Aygün Kazımova: “Mən dünyaya plansız gəlmişəm” (Eksklüziv)


Azərbaycanın xalq artisti, sevimli müğənni Aygün Kazımova bu gün ad gününü qeyd edir. Bu münasibətlə ANS PRESS müğənnidən qısa müsahibə alıb.

-Aygün xanım, daxilən özünüzü neçə yaşında hiss edirsiniz?
-Mənim yaşım yoxdur. Ümumiyyətlə, yaşımın neçə olduğunu heç anlamıram. Mənim üçün ad günüm hər zaman böyük bir bayramdır. Əgər yaşımla bağlı stress keçirsəydim və yaxud da illərimin üstünə illər gəlməyini dərd eləsəydim mən ad günümü bayram kimi 40 gün, 40 gecə keçirməzdim. Çünki mən yaşımı heç hiss eləmirəm.

-İki böyük planeti öz adınızda birləşdirmisiniz. Adınızın həyatınızda böyük rol oynamasına inanırsınız?
-Əlbəttə inanıram. Deyirlər, insana ad qoyanda xüsusi diqqətlə yanaşmaq lazımdır. Bizdə belə bir ənənə var, rəhmətə getmiş baba-nənənin adını yeni doğulmuş körpəyə verirlər. Mən bildiyimə görə bu, düzgün deyil. Çünki ölən insanın həyatında olan problemlər, keçirdiyi xəstəliklər, hətta nədən dünyasını dəyişməsi adını daşıyan nəvə-nəticəsinə keçir. Məsələn, bacım və qardaşımın adı nənəmin, babamın adıdır, Xanım, Kazım və sairə. Mənim adım isə Ay və Gündən götürülüb. Bu adın mənə qoyulmasının çox maraqlı tarixçəsi var. Mən dünyaya plansız gəldiyimdən əvvəlcədən ad fikirləşməyiblər. Doğulandan sonra anam, nənəm oturub fikirləşirmişlər ki, bu uşağa nə ad qoyaq. Bu barədə danışırmışlar. Bacım da bu zaman həmin otaqda yatırmış. Mən təzə doğulanda bacımın 5 yaşı vardı. Yuxudan oyanıb “Aygün” deyir və yenidən üzünü çevirib yatır. 100 faiz mənim adımın həyatıma birbaşa təsiri var. Hamı mənə ulduz deyəndə, deyirəm ki, mən ulduz deyiləm, baxın mən Ay və Günəm. Ulduz mənim yanımda çox kiçikdir.

-Yəqin elə buna görədir ki, “Ay” və “Günəş” simvollarına çox önəm verirsiniz. Hazırda sırğalarınızın biri aydır, biri günəş.
-Səhnə dekorasiyasında, səhnə geyimlərimdə, aksessuarlarımda bu iki simvollardan həmişə istifadə edirəm. Əlimdə bu simvolların döyməsi var. Dünyada elə bir insan yoxdur ki, Ay və Günün mənasını bilməsin. Müsəlman olmağıma baxmayaraq, adımın təsirini hiss edirəm.

-Maşallah həmişə gözəlsiniz, son vaxtlar isə daha da gözəlləşmisiniz? Bildiyimizə görə, həyatınızda sevgi var.
-Əlbəttə var. Mənim kimi qadını sevməmək olar? Və yaxud da mənim kimi qadın sevməyə bilərmi? Təbii ki, mən hər zaman sevilirəm və hər zaman sevmişəm.

-Sözsüz ki, sevgi yaşamaq yaradıcılığınıza müsbət təsir göstərir.
-Sevgi hansı qadına müsbət təsir göstərmir ki? Hamı kimi mən də.

-Sonuncu plastik əməliyyatdan təzə çıxmısınız. Neçənci əməliyyatdır?
-İnanın, sayını unutmuşam.

-Aygün xanım, inciməyin, bir söz deyəcəm. Bəzən adamın inanmağı gəlmir, bu qədər əməliyyat etdirmək olar?
-İnanmırsınız? Baxın, (paltarının altındakı karsetləri göstərir) hələ də karsetlə gəzirəm ki, səhnədə hərəkət edəndə əməliyyatın yeri çox ağrımasın. Bir də ki, canım mənim, mən hər dəfə bir yerimi kəsdirmirəm. Elə olsa məndə bir şey qalmaz ki…

-Aygün xanım, cərrahiyyə əməliyyatlarının səhhətinizə mənfi təsiri olmur?
-Həkimlər də sizin kimi düşünür. Amma analizlərin, müayinələrin cavabını görəndə təəccüblənirlər.

-Hər dəfə narkoz qəbul etmək əsəblərdə, yaddaşda öz izini mütləq buraxır. Yaddaşsızlıq probleminiz yoxdur?
-Beynimi yükləmirəm və mənim üçün ən vacib olanları yadımda saxlamaqla kifayətlənirəm. Lazım gələndə əsəblərimi də cilovlamağı bacarıram.

Aygün xanımı ad günü münasibətilə ANS PRESS-in bütün kollektivi adından təbrik edirik. Ona möhkəm can sağlamlığı, çoxlu sevgi və yaradıcılıq uğurları arzulayırıq!

Mənbə: anspress.com

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>