Lalə Məmmədova: “Bu məni çox qorxudur…” Fotolar


ANS PRESS Azərbaycanın Əməkdar artisti Lalə Məmmədovanın “Aysel” jurnalına müsahibəsini ixtisarla təqdim edir:

Lalə Məmmədova 1978-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Dillər Universitetini və Milli Konservatoriyanın solo oxuma xanəndəlik sinfini bitirib. Hazırda konservatoriyanın baş müəllimi vəzifəsində çalışır, elmi işçidir. Bu ilin sentyabrında Əməkdar artist adına layiq görülüb. Ailəlidir, bir qızı var.

- İkinci dəfədir jurnalımızın qonağı olursunuz. İlk fotosessiyamız tələsik alınmışdı, amma bu dəfə xüsusi hazırlaşmısınız. İmicinizdəki dəyişiklik nə ilə bağlıdır?
-Yeni imicim dostum, stilist, vizajist Elnur Həsənova bağlıdır. Düzdür, ilk çəkilişdə vaxtın azlığı bizə mane oldu. Amma bu dəfə fotosessiya üçün özəl libaslar seçmişəm, şaftalı və fuksiya rəngli ziyafət paltarlarını. Düşünürəm ki, müğənninin imici oxuduğu mahnılarla mütləq uyğun gəlməlidir.

-Demək mahnılarınızda da dəyişiklik var?
-Mahnılarım ilk gündən xalqa yaxın olub: estrada janrı, milli musiqi, retro mahnılar. Amma deyim ki, son zamanlar mahnılarımda ciddi dəyişiklik olmayıb, sadəcə yeni musiqilər əlavə olunub, əsasən də retro musiqiləri repertuarıma daxil etmişəm.

-Əməkdar artist adı almanız münasibətilə sizi təbrik edirik. Bu xəbər sizin üçün sürpriz oldu, ya gözlənilən?
-Məndən olsa, il boyu bağda qalaram, o zaman (sentyabrın 15-i – red.) yaxınlarımla bağda idim. Dostlarım, musiqiçilər zəng edib təbrik eləməyə başladılar, mənimsə xəbərim yox idi, amma saytlarda bu informasiya yayılmışdı. Saytı açıb gözümlə görəndən sonra inandım. O ərəfə həyatımda ən şərəfli, ən parlaq səhifələrindən biridir. Ürəyimdə hər zaman ümid var idi ki, illərdir göstərdiyim xidmət diqqətdən kənarda qala bilməz. Ümid edirdim ki, mən də nə zamansa o sıralarda olacağam, amma məhz həmin günə təsadüf edəcəyini gözləmirdim. Bu ad mənim üçün böyük məsuliyyətdir, əvvəllər hər hansı səhvə yol verməyim keçərli idisə, artıq çiynimdə məsuliyyətdir.

-33 yaşınız var və həm şəxsi, həm yaradıcı, həm də elmi sahədə çox şeylərə nail olmusunuz, bundan sonrakı hədəfləriniz nədir?
-Bu məni çox qorxudur, əslində, insan arzularla yaşayır. Bir gün arzularımın bitəcəyindən qorxuram. İnanıram ki, arzudan arzu doğur. Bu gün əgər 3-5 ilə nəyisə nəzərdə tutmuşamsa, o planlardan da nə isə yeni diləklər doğacaq.

-Ədəbiyyat İnstitutunun dissertantısınız, işlər nə yerdədir?
-İlin sonuna qədər elmi işimi bitirməliyəm, artıq son səhifələrini yazıram. Onu elmi şurada müzakirəyə buraxmaq niyyətindəyəm. Gələn il güc toplayıb elmi işin müdafiəsinə qalxacağam.

-Balıq bürcündənsiniz, adətən balıqlar özləri üçün bir aləm qurur və orada yaşamaq onlar üçün asan olur, siz hansı aləmin içindəsiniz?
-Maraqlıdır, mənə elə gəlir ki, doğulandan bir aləm içindəyəm. Daxilimdə hiss edirdim ki, mən başqa dünyanın insanıyam. Bəlkə bu, hər bir kəsin içində var. İllər keçdikcə, arzularıma çatdıqca bildim ki, düz hiss etmişəm. O aləmdə ilk növbədə işıq var. O işıq ki, gözümü açıb ətrafa baxmağa kömək olur. Orada gözəl aura var. Deyə bilmərəm onu özüm yaratmışam. Aləmimdə daxili gözəllik var, amma o xarici gözəlliklə də üst-üstə düşməlidir.

-Özünüzü pis, neqativ insanlardan qorumaq üçün nə edirsiniz?
-Həyatımızın müəyyən mərhələlərində olan və sonradan həyatımızı tərk edən insanları pis adlandırmazdım. Onlar sadəcə həyatımıza yuxarıdan göndərilmiş şəxslər idi, missiyalarını gördülər və getdilər. Onları gedəndən sonra pis adlandırmaq olmaz. O insanın həyatımda bir rolu oldu.

-Söhbət konkret insandan gedir?
-Yox, qətiyyən, ümumi danışıram. Aləmimə baş vurub gedənlər inanıram ki, ancaq xoş xatirələrlə gedəcəklər. Çünki bilərəkdən heç kimə pislik edən deyiləm. Bəlkə kimlərinsə səhvini, yaxud mənə qarşı münasibətdə düzgün mövqe tutmadığını üzlərinə deyəndə acıqlarına gəlib. Amma onlar da daxillərində bilirlər ki, mən heç də pis deyiləm.

-Bəs ana kimi özünüzü necə xarakterizə edərdiniz?
-Məncə, övladını hiss eləyən, onu saatlarca görə bilməsəm də evə gələn kimi bir baxışdan onu anlayan anayam. Mən elə analardanam ki, övladı üçün hər şey edib əvəzində heç nə gözləmirəm. Qocalığımı sığortalamaq məqsədilə uşağımı dünyaya gətirməmişəm. Hər şeyin müqabilində heç nə istəməyən anayam.

Mənbə: anspress.com

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>