb olub.

Avropada uzun müddət qüvvədə olmuş "Kollektiv sövdələşmə" ənənəsinin sıradan çıxması hakimiyyətlər üçün də əlverişlidir: yalnız pul və siyasi maraq güdən, peşə prinsiplərinə məhəl qoymayan media sahiblərini yönləndirmək asandır. Bu bu baxımdan "Kollektiv sövdləşmə"lərin sıradan çıxmasına göz yumulur, proses stimullaşdırılır: "İndi media sahibləri nəinki etik prinsiplərlə hərəkət etmək istəyən jurnalistləri işdən kənarlaşdırırlar, həmçinin, əmək haqqını azaldırlar, yaxud aylarla gecikdirirlər, jurnalistlərlə istədikləri kimi davranırlar. Dözməyən peşəkarlar iş yerini tərk edirlər, ya da ümumi qaydalara boyun əyirlər. Bu səbəblərə görə redaksiyalar işçi problemi yaşamırlar. Çünki artıq işi yola verməyin yeni forması tapılıb: rəhbərin maraqlarına cavab verən kiçik redaktor heyəti formalaşdırılır. Bu heyət siyasi dairələrdən sifarişlə gələn "analitik materialları", kompromatları, eyni zamanda, sosial şəbəkələrdən götürülən xəbərləri zövqlü redaktə edir, səhifələrini bu tip materiallarla doldururlar. Peşəkar jurnalistlərə və onların hazırladıqları materiallara ehtiyac qalmır. Reportaj hazırlamaq lazımdırsa, bu da problem deyil: şəkil çəkmək bacarığı olan, sifarişlə işləyən şəxslərin siyahısı var əllərində. Nəğd ödənişlə istədiyin qədər material gətirirlər. Bir reportaj üçün "işə götürülən", materialı təhvil verdikdən sonra "işdən çıxarılan" "jurnalist" təbəqəsi – "Qaçaq jurnalistika" formalaşır Avropada. Peşəkar jurnalistlərdən fərqli olaraq, bu təbəqə üçün hazırladıqları materialda peşə prinsiplərinin gözlənilməsi şərti yoxdur. Nəticə budur ki, informasiya məkanı qeyri-obyektiv, qərəzli, yalan, təsdiqlənməmiş məlumatlarla dolub. Avropa və ətrafını, bütövlükdə dünyanı bürümüş problemlərin səbəblərindən biri də budur".

AJF sözçüləri hesab edirlər ki, Avropa qitəsində media sahəsində önə çıxan problemlər və yeni çağırışlar sonradan örnək olaraq çox sürətlə digər ərazilərə də yayılır və qloballaşır. Bu baxımdan qitə ərazisində meydana çıxan problemlər operativ şəkildə  həll edilməlidir ki, sonradan kütləviləşməsin.

P.S. 3 may Beynəlxalq Media Azadlığı Günüdür. Peşə prinsiplərinə sadiq olan bütün həmkarlarımızı təbrik edirəm!

Müşfiq Ələsgərli

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>